"Eurovision" müsabiqəsinə gələnlər üçün gəmilər ayrılıb

"Eurovision 2012" mahnı müsabiqəsinə gələn şəxslərin yerləşdirilməsi üçün gəmilər də ayrılıb.Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, bu məqsədlə üç gəmi ayrılıb."Həmin gəmilər sahildə - Yaxta Klubunun yanında dayanıb. Gəmilərdə kifayət qədər sayda qonaq yerləşdirmək mümkün olar. Hər gəmidə ən azı 100 nəfər yerləşdirmək mümkündür", - Bağırov əlavə edib. AzTA sədri "Eurovision 2012" müsabiqəsinə gələn rəsmi nümayəndə heyətlərinin mehmanxanalarda yerləşdirilməsi prosesinin normal getdiyini deyib. O, bildirib ki, indiyədək mehmanxanalarda 5000-ə yaxın qonaq yerləşdirilib. Qonaqların yerləşdirilməsi üçün kifayət qədər əlavə yerlər də qalıb."Rəsmi nümayəndələrin, demək olar ki, böyük hissəsi yerləşib. Hər şey normal qaydada, heç bir problem olmadan həyata keçirilir", - Bağırov əlavə edib. O qeyd edib ki, mayın 13-dən etibarən rəsmi nümayəndələr üçün turlar da təşkil olunur. Bu gün bəzi rəsmi nümayəndələr Bakı-Şamaxı-Qəbələ marşrutu üzrə yola çıxıblar.
Qonaqların hamısının onlara göstərilən diqqət və xidmətdən razı olduğunu deyən AzTA sədrinin sözlərinə görə, qonaqlar üçün həm də gündə 2 dəfə Qobustana, gündə 2 dəfə Abşerona, gündə 1 dəfə isə Bakı-Şamaxı-Qəbələyə turlar təşkil olunur. Bağırov bələdçilərlə bağlı problemin olmadığını qeyd edib. O bildirib ki, "Eurovision"a gəlmiş qonaqlara xidmət göstərmək üçün kifayət qədər bələdçi var. "Mədəniyyət və Turizm Nazirliyinin treninqlərindən keçmiş və sertifikat almış bələdçilər var. Yalnız AzTA tərəfindən bu tədbirlərə 20-30 bələdçi cəlb olunub", - o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31