“Eurovision-2012”-nin səhnə dekorasiyası və digər avadanlıqlar Bakıya gətirilib

Mahnı müsabiqəsi zamanı dəmir yolu vağzalında və avtovağzallarda əcnəbi qonaqların qarşılanması üçün Turizm İnformasiya Mərkəzi yaradılıb

May ayında Bakı şəhərində "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsilə əlaqədar ölkənin nəqliyyat - yol kompleksində bir sıra tədbirlər həyata keçiriləcək. Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, tədbir müddətində nəqliyyatın ahəngdar fəaliyyətinin və daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə nəqliyyat naziri Ziya Məmmədovun müvafiq əmrinə əsasən "Tədbirlər Planı" təsdiq edilib. "Tədbirlər Planı"nda "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsilə bağlı dəmir yolunda da bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Müsabiqə müddətində dəmir yolu vağzalı və avtovağzalda sərnişinlərə operativ xidmət göstərilməsi məqsədilə geniş taksi və avtobus dayanacaqları təşkil ediləcək. Beynəlxalq marşrutda hərəkət edən sərnişin qatarı heyətləri tərəfindən əcnəbi qonaqlara sərhəd-keçid məntəqələrində prosedur qaydalarının izah edilməsi məqsədilə məlumat bürosu operatorları, diktorlar, zal növbətçiləri, bilet kassirləri, rəsmi nümayəndələr zalının növbətçiləri və beynəlxalq marşrutda hərəkət edən sərnişin qatarlarının vaqon bələdçiləri və qatar rəisləri üçün xarici dil kursları təşkil ediləcək. Bakı və Sumqayıt sərnişin stansiyalarında, Gəncə vağzalında səsli məlumatların azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin ediləcək. Tədbir müddətində Bakı-Tbilisi-Bakı turist qatarının istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda Gəncə şəhərində yerləşdirilmiş əcnəbi qonaqların tədbir günlərində, istəklərinə uyğun olaraq, "Ekspress" turist qatarları ilə Bakı şəhərinə gətirilməsi təşkil ediləcək. Artıq tədbir müddətində dəmir yolu vağzalında və avtovağzallarda əcnəbi qonaqların qarşılanması, onlara zəruri köməklik göstərilməsi və müvafiq məlumatın verilməsi üçün Turizm İnformasiya Mərkəzi yaradılıb. Bakıda keçiriləcək 57-ci "Eurovision-2012" mahnı yarışmasının səhnə dekorasiyası, reklam şitləri, işıqlandırma avadanlıqları və səhnə tərtibatına aid olan digər avadanlıqlar artıq Bakıya gətirilib. Avadanlıqlar Almaniyadan Bakıya 98 ədəd konteyner vasitəsilə Keşlə stansiyasına gətirilb və "Bakı Kristalzalı"na daşınıb. İyun ayında gətirilən avadanlıqların geriyə qaytarılması təmin ediləcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31