Bakının möhtəşəm funikulyoru istifadəyə verilir

Bakı funikulyorunun sakinlərin ixtiyarına verilməsinə az vaxt qalıb. Milli.Az-ın məlumatına görə, hazırda təmir işlərinin son mərhələsi aparılır. Funikulyorun stansiyaları tamamilə şüşədən yığılıb və piramida formasındadır. Təmir çərçivəsində funikulyorun köhnə relsləri təzələnib. Bununla bağlı yeni vaqonlar alınıb və yaxın günlərdə gətiriləcək. Ərazidə olan zaman işçilər ətrafın abadlaşdırılması və daş döşəmələrin vurulması ilə məşğul olurdu.İş icraçısından öyrənə bildik ki, funikulyor müasir standartlara uyğun hazırlanıb. Funikulyorun tikintisində istifadə edilən konstruksiyaların müəyyən hissəsi İsveçdən gətirilib.Səbail Rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, funikulyor mayın 10-dək təhvil verilməlidir. Hazırda işlər yekunlaşma mərhələsindədir.Xatırladaq ki, Bakı funikulyoru 1960-ci il mayın 5-də istifadəyə verilib. İki stansiyası olan funikulyorun stansiyalarının arasındakı məsafə 455 metrdir. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasındakı bu məsafədə lift rolunu oynayan funikulyor istifadəyə verildiyi gündən bu günə qədər Bakı sakinlərinin və paytaxtımıza gələn xarici qonaqların diqqət mərkəzində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31