Səsin sehri

( Böyük və əvəzolunmaz şəxsiyyət, milyonların sevgisini qazanmış görkəmli müğənni Niyaməddin Musayevə )

Od dolu "Şahnaz"la odlanıb canın,
            Yayılıb aləmə şöhrətin, şanın.
            Canlı heykəlisən Azərbaycanın -
            Coxları öyrənib səndən, qardaşım!

Coxu bihuş olur oxuyanda sən,
            Muğamı xalı tək toxuyanda sən,
            Yandırıb yaxırsan oxuyanda sən -
            Söz açma kədərdən, qəmdən qardaşım!

Ayaqlar altında kilimdi dünya?
            Sənin yox, mənim yox, kimindi dünya?
            Bəlkə  bir qırllanı simindi dünya -
            Gəl belə oxuma bəmdən qardaşım!

Günəş qaranlığı boğar haçansa,
            Şəfəqli bir səhər doğar haçansa,
            Boranı - şaxtanı qovar haçansa -
            Çıxarıq dumandan, çəndən qardaşım!

Səsində dünyanın xəritəsi var,
           Bahar ürəyində həyat səsi var.
           Ömründə minlərin xatirəsi var -
           Bu da bir xatirə məndən, qardaşım!


Əmir Pəhləvan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31