Qənirə Paşayevanın anası qızının şəxsi həyatı haqqında nə dedi?
“Hara gedirik, Qənirənin barəsində o sualla rastlaşırıq”
5 Noyabr 2012 09:33 Mədəniyyət"Atası Qənirəni güclə sakitləşdirdi, yat qızım, dedi, mütləq qayıdacaq..."
Millət vəkili Qənirə Paşayevanın anası Tehran Paşayeva ilə müsahibə
"Səhərə qədər yataqdan qalxıb soruşdu"
... Dörd övladım var. İlk övladım oğlandır, Hüseyn adlandırdıq. İkinci övladım Qənirə xanımdır, üçüncü Aslan, sonbeşiyim Kəmalədir. Bilirsiniz, həyatda heç nə öz-özünə yaranmır. Hər şeydə genetik kod rolunu oynayır. Onun atası çox humanist idi. Uşaqla uşaq, böyüklə böyük, hamının dərdinə yanan bir insan idi.
...Qənirənin uç yaşı var idi. İndi filmin adını dəqiq xatırlamıram, deyəsən fransız filmiydi. Orda bir epizod var idi. Kişi öz övladını harasa aparır qoyur, özü isə işləməyə gedir. Və ata-bala ayrılanda bir-birlərinə baxırlar. Bu qız uşaq aləmində o məqamı dərk edə bilmişdi. Filmdən sonra bir neçə dəfə atasından soruşdu: "Ata, o uşağın atası qayıtmayacaq?" Atası Qənirənin güclə sakitləşdirdi, yat qızım, atası mütləq qayıdacaq...
...Səhərədək bir neçə dəfə yuxudan qalxıb soruşdu: "Ata, onun atası qayıtdı?"
... Gülləri çox sevirdi. Məktəbə gedənədək qonşulardan gül aparıb qucağını doldururdu. Ürəyi gedirdi güllər üçün. Deyinirdim, ay qızım, bəsdir bu qədər gülü qucağına yığdın, yerə tökülə-tökülə necə yolu gedəcəksən?
... Maşallah, çox boylu-buxunlu, sağlam idi. Hətta yadımdadır, biz onu bir il əvvəl hazırlığa qoymuşduq. Sonra gördük ki, artıq şeirlər deyir, proqramı mənimsəyib. Fikirləşdik ki, elə bir il əvvəldən birinci sinfə getsin. Məktəbin direktoru həyat yoldaşım idi. Özüm də elə orada kimya müəlliməsi çalışırdım.
"Həddindən artıq diqqəti cəlb edən idi"
... Həddindən artıq diqqəti cəlb edən idi. Kiminlə desən dil tapırdı. Müəllimlər də, kənar adamlar da da, qohumlar da onu çox istəyirdi. Məktəbi bitirəndə 16 yaşı tamam deyildi. Fiziki işlərdə də qabaqcıl idi. O vaxt Sovet dövründə məktəbdən məktəbliləri məhsul yığımına yollayırdılar. Dayım qızı ilə ikisi 120-130 vedrə üzüm yığırdı. Şəxsən mən o qədər işi görə bilməzdim. Rəhmətlik anam çox kaprizli idi, hər işi bəyənməzdi. Lakin onun etdiklərini bəyənirdi. Çox qoçaq qız idi.
... Həyat yoldaşımgil filoloqdur. Qənirə uşaqlıqdan şeir yazırdı. Fortepiano dərsinə gedirdi. Şahmatı məharətlə oynayırdı. Ona həmişə "Nona Qaprinadşvili" ( Gürcüstanın şahmat üzrə 6 qat dünya çempionu - L.Y) deyirdilər. Məktəb vaxtı yaradıcılıq gecələrinin aparıcısi idi. Hər sahədə həmişə o biri uşaqlardan üstün olub. Uşaqlıqdan bir xasiyyəti var idi. Dostlarından kimi gözüyaşlı görsə, əlindəki oyuncağını ona bağışlardı. İndinin özündə hara gedirsə, ən az şeyi özü üçün alar. Kim ondan nə istəyirdi, etiraz etmirdi. Aldıqlarını qaytarmayanda da bir söz demirdi. Bir dəfə Kəmalə Qənirənin xalası qızına verdiyi sırğanı geri almışdı ki, niyə qaytarmırsan axı, bu mənim bacımındır! J
Onda ərköyünlükdən əsər-əlamət yox idi.
... Kəmalə ərköyün olub, böyük oğlumu nənəsi böyüdüb, onda da ərköyünlük var. Kiçik oğlumun da bir fərqli xarakteri var. Kəmalə də bəzən zarafatla deyir ki, biz bütün uşaqlar Qənirənin hüququnu əlindən almışıq. Hamı ondan anlayış gözləyib. Şərait də olmayıb ki, o ərköyünlük etsin. Lakin uşaqlar heç vaxt bacılarını qısqanmayıblar. Həyat yoldaşım Ələsgər müəllim də uşaqları məktəbdəki digər şagirdlərdən fərqləndirməyib.
... Mən anamın yeganə qızıyam. Özümü tərifləmək olmasım, güclü təhsilim olub, anam həkim olmağımı istəyirdi, lakin mən təbiətcə kövrək olduğuma görə, həkim ola bilmədim. Anamın arzusu həyata keçsin deyə, Qənirənin həkim olmağını istədim. Belə deyə-deyə arzumu yerinə yetirdi. Lakin onu yaradıcılıq öz ardınca apardı. Bəzən deyirəm ki, qızım, arzumu yerinə yetirmək üçün bu qədər vaxt itirdin. Deyir yox, bu da lazım idi.
İnterna müddətində bir il işlədi. Həkim kimi fəaliyyəti olmadı. İndi ailədə həkimlik edir.
... Bizim ailəmiz həmişə demokratik olub, əslində Qənirənin həkimlik təhsili almağı ciddi tapşırıqla olmamışdı, etiraz etsəydi, məcbur etməyəcəkdim. Onu təhsilini başa vuranda başa düşdüm ki, insanlar yarananda onların sənət missiyası Allah tərəfindən verilir. Qabiliyyətləri nədirsə, istiqamətləri də o tərəfə gedir.
O zaman da "ANS" yeni-yeni fəaliyyətə başlayırdı və müsabiqə elan etmişdilər. Günlərin bir günü atasına dedi ki, "ANS"in səhər efirinə bax. Baxdıq ki, proqramda Qənirənin reportajı gedir. Əslində o vaxtlar jurnalist xanımların fəaliyyəti indiki kimi qəbul olunan deyildi. Ona görə də, atanın fikri onun üçün çox önəmli idi. Atam etiraz etmədi.
... İraqdan çəkiliş edəndə qohumlarımızdan biri Qənirəni Əlcəzair kanalından görmüşdü. O vaxt gedəndə bizə demişdi ki, Suriyaya çəkilişə gedir. Heç nəyi məsləhtsiz etmir. Sadəcə bilirdi ki, biz o səfərə razılıq verməzdik. Əslində biz icazə verməsək də, o gedəcəkdi. Qənirənin əgər idealı Janna Dark idisə.. Ölümdən qorxmur. Həmişə deyir taleyimdə ölüm varsa öləcəm.
"Hər insanın səhvi olur, məni düz başa düşün..."
... Qohum-əqrəbanın toyuna, nişana apara bilmirdik onu. Kiçik qızlar adətən analarının ayaqqabılarını geyir, kosmetikasından istifadə edir. Qənirə bu standartlardan kənar olub. Onda belə hallar olmayıb. Həmişə əlində kitab gəzirdi. Böyük oğlum da güclü riyaziyyatçıdır. Onun şuluqluğu olurdu. Ona "oxu" demək lazım idi, baxmayaraq ki, fitri istedad idi. Lakin Qənirəyə isə "nə qədər oxumaq olar" deyirdik. Qohum toylarında bir saatdan çox onu görmək olmaz.
... İşləri çox olsa da, sosialdır. Dost-tanışı çoxdur. Lakin kitab oxuma adəti Qənirəni gəzintilərə, yığıncağa, dost məclisinə aparmağa imkan verməyib. Kəmalə də bu sarıdan problem yoxdur. O hara gedirsə-getsin, mütləq qayıdıb yarım saat da olsa, kitab oxumalıdır. Hətta rəfiqələrindən biri onun trenajorunun üstündə kitab görüb.
... Qənirənin əmisi Qəzənfər Paşayev çox gözəl insan, alim idi. Onun nəsil üçün çox böyük rolu olub. Evimizdə həmişə yaradıcı mühit olub, çoxlu yaradıcı insanların əhatəsinə böyüyüb, onların söhbətlərini eşidib övladlarım. Elm görüb, elmlə də məşğul oldular.
...Bir dəfə Tovuza gedəndə vəziyyəti maddi vəziyyəti ağır, bir xəstə qadın görüb. Gedib qollarını çirmələyib onun evini yığışdırıb. Sonra öz cibinin pulunu verib, qohum-əqrabadan, sürücüsündən də axırıncı pullarını borc alıb o xanıma verib, deyib yaxınlara ki, Bakıya gedəndə qaytararam. Yolda özünə 20 qəpiklik su pulu belə saxlamayıb. Bu misallar tez-tez təkrarlanır. Hər bir insanın səhvi olur, məni düz başa düşün bu sözləri tərifləmək üçün demirəm...
"Özünə də deyirəm, belə olmaz, bu insanın qanı xarabdır!"
... Sevmədiyim bir xüsusiyyətini qeyd edim. Özünə də deyirəm: səndən çox razıyam, bu qədər qayğının içində ailəni, ananı unutmursan, lakin bəzən elə insanlar olur ki, onları layiq olduğundan üstün tutursan. Belə olmaz. Bu insanının qanı xarabdır. Yenə pisliyə davam edəcək...
Elə insanlar var ki, onların taleyini yaxşıya dəyişdirəcək bir yaxşılıq edir, əvəzində elə pislik görür ki, bir dəfə ağzını açıb demir ki, o insana bunu etdim, lakin əvəzində mənə haqsızlıq elədi.
Bəzən Kəmalə deyir, mama filankəsi sabah evimizin başında əziz adam kimi görsəm, çaşmaram...
Deyir mən olmasam da, başqa birinin əli ilə Allah ona yol açacaq. Qoy, mən bunu edim...
"Qızımın şəxsi həyatı üçün narahatlıq keçirmirəm"
... Qızımın şəxsi həyatı üçün çox narahatlıq keçirmirəm. Ağlı başındadır, onunla ailə qurmaq istəyən də çoxdur. Görünür ya qisməti gəlməyib, ya da ruh əkizini tapmayıb. Mən onun fikrini çəkməyib. "Kimyagər" əsərinin müəllifinə vaxtilə hamı gülüb ki, səndən yazıçı olmaz, indi onun kitabları "online" üzərindən də milyonlarla satılır. Kitabın sonunda bir cümlə var: Dünyanı bir əl idarə edir, o da Allahın əlidir. Hər şeyi Allah-Təala həll edir. O, bu taleyi yaşamalıdır. Mənim onu danlamağımla bir şey olmaz. O öz ruhunun adamını tapa bilməyib. Ona bu barədə nə ağıl öyrədə bilərəm ki?
...Çox tez insanlara inanır. Bəzən elə adamlar əl uzadır ki, o əldən kimsə xeyir görməz. Bir də çox tələsən və tələbkardır. İstəyir nəyi o bacarıb edirsə, hamı da o cür etsin. Bu da təbii ki, mümkün deyil. Sağlamlığını düşünmür.
... Ailədə uşaqlarımın arasında xırda narazılıqların olmaması imkansızdır. Lakin Allaha min şükür, onlar çox mehribandılar. İki şeydən qaçmaq lazımdır: eqoizmdən, paxıllıqdan. Bunu övladlarıma da təlqin eləmişəm.
Üzümüzə qarşı Qənirənin barəsində mənfi fikirlər eşitməmişik. Təbii ki, ətrafda fikirlər müxtəlifdir. Somaliyə gedəndə də müəyyən söhbətlər oldu. Şərə- böhtana cavab vermək məcburiyyəti hiss etmirik. Bir dəfə xoşagəlməz bir fikrə məntiqlə elə cavab verdim ki, o adamın daha sözü qaldı. İnsan kimi başa saldım ki, çərçivədən çıxma. Qənirədə o xüsusiyyət yoxdur. Özü deyir ki, belə hallar olmalıdır.
"Qənirə tək qalmağı sevmir"
...Qənirə tək qalmağı sevmir. Hər bir insanın çevrəsi var. Onun kimlərlə daha yaxın dostluq etdiyini, bölüşdüyünü deyə bilmərəm, lakin mütləq ki var. Ambisiyalı insan deyil. Tarixdəki obrazları özü üçün ideallaşdırırdı.
"Hara gedirik, Qənirənin barəsində o sualla rastlaşırıq"
...Onun qəfildən çəkisinin azaltmağının xüsusi bir səbəbi yox idi. Qənirəni tanıyanlar bilir ki, əvvəllər də o, artıq çəkili olmayıb. Lakin müəyyən müddətdən sonra o, kökəldi və sonra arıqlamağa qərar verdi. Xüsusi pəhriz və idmanla çəkisini azaltdı. Hara gedirik, Qənirənin barəsində o sualla rastlaşırıq: niyə arıqladı?
Lalə Yusifqızı Publika.Az