Gənc Tamaşaçılar Teatrının aktyoru cəzalandırıldı

“Mən xəstə olduğuma görə işə gəlməmişəm"

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Mirzə Ağa Mirzəyevə teatrın direktoru Mübariz Həmidov töhmət verib. Publika.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb aktyorun tamaşaya gəlməməsi olub. Belə ki, bir neçə gün öncə teatrda dramaturq Əli Əmirlinin iki hissəli lirik komediyası əsasında xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi "M.S.S. - Mən səni sevirəm" tamaşasının nümayişi baş tutub. Tamaşada öncədən elan olduğu kimi, Mirzə Ağa Mirzəyev iştirak etməli idi. Gənc aktyora bu barədə xəbərdarlıq olunsa da, o heç bir izahat vermədən tamaşaya gəlməyib. Onun rolunu isə həmin gün təsadüfən teatrda olan dublyoru Eşqin Quliyev ifa edib. Mirzə Ağa Mirzəyevə onunla bağlanan müqavilənin 3.3-cü bəndini pozduğuna, işinə məsuliyyətsiz yanaşdığına və üzrsüz səbəbdən tamaşaya gəlmədiyinə görə töhmət verilib. Belə bir halın təkrarlanacağı halda daha ciddi tədbirlərə  əl atılacağına dair xəbərdarlıq edilib.    
Məsələ ilə əlaqədar Mirzə Ağa Mirzəyevin də fikrini öyrəndik. Gənc aktyor əvvəlcə məlumatı təkzib etdi. Ona əmri oxuduğumuzu deyəndə isə belə cavab verdi: "Mən xəstə olduğuma görə işə gəlməmişəm, rəhbərliyə də xəbərdarlıq etmişəm".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31