Qənirə Paşayeva : “… izinsiz daxil olmayın!”
19 Oktyabr 2012 20:57 MədəniyyətSiz heç bir şəhərə (ölkəyə) girməzdən öncə və ya girən zaman o torpaqda yaşayan (və ya nə vaxtsa yaşamış) vəlilərdən, övliyalardan, müqəddəslərdən icazə istədinizmi? Məsələn, elə hava limanından şəhərə (ölkəyə) çıxarkən bir anlıq dayanıb o şəhərə (ölkəyə) baxaraq daxilən o şəhərdə yaşamış (yaşayan) vəlilərə, övliyalara qabaqcadan salam yolladınızmı? (Düşünüdüzmü, bu şəhər bəlkə o vəlilərin, övliyaların üzü hörmətinə zamana inad duruş gətirmiş, ayaqda qalmışdır.!?) Onlardan, daxilən şəhərə (ölkəyə) daxil olarkən xeyir-dua, icazə istədinizmi? Və sizə xeyir-dua, icazə verdiklərini hiss etdinizmi? Hiss etdinizcə necə hiss etdiniz? Onların nə dediklərini duydunuzmu? Sonra o şəhərdə yaşadıq¬larınızla hansısa paralellik apardınızmı?
...Əgər indiyə qədər etməyibsinizsə mütləq bunu sınaqdan keçirin. Özəlliklə bir müddət bir ölkə və ya şəhərdə təhsil alan tələbələr, işləməyə gedənlər və təbbi, ilk sırada yaradıcı insanlara bunu sınaqdan keçirməyi məsləhət görərdim. Bunun nə qədər fərqli bir şey olduğunu görəcəksiniz. Sözlə anlatması belə mümkün olmayan bir ruh olayıdır bu...
Mən də öncələr bunu etməzdim... ta ki, Şəms Təbrizinin öyküsünü oxuyanadək... Onun öyküsünü oxuduqdan sonra "salam"ımı göndərib gedirəm və inanılmaz... bəlkə ancaq İlahi güclə izah ediləcək mənzərə açılır qarşımda, o şəhərin (o ölkənin) məni necə qarşılayacağını, burada yaşaya biləcəyim həyatı, məni gözləyən havanı, şəhər ovqatını öncədən hiss edirəm, sanki...
Yəqin sizə maraqlıdır hansı öyküdən danışıram... Elə isə, biz deyək, oxuyan gözlər, dinləyən qulaqlar var olsun! -
Belə nəql edirlər ki, Şəms Təbrizi bir şəhərə girməzdən - şəhər qapılarından keçməzdən öncə bir müddət dayanar, daxilən o şəhərdə yaşamış və yaşayan bütün vəlilərə qabaqcadan salam yollayar, onlardan xeyir-dua istəyərmiş. Yəni şəhərə daxil olmağa icazə istəyərmiş və ancaq onların icazə verdiyini ruhən duyduğu zaman şəhərə daxil olarmış. İlk dəfə ona fərqli münasibət göstərən Konya şəhəri olub. Konya vəliləri onun çağırışına susqunluqla cavab verdikdə Şəms Təbrizi ona niyə icazə vermədiklərini soruşur. Sən demə vəlilər və onların dünyasını dəyişənlərinin ruhu sadəcə Şəmsin gələcək aqibətindən qorxduğu üçün tərəddüd keçirirlərmiş. Az keçmiş Şəms onların cavabını eşitməyə başlayır. "Sənə icazə veririk", deyirlər, "amma biləsən ki, səni bu şəhərdə daban-dabana zidd iki şey gözləyir. Ortası yoxdur. Ya saf eşq, ya qatı nifrətlə qarşılanacaqsan. İstəyirsən bunu bir düşün" Şəms heç düşünmədən "Bir halda ki, saf eşq var, yetər" deyir... Bu saf eşq ona həyatı bahasına başa gəlsə də, o eşqi seçir. Şəmsin onu Konyada gözləyən taledən xəbəri vardı...
Sadəcə birini söyləyəcəm. Mənim bir könül dostum vardı. - Şəms aşiqi... O, da İstanbula girməzdən öncə xeyir-dua və icazə istəmişdi. Ona da Şəmsə verilən cavaba yaxın bir cavab gəlmişdi: "Ya saf eşq, ya bir ömürlük kədər, aci, gözyaşı, rədd edilmə... Orta yoxdu" demişdilər. Şəms aşiqi könül dostum da Şəms kimi "Bir halda ki, saf eşq var, yetər" demişdi...
Çox ağrı, acı çəkdi, göz yaşı tökdü, amma yenə, yenə də doğru cavabı söylədiyinə inanırdı. Gerçəkdən də eşq onu çox dəyişdirmişdi. Hətta sanki başqa bir adama çevirmişdi... Daha gözəl, daha səmimi, daha anlayışlı... Gözlərinin dərinliyində İstanbulu yandıra biləcək qədər dərin bir kədər də vardı onun, İstanbulu fəth edə biləcək qədər də böyük bir sevda da... Amma qarşısındakı könülü fəth etmək İstanbulun fəthindən də çətin idi... Peşman da deyildi. "Yenidən İstanbul məni eyni sualla qarşılasa, eyni cavabı verərəm" deyir...
P.S. O, da Şəms kimi düşünmədən, həmən cavab vermişdi, sanki cavabını illər öncəsi hazırlamış kimi... Nə vaxtsa belə bir durumla üzləşsəniz, siz də eynisinimi edərsiniz, bilmirəm, amma dostum deyirdi ki, sanki insan illərlə bu sualın cavabını gəzdirir özü ilə və cavabını o dəqiqə verir...
... Hər cavabın öz anı, hər anın öz cavabı varmış məgər... lent.az