Buranovlu nənələr İjevskidə yaşayan azərbaycanlıların qonağı olub
Zülfüqar Mirzəyev: “Biz istəyirik ki, “Buranovski babuşki” qrupu Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsində yüksək yer tutsun”
10 May 2012 14:17 MədəniyyətRusiyanın Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində Udmurtiya azərbaycanlılarının "Dostluq" cəmiyyətinin Bakıda keçiriləcək "Eurovision 2012" Mahnı Müsabiqəsinin rusiyalı təmsilçiləri "Buranovlu nənələr" ("Buranovski babuşki") folklor qrupunun şərəfinə böyük tədbir keçirib. Bu barədə İjevskidə yaşayan iş adamı, Udmurtiyada yaşayan azərbaycanlılarının "Dostluq" cəmiyyətinin sədr müavini Zülfüqar Mirzəyev məlumat verib. "Eurovision 2012" Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük uğur, ciddi hadisə olduğunu deyən Z.Mirzəyev "Dostluq" mərkəzinin xətti ilə Udmurtiyada rus, udmurt və Azərbaycan xalqlarının dostluq əlaqələrinin inkişaf etdirilməsindən, bu və digər sahələrdə görülən işlərdən danışıb: "Musiqi, müxtəlif mədəniyyət nümunələri xalqları bir-birinə daha yaxından tanıdır, millətlər arasında dostluq, qardaşlıq toxumu səpir, yaxşı münasibətləri inkişaf etdirir. "Buranovski babuşki" qrupu ilə görüşlərimizin ideyası da buradan yaranıb. Bu bizim üçün ikiqat sevindiricidir. Çünki "Buranovski babuşki" qrupu da bizim yaşadığımız Udmurtiyadandır, digər tərəfdən isə biz onları doğma Azərbaycanımıza yola salırıq. Biz istəyirik ki, "Buranovski babuşki" qrupu Bakıda keçiriləcək "Eurovision 2012" Mahnı Müsabiqəsində yüksək yer tutsun. Bunun üçün əlimizdən gələn köməkliyi göstərəcəyik".