Mayın 13-də “Eurovision 2012”-nin məşqləri başlayır
18 Aprel 2012 20:20 MədəniyyətAzərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012"-nin "Bakı Kristal Zalı"nda məşqlərinə mayın 13-də start veriləcək. Lent.az-ın "eurovision.az" saytına istinadən verdiyi xəbərə görə, artıq Bakıdakı "Eurovision" şousunun məşqləri və təmsilçilərin mətbuat konfransları ilə bağlı müvafiq cədvəl hazırlanıb. Mayın 13-dən etibarən hər gün ənənəvi məşqlər keçiriləcək. İlk məşqdə Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya iştirak edəcək. Həmin tarixdən etibarən hər gün saat 11:00-dan 20:15-ə kimi məşqlər keçiriləcək. Mayın 19-na kimi birinci və ikinci yarımfinal mərhələlərində çıxış edəcək ölkələr məşq edəcək. Hər gün "Bakı Kristal Zalı" səhnəsində 9 təmsilçi məşqə çıxacaq. Mayın 26-da keçiriləcək final mərhələsində birbaşa çıxış edən 6 ölkənin ilk məşqi isə mayın 19-da baş tutacaq. Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Səbinə Babayeva həmin gün saat 17:00-da ilk məşqini edəcək. Təmsilçimizin ikinci məşqi mayın 20-də keçiriləcək. Hər iki yarımfinal və final mərhələsinin əsas məşqləri şoudan bir gün əvvəl baş tutacaq. Xatırladaq ki, 57-ci Eurovision Mahnı Müsabiqəsində 42 ölkə iştirak edir. Hər yarımfinalda 18 ölkə yarışacaq və iki yarımfinaldan ümumi olaraq 20 ölkə finala vəsiqə qazanacaq. Finalda isə birincilik uğrunda mübarizəyə 26 ölkə təmsilçisi qoşulacaq.