Rəfael Hüseynovun “İmzamız. Sənət düşüncələri” adlı kitabı işıq üzü görüb
8 May 2012 18:44 MədəniyyətAzərbaycan ədəbiyyatı və mədəniyyətinin, eləcə də Şərqin söz və sənət tarixinin görkəmli tədqiqatçısı, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun "İmzamız. Sənət düşüncələri" adlı kitabı işıq üzü görüb. AMEA mətbuat xidmətinin məlumatına görə, 800 səhifəlik kitabda "Bizliyimiz" adlı ön sözdə Azərbaycanın zəngin incəsənəti, onun şah əsərləri, bu sərvəti yaratmış parlaq sənətkarları millətin və ölkənin tarixə həkk olunmuş imzası kimi qiymətləndirilir. "İzimiz" adlandırılmış birinci fəslində Azərbaycan rəssamlığının keçdiyi tarixi yol araşdırılır, Azərbaycanın milli kimliyinin ifadəsi olan xalça sənətimiz, tikmələrimiz, milli bayramlarımızın hər biri ayrıca təhlil edilir, bu tədqiqatların müstəvisində Azərbaycanın mənəvi zənginliyinin başlıca istiqamətləri müəyyənləşdirilir. Əsərdə milli kinomuzun 100 ildən artıq olan macəralı inkişaf yolu, ozan-aşıq, qopuz-saz sənətimizin 1300 ildən uzun zaman məsafəsi adlamış tükənməz irsi, rəqslərimiz, milli oyunlarımız və xalq meydan teatrı ənənələri müfəssəl şəkildə izlənilir. Kitabda tarixi əhəmiyyət kəsb edən çoxlu fotolar da yer alıb ki, onların böyük hissəsi ilk dəfə çap olunur. Kitabın elektron versiyası da hazırlanıb. ("OLAYLAR"İA)