Yesentukidə Əyyub Quliyevin konsertləri keçirilib
7 May 2012 17:34 MədəniyyətYessentuki şəhərinin F. Şalyapin adına Konsert zalında və A. Skryabin adına Qafqaz Mineral Suları Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin konsertləri keçirilib. Əyyub Quliyev "OLAYLAR"a bildirib ki, konsertlər Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Qafqaz Mineral Sularının Federal Dövlət Filarmoniyası tərəfindən təşkil olunub. Konsertlərin proqramı müxtəlif məktəb və yaradıcılıq istiqamətlərinə aid olan bəstəkarların ispan mövzusuna həsr edilmiş əsərlərindən ibarət olub. "İspan simfonik obrazları" adını almış konsert proqramına dünya musiqi mədəniyyətinin şedevrlərindən hesab edilən nümunələr - rus bəstəkarı Mixail Qlinkanın "Madriddə gecə" adlı 2 saylı simfonik uvertürası, fransız bəstəkarı Jorj Bizenin "Karmen-süitası", habelə rus bəstəkarı Nikolay Rimski-Korsakovun "İspan kapriççiosu" daxil edilib. Konsertin əsas hadisələrindən biri isə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Don Kixot" simfonik qravürlərinin ifası olub.