Nəzakət Teymurova “Çox uzun deyil, bu həyat…” dedi

Xalq artisti Nəzakət Teymurova Beynəlxalq Muğam Mərkəzində "Çox uzun deyil, bu həyat..." adlı solo-konsert verib. Gün.Az-ın məlumatına əsasən, solo-konsertdə xalq artistləri - Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, şair Ramiz Rövşən, bəstəkar Tahir Əkbər, sənətşünas-alim Sənubər Bağırova və digərləri iştirak ediblər. Xanəndəni səhnədə "Xarı Bülbül" instrumental muğam qrupu ansamblı müşayiət edib. Qrupun rəhbəri əməkdar artist Əliağa Sədiyev olub. Nəfəs alətlərində N.Teymurovanı əməkdar artist Şirzad Fətəliyev, kamançada Elnur Mikayılov, kanonda Çinarə Mütəllibova, udda Şəhriyar İmanov, tarda Qalib Həşimov, nağarada Kamran Kərimov, Eyvaz Həşimov və Hüsaməddin Əzizov müşayiət ediblər. Nəzakət Teymurova konserti "Çahargah" təsnifi ilə açıb. Daha sonra o, "Mahur", "Segah", "Şur", "Humayun" təsniflərini ifa edib. Xalq artisti birinci ifadan sonra qonaqları salamlayıb.
Danışmağı o qədər sevməyən xanəndə həyəcanlı olduğunu gizlətməyib.
"Mən bu yaxınlarda İtaliyadan səfərdən qayıtmışam. Orada da çıxış edərkən bir az həyəcan keçirirdim. Ona görə də fikirlərimi çatdırmağa çətinlik çəkirəm. İtaliyada da bildirdilər ki, siz danışmayın oxuyun. O üzdən mən danışmayım, oxusam yaxşı olar. Xanəndənin işi oxumaqdır".
Konsertdə xalq artistinin ustadı Arif Babayevin iki təsnifini də ifa edib. N.Teymurovanın hər ifasından sonra tamaşaçıların davamlı alqışları səslənirdi. Hətta konsertin repertuarı tam bitdikdən sonra tamaşaçılar xanəndədən "Qarabağ" şikəstəsini səsləndirməsini xahiş ediblər.
Zal bir ağızdan "Qarabağ şikəstəsi" deyərək Nəzakət Teymurovanı məhz bu muğamını oxumasını istəyiblər. Xalq artisti də tamaşaçıların istəyini yerinə yetirib. Tamaşaçılar onun ifasını ayaq üstə alqışlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31