Valyutadəyişmə məntəqəsinə hücum edən azərbaycanlı saxlanıldı - Rusiyada
26 Mart 2019 16:25 KriminalHadisə Smolenskdə qeydə alınıb.
Rusiyada 2017-ci ildə valyutadəyişmə məntəqəsinə basqında iştirak etməkdə və qətldə ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.
Glavnayatema.com saytına istinadən verilən məlumata görə, hadisə Smolenskdə baş verib.
2017-ci il oktyabrın 24-də səhər Kaşen küçəsində valyuta mübadiləsi ilə məşğul olan şəxsə iki nəfər hücum edərək, onu bıçaqlayıb. Cinayətkarlar 400 min rubl da götürərək, hadisə yerindən qaçıblar. Bıçaqlanan şəxs xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hücumda iştirak edən şəxslərdən biri postsovet ölkələrinin birində saxlanılıb. Rusiya İstintaq Komitəsi həmin şəxsin Azərbaycan vətəndaşı olduğu və Rusiyaya ekstradisiya edildiyi barədə məlumat yayıb. Artıq ona qarşı ittiham elan edilib və məhkəmə barəsində həbs qərarı çıxarıb.
Valyutadəyişmə məntəqəsinə hücumda iştirak edən ikinci şəxs hələ də axtarışdadır. (ONA)