Sərhədçilər narkotik qaçaqmalçılarını yaxaladılar

Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş iki cəhdin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, belə ki, Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvana gələn 1979-cu il təvəllüdlü İran vətəndaşı Golsanamlou Peiman Moharram oğlunun idarə etdiyi 15 A 827 dövlət nömrə nişanlı Renault markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman daş yükünün içərisində şübhəli təsvirlər müəyyən olunub. 15 A 838 nömrə nişanlı qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış həyata keçirilib. Bu zaman 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8,169 kq narkotik vasitə - tiryək aşkar edilərək götürülüb. Narkotik gizlədilmiş avtonəqliyyat vasitəsinin Naxçıvan MR ərazisindən tranzit keçməklə Türkiyə üzərindən Avropaya gedəcəyi müəyyən olunub.

Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü ölkə vətəndaşı Həsənova Nəzakət Qafar qızı Naxçıvan MR-ya gələrkən şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvündən 46,8 qram həşiş, 21,2 qram marixuana, 4,6 qram metamfetamin aşkarlanaraq götürülüb. Hər iki fakt üzrə Naxçıvan DGK-nın İstintaq bölməsi Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31