Beynəlxalq bankın iki vəzifəli şəxsinin cəzası azaldıldı

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri Rüfət Muradov və Anar Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, onların apelyasiya şikayətləri qismən təmin olunub.

Rüfət Muradovun cəzası 7 ilə, Anar Vəliyevin isə cəzası 6 ilə endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Muradov 8 il, Anar Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rüfət Muradovla Anar Vəliyev vəzifədə işlədikləri dövrdə müştərilərin vəsaitini tamah yolu ilə mənimsəyiblər. Hər iki təqsirləndirilən şəxs zərərçəkmişlərə qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31