Dövlət sərhədini pozmaq istəyən 5 əcnəbi saxlanıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən 5 Şri-Lanka vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı alınıb. DSX-dən "Olaylar"a verilən məlumata görə, 17 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən Şri-Lanka vətəndaşları 1991-ci il təvəllüdlü Micheal Fernando Romos, 1995-ci il təvəllüdlü Senrobert Ronik­san, 1992-ci il təvəllüdlü Navaratnam Kajamugan, 1994-cü il təvəllüdlü Anton Mariyadas Pilipraj və 1995-ci il təvəllüdlü Penad Mo­hanraj Mathusan sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 16 dekabr 2018-ci il tarixdə rəsmi qaydada Birləşmiş Ərəb Əmirliklərindən Sarja-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Şri-Lanka vətəndaşları dövlət sərhədini pozaraq İrana, oradan isə Türkiyəyə keçmək niyyətində olduqlarını bildiriblər. Sərhəd pozucuları barəsində cinayət işi başlanılmış və barələrində "həbs" qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31