Enerji şoku qlobal iqtisadiyyatı sarsıda bilər-Azərbaycan da risk altındadır- ÖZƏL

" ABŞ-İran qarşıdurmasının artıq hərbi-siyasi müstəvidən çıxaraq enerji və ticarət müharibəsinə çevrilməsi qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır. Xüsusilə Hörmüz boğazında gəmiçilik fəaliyyətinin kəskin azalması məsələnin miqyasını daha da böyüdür. Hazırda boğazdan keçən neft və LNG axınının müharibədən əvvəlki səviyyənin yalnız təxminən dörddə birinə qədər düşdüyü bildirilir. Hörmüz qlobal neft və LNG daşımalarının təxminən 20 faizinin keçdiyi strateji marşrutdur".

Bu fikirləri iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlamasında söyləyib:

" Burada əsas məsələ təkcə neftin bahalaşması deyil. Enerji bahalaşması nəqliyyat xərclərini, elektrik enerjisinin maya dəyərini, gübrə və ərzaq qiymətlərini artırır. Nəticədə inflyasiya yüksəlir, mərkəzi bankların faizləri aşağı salmaq imkanları məhdudlaşır və iqtisadi artım zəifləyir. Yəni enerji şoku bir müddətdən sonra bütün iqtisadiyyat üzrə xərc şokuna çevrilir.
Bu proses Azərbaycana da ikitərəfli təsir göstərə bilər.
Bir tərəfdən, neftin dünya bazarında bahalaşması Azərbaycanın ixrac gəlirlərini və dövlət büdcəsinin neft gəlirlərini artıra bilər. Bu, ilk baxışda müsbət amildir. Digər tərəfdən isə Azərbaycan xalis idxalçı olduğu məhsullar üzrə daha yüksək logistika, yanacaq və sığorta xərcləri ilə üzləşə bilər. Xüsusilə ərzaq, gübrə, sənaye xammalı və digər idxal məhsullarının qiymətində əlavə artım riski yaranır.

Azərbaycan üçün daha böyük risk isə enerji qiymətinin yüksək olmasına həddindən artıq arxayınlaşmaqdır. Neftin 90 dollar ətrafında olması və ya daha yüksək qiymətlər Azərbaycan iqtisadiyyatında struktur problemlərini həll etmir. Əksinə, yüksək neft gəlirləri qeyri-neft sektorunda islahatların təxirə salınmasına səbəb olarsa, bu, uzunmüddətli perspektivdə yeni risk yaradacaq. Hazırkı geosiyasi böhran bir daha göstərir ki, iqtisadi təhlükəsizlik yalnız neft satmaqla təmin edilə bilməz. ABŞ-ın İrana qarşı yeni sanksiyalarının da təsiri yalnız İran iqtisadiyyatı ilə məhdudlaşmır. Vaşinqton artıq İranla biznes əlaqələrini davam etdirən ölkə və şirkətlərə qarşı təzyiqi genişləndirmək niyyətini nümayiş etdirir. Bu isə beynəlxalq ticarətdə qeyri-müəyyənliyi artırır, şirkətləri alternativ marşrutlar və təchizatçılar axtarmağa məcbur edir.
Əgər qarşıdurma uzun müddət davam edərsə, dünya iqtisadiyyatında ən təhlükəli ssenari stagflyasiya ola bilər: yəni eyni vaxtda yüksək inflyasiya və aşağı iqtisadi artım.
Hazırda qlobal iqtisadiyyatın müəyyən müqavimət imkanları var. Alternativ enerji mənbələri, ABŞ neft hasilatı, strateji ehtiyatlar, enerji səmərəliliyinin artması və bəzi ölkələrdə bərpa olunan enerjiyə keçidin sürətlənməsi şoku müəyyən qədər yumşaldır. Məsələn, IMF 2026-cı il üçün qlobal iqtisadi artımı təxminən 3 faiz səviyyəsində qiymətləndirir. Lakin enerji ehtiyatlarının azalması və qarşıdurmanın qış aylarına qədər uzanması inflyasiya təzyiqini yenidən gücləndirə bilər.

Mən hesab edirəm ki, hazırkı mərhələdə bunu avtomatik olaraq yeni qlobal iqtisadi böhran adlandırmaq tezdir. Lakin böhranın qlobal maliyyə böhranına çevrilməsi üçün lazım olan mexanizmlər artıq formalaşır: enerji təchizatında fasilələr, yüksək inflyasiya, bahalaşan logistika, faizlərin yüksək qalması, ticarət marşrutlarının pozulması və investisiya qərarlarında qeyri-müəyyənliyin artması.

Əgər Hörmüz Boğazında normal gəmiçilik bərpa olunmasa və qarşıdurma daha geniş regional müharibəyə çevrilsə, artıq söhbət sadəcə neft böhranından yox, qlobal təchizat zəncirlərinin və beynəlxalq ticarətin sistemli şəkildə pozulmasından gedəcək.
Azərbaycan üçün isə əsas dərs çox sadədir: belə dövrlərdə neftin bahalaşmasına sevinmək kifayət deyil. Ölkə enerji gəlirlərinin artımını iqtisadiyyatın şaxələndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, ərzaq və sənaye təhlükəsizliyinin gücləndirilməsinə və qeyri-neft ixracının artırılmasına yönəltməlidir.
Çünki geosiyasi böhranlar bitir, neft qiymətləri yenidən dəyişir. Amma böhran zamanı iqtisadiyyatın nə qədər dayanıqlı olduğu məhz böhran başlamazdan əvvəl yaradılmış iqtisadi modeldən asılıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31