Turist deyil, iqtisadi güc: Alman bazarı Azərbaycana nə qazandırır?- ÖZƏL
13:35 İqtisadiyyat" Almaniya kimi ödəmə qabiliyyəti yüksək və ildə 70 milyondan çox xaricə səfər edən bazarda keçirilən tanıtım tədbirləri Azərbaycana birbaşa və dolayı iqtisadi təsir verir. Birbaşa təsir turist xərcləridir. Almaniyadan gələn turist orta hesabla bir səfərdə 1200-1500 avro xərcləyir. Bu pula aviabilet, otel, restoran, bələdçi, suvenir, nəqliyyat, ekskursiya daxildir. 2026-cı ilin ilk üç ayında gələn 5 024 nəfər təxminən 6-7.5 milyon avro, yəni 11-13 milyon manat civarında vəsait xərcləyib. Tədbirlərdə iştirak edən 100-dən çox alman turoperatoru Azərbaycanı paketlərinə salsa, bu rəqəm ilin sonuna 25-30 min turisti keçə bilər. Onda birbaşa turizm gəliri 30-45 milyon avroya, yəni 55-80 milyon manata çatar. Bu pul kiçik və orta biznesə - otellərə, restoranlara, nəqliyyat şirkətlərinə, regionlardakı qonaq evlərinə, bələdçilərə, xalça və sənətkarlıq işi satanlara paylanır. Hər 30 turist təxminən 1 yeni iş yeri yaradır, ona görə 30 min turist 1000-ə yaxın mövsümi və daimi iş yeri deməkdir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Dolayı təsir daha genişdir. Alman turistlər əsasən mədəni, təbiət və sağlamlıq turizminə üstünlük verir. Onlar Qobustan, Şəki, Lahıc, Xınalıq, Şahdağ, Naftalan kimi yerlərə gedir. Bu da regionlarda iqtisadi aktivlik yaradır, kənd yerində gəlir mənbəyi formalaşdırır. Alman bazarı həm də imicdir. Alman turoperatoru Azərbaycanıın turpaketlərıni satsə, digər Avropa ölkələri də inanır. Beləliklə, Avstriyadan, İsveçrədən, Niderlanddan gələnlərin sayı da artır. Üstəlik alman turist ilboyu gəlir. Yayda dağ yürüşü, payızda şərab və mədəni tur, qışda Şahdağ, yazda Novruz və Formula.
Bu da mövsümiliyi azaldır, otellərin doluluğunu sabit saxlayır. Tanıtım tədbirlərinin real gəlirə çevrilməsi üçün B2B (turizmdə iki iş tərəfi arasında keçirilən peşəkar görüşdür) görüşlər satışa dönməlidir. Bunun üçün alman turoperatoruna konkret məhsul lazımdır: qiyməti bəlli, tarixi dəqiq, vizası asan, uçuşu rahat paket. Vürzburq, Frankfurt, Trirdə keçirilən görüşlər məhz bu məqsədi güdür. Əgər oradakı 100 şirkətin 20-si belə Azərbaycanı kataloquna salsa və hər biri ayda 50 turist göndərsə, il ərzində 12 min əlavə turist deməkdir.
Almaniyadan gələn turist sayında 76,5 faizlik artımın davamlı olması üçün bir neçə iqtisadi və infrastruktur addım vacibdir.
Birincisi, birbaşa uçuşlardır. Hazırda Bakı-Frankfurt reysi var, amma həftədə 3-4 dəfədir və qiymət bahadır. Münhen, Berlin, Hamburq istiqamətlərinə də birbaşa və ya loukost reyslər açılsa, turist sayı kəskin artar. Alman turist aktarma reyslərdən qaçır, 5-6 saatlıq birbaşa uçuş istəyir. AZAL və Lufthansa ilə danışıqlar, yeni istiqamətlərə subsidiya mexanizmi vacibdir.
İkincisi, viza və sərhəd proseduru. Alman vətəndaşı üçün ASAN Viza ilə 3 günə elektron viza var, bu yaxşıdır. Amma aeroportda sürət, QR kodla keçid, alman dilində məlumat lövhələri prosesi asanlaşdırar. Turist ilk 20 dəqiqədə ölkə haqqında rəy formalaşdırır.
Üçüncüsü, xidmət standartlarıdır. Alman turist dəqiqlik, təmizlik, alman və ya ingilis dilində məlumat, zəmanətli xidmət istəyir. Regionlardakı otellərdə, qonaq evlərində, restoranlarda standartlaşma, ulduzlama, personalın dil və servis təlimi keçməsi lazımdır. "Halal", "vegetarian", "eco" sertifikatlı məkanların sayı artmalıdır. Almanlar ekoloji və davamlı turizmə çox həssasdır.
Dördüncüsü, rəqəmsal infrastruktur. Booking, Expedia, GetYourGuide kimi platformalarda Azərbaycan turları çoxalmalı, ödəniş sistemləri rahat işləməlidir. Google Maps-də marşrutlar, taksi tətbiqləri, ictimai nəqliyyatda kartla ödəniş alman turistin gözlədiyi minimumdur. Şahdağ, Tufandağ, Qəbələ kimi yerlərdə internet və bankomat şəbəkəsi güclənməlidir.
Beşincisi, məhsul şaxələndirilməsi. Alman bazarı üçün İpək Yolu, alman irsi - Helenendorf, vinçilik turları, Qafqaz dağlarında hiking, palçıq vulkanları, Naftalan müalicəsi kimi niş məhsullar paketlənməlidir. "Azərbaycan 7 gündə" klassik turdan çıxıb "Şəki-Qax-Zaqatala 5 günlük hiking", "Cənub bölgəsi sitrus və çay turu", "Qobustan-Qala-Arxeoloji tur" kimi ixtisaslaşmış proqramlar lazımdır. Qış turizmi üçün Şahdağda alman məktəblərinin tətil vaxtına uyğun kampaniyalar keçirilə bilər.
Altıncısı, marketinqin davamlılığı. Bir dəfə tədbir keçirməklə turist axını saxlamaq olmur. Almaniyada ITB Berlin, IMEX Frankfurt sərgilərində daimi iştirak, alman dilli influenser və jurnalist turları, "Deutsche Welle", "Geo Saison" kimi jurnallarda PR vacibdir. Turoperatorlara satışdan faiz, birgə reklam dəstəyi verilsə, onlar daha həvəslə satar.
Yekunda, Vürzburq, Frankfurt, Trirdə keçirilən tədbirlər düzgün hədəfə atılan addımdır. Amma bu tədbir bilet satışı ilə bitməməlidir. Uçuş, viza, otel, bələdçi, rəqəmsal xidmət zənciri bütöv işləyəndə 76,5 faizlik artım 2026-da 100 faizi də keçə bilər. Əks halda artım bir-iki illik statistikadan o yana getməz. Turist gəlir, bəyənməsə qayıtmır və başqasına da məsləhət görmür. Alman bazarı keyfiyyətə çox həssasdır, bir dəfə inam qazananda isə illərlə stabil gəlir gətirir".
Zeynəb Mustafazadə