İnvestisiya mühitində yeni dövr: Ekoloji təhlükəsizlik və dövlət nəzarəti ön plana çıxır – ÖZƏL

Milli Məclis "İnvestisiya fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Sənəd dövlət başçısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. 
Dəyişikliyə əsasən, indiyədək investisiyalar yalnız dövlət ehtiyacları və fövqəladə hallar (rekvizisiya) zamanı kompensasiya ödənilməklə alına bilirdisə, yeni qaydada strateji əhəmiyyətli investisiyalar milli maraqlara zidd olduğu müstəsna hallarda da dövlət tərəfindən alına biləcək. Bu halda da investorlara qanunvericiliyə uyğun kompensasiya ödənilməsi nəzərdə tutulur.

"Hesab edirəm ki, bu dəyişiklik zəruridir. İnvestisiyalarla bağlı kifayət qədər həssas məqamlar var idi və həmin məqamların tənzimlənməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi vacib idi. Məsələn, Azərbaycan Respublikasının coğrafi mövqeyi və ekoloji təhlükəsizlik prinsipləri nəzərə alınmalıdır. Hər hansı xarici şirkət Azərbaycanda investisiya qoyaraq mədən sənayesində fəaliyyət göstərə bilər və bu fəaliyyət ətraf mühitə, eləcə də yaxın ərazidə yaşayan vətəndaşların sağlamlığına və həyatına müəyyən təhlükələr yarada bilər. Bunun bir nümunəsini Gədəbəy rayonunda müşahidə etmişdik; orada ciddi ekoloji vəziyyət yaranmışdı. Belə hallarda həm Azərbaycan xalqının, həm də dövlətin mənafelərini qoruyan konkret hüquqi mexanizmin mövcudluğu zəruridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli deyib. Ekspert bildirib ki, digər tərəfdən, Azərbaycanın ekoloji baxımdan Xəzər dənizi ilə bağlı həyata keçirdiyi mühüm layihələr var. Bu layihələrə zərər vura biləcək xarici investisiyalar da istisna deyil. Xəzərdə karbohidrogen yataqlarının işlənməsi zamanı, xüsusilə Azərbaycan sahillərində, dənizin flora və faunasına zərər dəyə bilər. Bu isə həm dövlətin, həm də xalqın mənafelərinə zidd addım kimi qiymətləndirilməlidir və məhz qanunvericilik çərçivəsində tənzimlənməlidir. Söhbət yalnız təbiətdən getmir. Atmosferin çirkləndirilməsi də eyni dərəcədə ciddi məsələdir. Xarici investisiyalar əsasında yaradılan sənaye və istehsal müəssisələri respublika ərazisində ekoloji risklər formalaşdıra bilər. Bu cür təhdidlərin qarşısının alınması dövlətin və cəmiyyətin maraqları baxımından hüquqi əsas tələb edir.

İqtisadçının sözlərinə görə, məsələ yalnız ekoloji təhlükəsizliklə məhdudlaşmır. Xarici investorlar Azərbaycanda fəaliyyət göstərərkən reklam və informasiya siyasətində də dövlətin və xalqın mənafelərinə zidd addımlar ata bilərlər. Məsələn, qida sənayesi, yüngül sənaye və ya digər xidmət və istehsal sahələrində çalışan xarici şirkətlər öz reklam materiallarında ölkənin maraqlarına uyğun olmayan təşviqat və ya məlumatlar yayımlaya bilərlər. Bu kimi hallar da qanun çərçivəsində tənzimlənməlidir. Lakin burada ən ciddi məqam ondan ibarətdir ki, qanuna edilmiş dəyişikliklərin detalları ictimaiyyətə tam və aydın şəkildə açıqlanmır. Bu isə müəyyən çaşqınlıq və tərəddüdlər yaradır. Halbuki Azərbaycanın əsas strateji iqtisadi hədəflərindən biri xarici investisiyaların ölkəyə cəlb edilməsidir. Son 5 il ərzində Azərbaycana təxminən 5 milyard dollara yaxın xarici investisiya cəlb olunub ki, bu da böyük iqtisadi potensial nəzərə alındıqda kifayət qədər aşağı göstəricidir. Üstəlik, xüsusilə 2024-2025-ci illərdə xarici investisiya qoyuluşlarında təxminən 29 faiz azalma müşahidə olunub. Belə bir şəraitdə qanunvericiliyə edilən dəyişikliklər investorlar üçün risk əmsalını artıra və əlavə narahatlıqlar yarada bilər. Ona görə də hesab edirəm ki, qanuna edilmiş dəyişikliklərin mahiyyəti və detalları ictimaiyyətə daha aydın formada təqdim edilməli, bu istiqamətdə maarifləndirici addımlar atılmalıdır. Şəffaflıq təmin olunarsa, bu dəyişikliklər ölkənin xarici investorları cəlb etmə siyasətinə mane olmaz, əksinə, hüquqi mühitin daha aydın və proqnozlaşdırıla bilən olmasına töhfə verə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31