ABŞ-nin neft şirkətləri niyə Venesuela xam neftinin hasilatının artmasına qarşı çıxmırlar?- ÖZƏL

ABŞ təxminən gündəlik 13.5-13.6 milyon barel xam neft hasil edir, 16-17 milyon barel daxili istehlak (təlabat) üçün istifadə edilir və təxminən 8 milyon barel xam neft idxal edir, 4 milyon barel isə ixrac edir. Qeyd edim ki, idxalın 60%-i Kanada neftidir. Mövzu xam neft olduğu üçün ABŞ-nin neft emalı zavodlarında istehsal etdiyi neft məhsulları, onların ixracı və sair bu kimi göstəricilərə toxunmuram. 
Bəs ABŞ niyə belə edir? Bu halda onun Venesuela neftinə öncəki yazılarımda qeyd etdiyim 2 səbəbdən (1. Neft qiymətlərini aşağı salmaqla inflyasiyanı azaltmaq, bununla da dolların faiz dərəcələrinin aşağı salınmasına nail olmaqla büdcə kəsirini (hər il 1 trilyon dollara yaxın dövlət borcuna görə büdcədən faiz ödənilir) aşağı salmaq. 2. Aşağı neft qiymətləri ilə Rusiyaya təzyiqi artırıb Ukrayna məsələsində geri çəkilməyə məcbur etmək) başqa nə ehtiyacı var? Ümumiyyətlə belə bir ehtiyac varmı? Aşağı neft qiymətləri neft şirkətləri üçün zərər deyilmi? Nə üçün ABŞ-nin neft şirkətləri Venesuela xam neftinin hasilatının artmasına qarşı çıxmırlar? Hətta Trampın neft şirkətlərinin rəhbərləri ilə görüşü zamanı ExxonMobil şirkətinin rəhbəri investisiya qoyuluşuna qarşı olmadıqlarını, lakin indiyə qədər ABŞ neft şirkətlərinin Venesuelada investisiyalarının 2 dəfə müsadirə olunması ilə bağlı narahatlığını (burada incə eyhamla həm uzunmüddətli təhlükəsizlik zəmanəti istənilir, həm də müsadirə olunan vəsaitlərin Venesuela tərəfindən kompensasiyası) bildirdi. Suallar çoxdur, cavablarını tapmq üçün isə bu dəfə mürəkkəb neft dünyasına baş vuraq. 
Bildiyimiz kimi bütün ölkələrin nefti növ və keyfiyyətinə görə fərqlidir. Məlumat üçün qeyd edim ki, neft əsasən iki əsas meyarla təsnif olunur: sıxlıq və kükürd tərkibi. Bu meyarlara görə yüngül, orta, ağır (bəzən də çox ağır) və "şirin (az kükürdlü), turş (çox kükürdlü)" növləri var. Sıxlıq, elmi dillə desək API gravity 31°-dən çox olan neft yüngül, 22°-31° arası orta neft, 22°-dən az olan neft isə ağır neftdir. Yüngül neftdən daha çox benzin, təyyarə yanacağı, ağır neftdən isə mazut, bitum (asfalt) və digər neft məhsulları əldə olunur. Orta növ benzindən isə dizel və sair neft məhsulları əldə olunur. Kükürd tərkibinə görə isə şirin (az kükürdlü, ekoloji üstün, ucuz emal) və turş (çox kükürdlü, bahalı emal, ekoloji risk) növlərinə bölünür. Qeyd edim ki, AzeriLight markalı neftimizin sıxlığı, yəni API gravity təxminən 34-35°, yəni yüngül neft, kükürd tərkibi isə 0.15%, yəni şirin neftdir. Bu iki müsbət komponentin birləşməsin səbəbindən AzeriLight markalı neftimiz Brent markalı neftdən də baha satılıb və satılır. Qeyd edim ki, bu təsnifat dünya bazarında qiymət formalaşdırma və emal texnologiyası baxımından standart təsnifatdır. Lakin bəzi ölkələr və təşkilatlar əlavə meyarlar da istifadə edirlər. Məsələn:
* Viskozluq və parafin tərkibi - xüsusilə ağır neftlərdə (Venesuela, Kanada).
* Metalların tərkibi (vanadium, nickel) - bəzi ağır neftlərdə emal çətinliyini artırır.
* Fraksiya çıxışı (yield) - yəni neftdən hansı məhsullar (benzin, dizel, mazut) daha çox alınır.
* Regional markerlər - məsələn, Brent, WTI, Dubai, Urals - bunlar API və kükürd göstəricilərinə əsaslansa da, bazarda ayrıca "növ" kimi qəbul edilir.
Ümumiyyətlə neft siyasətində, satış və qiymət formalaşmasında növlərin rolu böyük olduğu üçün ümumi təsəvvürün formalaşması üçün bu məlumatı diqqətinizə çatdırmaq istədim. Lakin, ABŞ-nin neft siyasətini və baş verənləri daha aydın dərk etmək üçün bu siyasətin əsas tərkib hissəsi olan ölkələrin hasil etdiyi neftin növ və tərkiblərinə də ayrı-ayrılıqda nəzər salmalıyıq. Mövzunun mərkəzində olan Venesueladan başlayaq. Venesuela neftinin sıxlığı (API gravity) təxminən 8-16°, yəni ağır neft, kükürd tərkibi isə təxminən 2-4%, yəni turş neftdir. Bunu nəzərimizdə saxlayaq. 
ABŞ şist neftinin göstəriciləri və növü: sıxlığı (API gravity) təxminən 40-50°, çox yüngül neft və kükürd tərkibi təxminən 0.2-0.4%, yəni əsasən şirin neft. 
Hər bir ölkə kimi ABŞ-yə də həm yüngül, orta və ağır neft, həm də şirin və turş neft və həmin növ neftlərdən əldə olunan neft məhsulları lazımdır. Yəni, məsələn, həm benzin, təyyarə yanacağı, həm də bitum, mazut lazımdır. ABŞ özünün yüngül və şirin neftini daha baha qiymətə ixrac edir, özünə ağır neftdən əldə olunan məhsulların istehsalı üçün lazım olan ağır və turş xam nefti isə ixrac qiymətindən 10-20 dollar daha ucuz idxal edir. Arayış: netfdən birbaşa distillə fraksiyalardan 10-12 növ (benzin, kerosin, dizel, mazut, bitum, koks, parafin, sürtkü yağları, LPG, nafta və sair), petrokimya emalı nəticəsində isə 500-dən çox, bəzi mənbələrdə 1000-ə yaxın (plastik, gübrə, sintetik kauçuk, deterjan, boya, solventlər və s.) məhsul hazırlanır.
ABŞ-də onlarla neft emalı zavodu var. Bu zavodların bir çoxu isə Meksika Körfəzinin sahillərində, Texas ştatında yerləşir. ABŞ neft emalı zavodları və neft borularının xəritəsi diqqətinizə çatdırılır. Deməli, ABŞ neft emalı zavodları üçün Meksika Körfəzi vasitəsilə (əlavədəki digər xəritədən daha aydın təsəvvür olunur) Venesuela neftini idxal edib emal etmək daha sərfəlidir. Bir faktın da nəzərə alınması vacibdir ki, məhz Meksika Körfəzi ətrafındakı bu neft emalı zavodları daha çox ağır neftin emalı üçün nəzərdə tutulub və ağır nefti emal edir. Beləliklə, ABŞ həm öz bahalı şist neftini daha çox ixrac edə və yaxud daha çox emal edərək bahalı neft məhsullarını ixrac etməklə daha çox qazana bilir. İdxal-ixrac fərqindən daha çox qazanc + daha çox neft emalından daha çox qazanc. Onu da qeyd edim ki, ABŞ öz şist neftinin kiçik hissəsini xam neft şəklində ixrac edir, böyük hissəsini emal edir, daha bahalı neft məhsulları ixrac etməklə daha çox dəyər yaradır. Yəni, neft şirkətləri neft qiymətlərinin aşağı enməsi nəticəsində itirdiklərini qeyd etdiyim bu əməliyyatlar və (Venesuelada) daha çox hasilat və (ABŞ-də) daha çox emal hesabına kompensasiya etmiş olurlar. Bu səbəbdən ExxonMobil şirkəti iqtisadi deyil, siyasi risklərin olduğunu nəzərə çatdırmışdır. 
İndi isə son günlərin gündəmini zəbt etmiş İran hadisələri fonunda İran neftinə nəzər salaq. İranda isə həm yüngül, həm də ağır neft hasil olunur: 
1) İran Light neftinin sıxlığı (API gravity) təxminən 33-34°, yəni yüngül neft, kükürd tərkibi isə təxminən 1.5%, yəni turş neftdir. Bu cür neft daha çox benzin və dizel çıxışı verir, amma kükürdün təmizlənməsi tələb olunur; 
2) İran Heavy (ağır neft) sıxlığı (API gravity) təxminən 28-30°, yəni orta-ağır neft, kükürd tərkibi isə təxminən 1.8-2%, yəni turş neftdir. Yəni, daha çox mazut və ağır fraksiyalar çıxarır, emalı nisbətən çətindir. Nəzərə alaq ki, ABŞ-nin neft emalı zavodları hər iki növ nefti rahat şəkildə emal etmək imkanına sahibdir. Deməli, İran neftinin dünya bazarına çıxması hər iki növ neftin tələbatına xidmət edən faktordur. 
İndi isə daha bir vacib suala cavab verməyə çalışaq. Nə üçün SSRİ Venesuelanı Kuba vasitəsilə ələ keçirməklə (öncəki yazımda hazırda da Venesuelada kubalıların təsir və nüfuzlarının yüksək olduğunu, vəzifələrdə çoxlu kubalıların olduğunu, hətta Maduronun mühafizəçilərinin əksəriyyətinin kubalı olduğunu (öldürülən 40 mühafizəçidən 32-si kubalı idi və Kubada milli yas elan olunmuşdu) qeyd etmişdim) neft sənayesinin öncə (1976) milliləşdirilməsinə, növbəti mərhələdə isə çökməsinə səbəb olmuşdu və Rusiya da bu siyasəti demək olar ki, davam etdirirdi? Bu suala cavab tapmaq üçün Rusiya neftinin xüsusiyyətlərinə nəzər salaq. Rusiyada da əsasən üç növ neft hasil olunur (Arayış: tərkiblərinə görə daha çox neft hasil oluna bilər. Lakin, Rusiyada hasilatda daha çox aşağıdakı 3 növ müstəq üstünlük təşkil edir. Eyni fikir İran daxil olmaqla digər ölkələrdə hasil olunan neft növlərinə də aiddir): 
1) Sibir yüngül nefti (Siberian Light) sıxlığı (API gravity) təxminən 36°, yəni yüngül neft, kükürd tərkibi təxminən 0.5%, yəni şirin-turş sərhədində. Bu neft daha keyfiyyətli olub benzin və dizel çıxışı yüksəkdir. İxracda Urals qədər geniş yayılmasa da Asiya bazarına yönəldilir;
2) ESPO Blend (Şərqi Sibir - Sakit okean) sıxlığı (API gravity) təxminən 34-35°, yəni yüngül neft, kükürd tərkibi təxminən 0.5%, yəni şirin-turş sərhədində. Xüsusilə Sakit okean limanları vasitəsilə Çin və Asiya bazarına ixrac olunurdu; 
3) Rusiya (Urals) sıxlığı (API gravity) təxminən 30-31°, orta neft, kükürd tərkibi təxminən 1.3-1.8%, yəni turş neft. Rusiyada ən çox hasil olunan bu neft əsasən Volqa-Ural və Qərbi Sibir yataqlarından gəlir, daha çox mazut və dizel çıxışı verir, amma kükürdün təmizlənməsi tələb olunur. Vurğulamaq yerinə düşər ki, Rusiyanın hasilatının böyük hissəsi bu qarışıqdan ibarətdir və ixracda da əsas payı tutur. Məhz bu neftin əsas rəqibi Venesuela neftidir. Bu səbəbdən SSRİ əslində Venesuelanın üzünə gülə-gülə onun neftini, yəni öz rəqibini dünya bazarından incə bir hiylə ilə çıxartmışdı. Gördüyümüz kimi, Venesuela nefti Rusiya neftini dünya bazarından təkcə kəmiyyət deyil, həm də növ, keyfiyyət göstəricilərinə görə də tam əvəz edən bir neftdir və Venesuela neftinin hasilatının artımından sonra Rusiya neftinə dünya bazarında ümumiyyətlə ehtiyac qalmır. Bu nümunə siyasətdə də, cəmiyyətdə də üzə gülənlərin gülməklərinə deyil, motivlərinə, tənqid edənlərin isə tənqidlərindəki niyyətlərə diqqət yetirməyin vacibliyini bir daha sübut edir.
Bir daha vurğulamaq istərdim ki, həm neft növləri müxtəlif kombinasiyaları da nəzərə alsaq çoxdur, həm də ticarəti mürəkkəb ticarət və maliyyə əməliyyatlarına bağlıdır. Biz neft qiymətləri dedikdə daha çox Brent, WTI və AzeriLight markalı neftlərin qiymətlərinə fokuslansaq da, 10-a yaxın əsas neft növləri vardır ki, onların da qlobal bazarlarda qiymətləri bir-birlərindən kifayət qədər fərqlidir. 
Əslində zəngin neft dünyası, çox ağır və turş neft olmasına baxmayaraq Venesuela neftinin əhəmiyyəti, ABŞ neft şirkətləri üçün neft və neft siyasəti fonunda gəlir amilləri, Rusiyanın Venesuela ilə bağlı dərin narahatlığının əsas iqtisadi səbəbləri (ümumiyyətlə iqtisadi kökü və səbəbləri olmayan heç bir siyasi səbəb, addım və amil demək olar ki, yoxdur), İran neftinin zənginliyi, neftin növləri və sair çoxsaylı məsələləri və incəlikləri bir məqalədə əhatə etdirmək çətinliyinə əlavə olaraq qoyulan tezis və fikirlərin sübutu və geniş oxucu kütləsi üçün maksimum aydın olması üçün hadisələrin qarşılıqlı əlaqələri, səbəb-nəticə amilini də bir yazıda əhatə etməyə çalışdım. Bu səbəbdən oxucular formalaşan üslub ağırlığını üzrlü hesab edərlər. 
Nəhayət sonda. Mövcud vəziyyətdə Azərbaycan neftinin gələcək qiyməti ilə bağlı narahatlıqlara əlavə olaraq hasilatın azalması fonunda neft emalı, dəyər zənciri və digər məsələlərlə bağlı məsələlərə bir daha baxılmasında fayda olacağını düşünürəm.
Elman Sadıqov
İqtisadçı edkspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31