Minimum pensiya və əmək haqqının sosial əhəmiyyəti

Hər bir cəmiyyətdə sosial rifahın qorunması və hər bir fərdin layiqli həyat sürməsi üçün uyğun şəraitin yaradılması mühüm hədəflərdən biridir. Bu məqsədlə dövlətlər müxtəlif mexanizmlər tətbiq edir ki, bunlardan ən önəmlisi minimum pensiya və minimum əmək haqqıdır. Bu göstəricilər həm sosial siyasətin effektivliyini, həm də iqtisadi inkişafın ümumi istiqamətini əks etdirir. Azərbaycanda da bu mövzular son illərdə geniş müzakirə olunan sahələrdən birinə çevrilib.

Minimum əmək haqqı işçilərin ən aşağı səviyyədə layiqli həyat təminatı əldə etməsi üçün müəyyən edilir. Bu məbləğ, adətən, bazar qiymətləri, inflyasiya və orta aylıq əmək haqqının artım dinamikası kimi iqtisadi faktorlarla əlaqələndirilir. Minimum pensiya isə uzun illər iş həyatını başa vurmuş insanların ömrünün qalan hissəsini rahat yaşaması üçün dövlət tərəfindən təmin edilən sosial müdafiə vasitəsidir. Bu göstəricilər birbaşa vətəndaşların yaşayış səviyyəsini müəyyən etməklə yanaşı, dövlətin vətəndaşlara münasibətinin bir göstəricisidir.

Son illərdə Azərbaycanda minimum pensiya və minimum əmək haqqının artırılması istiqamətində mühüm addımlar atılıb. Statistikaya əsasən, son 5 ildə minimum əmək haqqı bir neçə dəfə artırılıb. Məsələn, 2019-cu ildə minimum əmək haqqı 180 manatdan 250 manata, daha sonra isə 345 manata qədər yüksəldilib. 2025-ci il üçün bu məbləğin 400 manata çatdırılması nəzərdə tutulur. Bu artımlar bir tərəfdən insanların maddi rifahını yaxşılaşdırmağa xidmət etsə də, digər tərəfdən, sosial-iqtisadi mühitdə yeni suallar və müzakirələr doğurur.

Minimum pensiya ilə bağlı vəziyyət də diqqət mərkəzindədir. Hazırda ölkədə minimum pensiyanın məbləği 280 manat səviyyəsində müəyyən edilib. Bu rəqəm əvvəlki illərə nisbətən artsa da, yaşayış minimumu ilə müqayisədə kifayət qədər müzakirələrə səbəb olur. 2025-ci il üçün nəzərdə tutulan artım bu fərqi bir qədər azaltsa da, pensiyaçıların gündəlik ehtiyaclarını tam təmin etmək baxımından bu məbləğin hələ də kifayət etmədiyi qeyd olunur.

Mövzu ilə bağlı müxtəlif ekspertlərin fərqli yanaşmaları var. Bəzi iqtisadçılar minimum əmək haqqı və pensiyanın artırılmasının sosial bərabərsizliyi azaltmaq və yoxsulluq səviyyəsini aşağı salmaq baxımından müsbət təsir göstərə biləcəyini bildirir. Digər tərəfdən, bu artımların inflyasiyaya və işsizlik səviyyəsinə təsir edəcəyindən narahat olanlar da var. Məsələn, pensiya kapitalının hesablanması mexanizminin dəyişdirilməsi, minimum sosial sığorta stajının azaldılması və inflyasiya indiqatorunun tətbiqi kimi məsələlər tez-tez müzakirə olunur.

Hökumət bu sahədə atılan addımları əhalinin sosial təminatını artırmaq məqsədilə həyata keçirsə də, məsələnin sosial, iqtisadi və hüquqi aspektlərinin dərin təhlili tələb olunur. İnsanların əsas ehtiyaclarını qarşılayan minimum əmək haqqı və pensiya səviyyəsi müəyyən edilməlidir. Bununla yanaşı, bu məbləğlərin uzunmüddətli iqtisadi sabitliyi qorumaq üçün hansı çərçivədə artırılacağı da mühüm əhəmiyyət daşıyır.

Minimum pensiya və minimum əmək haqqının artırılması prosesində hansı iqtisadi meyarlar nəzərə alınmalıdır? 25 illik iş stajı olmayan vətəndaşların minimum pensiya almaq hüququnu təmin etmək üçün əlavə hansı meyarlar tətbiq oluna bilər? Bu sualları ekspertlərə ünvanladıq:

İqtisadçı Rəşad Həsənov:

-Bu, kifayət qədər mübahisəli, müzakirə olunası  məsələdir. Minimum pensiya ilə yaşa görə sosial müavinət arasında çox ciddi fərq var. Amma bu fərq gələcəkdə artarsa, təbii ki, yaratdığı sosial fəsadlar daha da genişlənəcək. İndiki halda təklif olunan əsas məsələlərdən biri, qadınlara pensiya yaşının təyin edilməsi zamanı uşaqların sayının nəzərə alınmasıdır. Hər uşağa görə demoqrafik siyasət nəzərə alınaraq yaş həddi azaldıla bilər. İkinci aspekt məhz minimum pensiya kapitalının hesablanması mexanizminin dəyişdirilməsidir. Hazırda minimum pensiya kapitalı minimum pensiyanı 144-ə,-yəni 12 illik gözlənilən pensiya dövrünə vurulması ilə hesablanır. Minimum pensiyanın həcmi artanda, bu da kəskin şəkildə artır. Daha yaxşı olar ki, bu istiqamətdə həm proqnozlaşdırılan, həm də hamar artımın təmin edilməsi məqsədilə inflyasiya indiqatoru tətbiq edməklə hər il buna münasibətdə artım həyata keçirsin. Bu, səviyyənin nisbətən aşağı düşməsinə, prosesin gözlənilən olmasına və pensiyanın əlçatanlığına müəyyən qədər təsir göstərə bilər. Üçüncü isə müxtəlif fəaliyyət sahələrində əmək şəraitinin ağırlığını nəzərə almaqla, tələb olunan minimum sosial sığorta stajının müddətlərinin tənzimlənməsidir. Məsələn, ağır işlərdə 10 il tələbinin 5 ilə salınması və yaxud bu kimi digər düzəlişlərlə əlçatanlığı genişləndirmək olar. Mövcud qanuncericiliyi, statistik məlumatları analiz etməklə bu istiqamətdə müəyyən addımlar atılaraq pensiya əlçatanlığının artırılması təmin edilə bilər.

İqtisadçı Eldəniz Əmirov:

-Minimum pensiya məbləği hər il özündən əvvəlki ilin orta aylıq əmək haqqının artım dinamikasına uyğun olaraq indeksləşdirilir. 2025-ci ildə də belə bir indeksasiya minimum pensiya məbləğinin 280 manata çatdırılması ilə nəticələnib. Nəticə etibarilə minimum əmək haqqı 400 manat müəyyən edilib. 2025-ci il yanvarın 1-dən 345 manatlıq minimum əmək haqqı 16% artırılaraq 400 manat müəyyən edilib. Bu isə o deməkdir ki, minimum pensiya məbləği minimum əmək haqqının artıq 70%-nə bərabərləşib.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31