Azərbaycan mühüm nəqliyyat-tranzit mərkəzinə çevrilib
7 Aprel 2023 11:25 İqtisadiyyatAzərbaycanın yerləşdiyi soğrafiyada əlverişli mövqeyə malik olması ona bir sıra istiqamətlər üzrə dividentlər qazandırır. Bu sırada nəqliyyat tranzit əlaqələri xüsusi qeyd edilməlidir. Hazırda Azərbaycan bir neçə beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin üzərində yerləşən, yaxud həmin dəhlizlərin təşəbbüskarı kimi tanınan ölkələrdən sayılır. Təbii ki, bu dəhlizlər də Azərbaycana kifayət qədər iqtisadi dividentlər gətirir, onun tranzit imkanlarını artırır.
Azərbaycanın iştirakçısı olduğu mühüm əhəmiyyətli nəqliyyat dəhlizlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizidir.
Şimal-Cənub nəqliyyat dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair müəyyən işlər görülsə də, son illərdə Tehranın qərəzli mövqeyi səbəbindən Bakı ilə münasibətlərin gərginləşməsi sözügedən dəhlizin gələcəkdə perspketivli fəaliyyətini də şübhə altına alıb. Baxmayaraq ki, Azərbaycanın Astara stansiyasından İranın Astara şəhərinə qədər dəmir yolu artıq inşa edilib. Növbəti mərhələdə İran ve Azərbaycan dəmir yollarının tam birləşdirilməsi uçun çatışmayan 167 km uzunluğundakı Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaqdı. Bütün işlər yekunlaşandan sonra, Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan İran körfəzinə qədər vahid dəmir yolu formalaşacaqdı.
Məlumat üçün qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan Respublikası bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
Azərbaycanın iştirakı ilə yaradılmış digər bir nəqliyyat dəhlizi isə Şərq-Qərb nəqliyyat dəhlizidir. Orta Koridor və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir.
Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Orta Koridor vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Koridor vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir.
Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılıb.
Regionda Azərbaycanın da iştirakı ilə reallaşdırılan bir başqa nəqliyyat dəhlizi Şimal-Qərb dəhlizidir ki, həmin dəhlizin yaradılması Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə mümkün olub. Bu dəhliz Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanıb. O cümlədən, Şimal-Qərb nəqliyyat dəhlizi Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınmasına şərait yaradır.
Regionda həyata keçirilən və beynəlxalq əhəmiyyət daşıyan Cənub-Qərb layihəsi də Azərbaycanın təşəbbüsü ilə baş tutub. Belə ki, dəhlizin yaranma tarixi 2016-cı ilin əvvəlinə təsadüf edir. Cənub-Qərb Nəqliyyat dəhlizi Fars Körfəzi/Hindistan - İran - Azərbaycan - Gürcüstan - Ukrayna - Avropa (və ya Türkiyə - Avropa) coğrafi marşrut üzrə fəaliyyət göstərir. Dəhliz "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-in təşəbbüsü ilə yaradılıb. Marşrutun təqdimatı 12 yanvar 2016-cı il tarixində Bakıda keçirilib və elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılıb, nəticədə dəhlizin inkişafına dair Protokol imzalanıb. Bu sənədə əsasən, sözügedən dəhlizin tam adı "Fars körfəzi - İran Astara və Xəzər dənizi - Qara Dəniz - Avropa" adı ilə təqdim olunur.
Mumbay - Bəndər Abbas - Qəzvin - Astara (İRİ) - Astara (AR) - Poti/Batumi marşrutu üzrə yükdaşımaların sonradan Ukrayna (Odessa - İliçevsk), Rumıniya (Konstansa) və Bolqarıstan (Burqas) limanlarına qədər uzadılması perspektivləri müzakirə olunmuş, istiqamətlər üzrə ilkin tariflər müəyyənləşdirilmişdir.
Cənub - Qərb dəhlizinin digər alternativ marşrutlarla (xüsusilə, Süveyş kanalından keçməklə dəniz yolu ilə) müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının təxminən üç dəfə az olmasıdır. Belə ki, əgər İran körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma ("oceanic freight") təqribən 35-37 gün təşkil edirsə, Cənub - Qərb dəhlizi marşrutunda bu müddətin perspektivdə 10-12 gün təşkil edəcəyi nəzərdə tutulur. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan və Ukrayna ərazisindən keçməklə Hindistandan (əsasən Mumbay və Nova Şeva dəniz limanlarından) Avropaya (Rotterdam, Baltik dənizi, Şimali Avropa, Rusiya istiqamətlərində) və əks istiqamətdə yüklərin daşınmasındakı vaxt itkisini azaldır. Cənub-Qərb dəhlizinin yaradılması yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün yeni imkanlar yaradacaqdır.
Cənub-Qərb yükdaşımaları marşrutu Avropa İttifaqı ölkələri və Ukrayna ilə Hindistan, İran və Fars körfəzi ölkələri arasındakı ticarət dövriyyələrinin müəyyən hissəsini təşkil edən yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb dəhlizinin inkişaf perspektivi İranın xarici ticarət dövriyyəsinin artırılmasına imkanlar yaradır. Fars körfəzində yerləşən İranın Bəndər-Abbas limanından başqa Oman körfəzi sahilində yerləşən bu ölkənin yeni Çabahar limanının tam gücü ilə istismara verilməsi Cənub-Qərb dəhlizinə əlavə yüklərin cəlb edilməsi üçün imkanlar yaradacaq. Azərbaycanın "ADY Express" şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlamışdır. Şimal - Cənub dəhlizinin tamamlanması üçün, eləcə də Cənub-Qərb dəhlizinin tam potensialının istifadəsi üçün çatışmayan bağlantı olan Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xətlərinin mümkün qədər tez bir zamanda inşası Azərbaycan üzərindən keçəcək Cənub-Qərb dəhlizinə Hindistanın daha əlverişli şərtlərlə cəlb edilməsi baxımından həlledici rol oynaya bilər.
Azərbaycanın qoşulduğu "Lapis-Lazuli" (Lazurit) dəhlizi də öz əhəmiyyətinə görə, digər nəqliyyat dəhlizlərindən geri qalmır. Qeyd edək ki, adı çəkilən marşrutu üzrə tranzit və nəqliyyat əməkdaşlığına dair Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə arasında beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb. Sənəddə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz) modernləşdirilməsi, həmçinin gömrük rəsmiləşdirilməsi proseduralarının asanlaşdırılması nəzərdə tutulur. Saziş razılıq əldə edən tərəflərin ərazisindən yüklərin fasiləsiz daşınmasına, nəqliyyatın tranzit hərəkəti ilə bağlı məsələlərin və proseduraların sadələşdirilməsinə şərait yaradır, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir.
Nəqliyyat dəhlizinin "Lazurit" adlanması iki min il əvvəl bu marşrutla əfqan lazuriti və digər yarımqiymətli daşların Qafqaza, Balkan ölkələrinə, Şimali Afrikaya və Avropaya daşınması ilə əlaqəlidir.
2018-ci ildə Əfqanıstanın Herat şəhərində Lazurit dəhlizi üzrə yükdaşımalara start verilib. Lazurit dəhlizi layihənin üzv ölkələrinə regional və kontinental ticarət bazarlarına çıxışları şaxələndirmək üçün şərait yaradacaq. Bu da, öz növbəsində, həm bu dəhliz vasitəsilə yük daşıyan ölkələrin, həm də ərazisindən malların tranziti üçün istifadə olunacaq dövlətlərin iqtisadi inkişafına, həmçinin sürətli və ucuz daşımalar hesabına alıcı ölkələrə malları daha ucuz qiymətə əldə etməyə imkan verəcək.
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi daha çox Asiya qitəsi üçün aktual olan bir sıra iqtisadi məsələlərin həllində açar rolunu oynayacaq. Yeni marşrut regionda istehsalın artmasına kömək edəcək, Əfqanıstan iqtisadiyyatının dirçəlməsinə müsbət təsir göstərəcək. Artıq yaxın zamanda nəqliyyat layihələri Əfqanıstanın və bütün regionun iqtisadi inkişafına güclü təkan verəcək.
Süleyman