Onlayn alış-verişə məhdudiyyət yalanı... ARAŞDIRMA
3 Mart 2023 11:24 İqtisadiyyatBir çoxlarımızın məhsulları onlayn şəkildə əldə etdiyi bir dövrdə ortaya atılan iddialar insanlarda narahatlıq oyadır. Daha çox istifadə etdiyimiz Trendyol, Amazon, Aliexpress kimi yerlərdən məhsul alışının məhdudlaşdırılması fikrinin ortaya atılmasını ekspertlər real qəbul etmir.
Xaricdən məhsul alışı ilə bağlı problemlər varmı?
Yerli mağazalar xarici mağazalarla rəqabətə girə bilirmi?
Mövzu ilə bağlı mütəxəssislər Olaylar.az-a danışıb:
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı:
.jpg)
"Dünyanın bütün ölkələrində elektron ticarət azaddır. Şəxsi istifadə üçün insanlar məhsulları müxtəlif ölkələrdən, saytlardan rahatlıqla sifariş edə bilirlər. Yalnız bizdə bu prosesə hər cür əngəl törətməyə çalışılır. Gah məhsulların gətirilməsi məhdudlaşdırılır, gah da məbləğə limit qoyulur. Əvvəllər şəxsi istehlak üçün 1500 dollar ətrafında məhsul almaq mümkün idi. Hazırda 300 dollar limit tətbiq edilir. Bu o deməkdir ki, 400-500 dollar məbləğində cihazı şəxsi istifadə üçün alıramsa, gömrük rüsumu ödəməliyəm. Bu, kommersiya tipli məhsul sayılır. Vergi satış məqsədi ilə gətirilən məhsullardan tutulmalıdır. Şəxsi istifadə üçün gətirilən məhsul nə üçün gəlir kimi qeydə alınmalıdır ?. Bu, qanunsuzluqdur. Onsuz da müxtəlif maneələrlə qarşılaşırıq. İndi də vətəndaşlar nisbətən ucuz olsun deyə, xarici saytlardan məhsul alır. Bu, monopolistləri narahat edir. Çünki, ölkəmizə başqa ölkələrdən gətirilən məhsullar 5 qat baha qiymətə satılır. Buradan milyonlarla vəsait qazanılır. İnsanlar özləri məhsulu gətirə bildiyi zaman, monopolistlərin qazancı azalır. Onlar istəyir ki, pulu yalnız özləri qazansınlar. Xaricdən 10 dollara aldıqları məhsulu vətəndaşa 50 dollara satmaq istəyirlər. Bunun qarşısını almaq lazımdır.
Halbuki, özümüz sifariş etdiyimiz zaman maksimum 15 dollar xərcimiz çıxır. Prosesin iqtisadi əsaslandırması olmadığı zaman daha da biabrçı vəziyyət alır. Məsələn, ölkədə həmin məhsulların istehsalı varsa, gömrükdən bunlara rüsum tətbiq etmək olar ki, yerli istehsal inkişaf etsin. Bunu anlamaq olar. Bir çox ölkələrdə bu təcrübə var. Ancaq, gətirilən məhsulların 90 faizinin yerli istehsalı yoxdur. Əgər yoxdursa, insanlar xaricdən almağa məcburdur. Vətəndaş iki yolla sifariş verə bilər. Ya özü, ya da, filankəs sifariş verməli, baha qiymətə vətəndaşa satmalıdır. Belə çıxır ki, filankəsin pulları talayaraq milyoner olması üçün biz şəxsi istifadəyə görə xaricdən məhsul ala bilməyəcəyik?. Bunun heç bir əsası yoxdur. Bir nəfər belə bu sistemi hansısa səbəblə əsaslandıra bilmir. Hansı haqla, hansı əsasla vətəndaşın şəxsi istifadə üçün aldığı məhsula rüsum tətbiq edilməlidir?
Bu hala son qoyulmalıdır. Yaxşı olar ki, məsul qurumlar bunun alternativlərini təşkil etsinlər. Əgər istəyirlərsə, ölkədə yerli ticarət inkişaf etsin, karqo daşıma şirkətlərinə qoyduqları ağır tələbləri yüngülləşdirsinlər və yerli istehsalat üçün vəsait ayırsınlar. Özümüz "notbuk" istehsal etsək, xaricdən almarıq. İstehsal edə bilmiriksə, ən azından şəxsi istifadəyə görə gətirilən məhsuldan rüsum alınmamalıdır. Buna haqları yoxdur. Bütün bunlar bizi dünyada geriyə salır, sosial narazılığı artırır. Hər birinin başında kimlərinsə milyonlar qazanması siyasəti dayanır".
Vəkil Turan Abdullazadə:
_(1).jpg)
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsində bu Məcəllənin məqsəd və vəzifələri əks etdirilmişdir.
Belə ki, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
Göründüyü kimi Azərbaycan Respublikasında mülki dövriyyə azaddır.
Həmçinin Mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilələr azadlığıdır.
Kapitalizm - xüsusi mülkiyyət və azad rəqabətin hökm sürdüyü iqtisadi sistemdir. Kapitalizm azad sahibkarlıq deməkdir.
Ona görə də qeyd etdiyiniz şaiyələrin reallaşacağını düşünmürəm. Bunun üçün gərək qanunvericiliyə dəyişiklik etmək lazımdır. Həmçinin "Trendyol" bu kimi xaricdən alış-veriş funksiyasını yerinə yetirən saytların bağlanılması inhisarçılığa və monopoliyaya səbəb olar.
İnhisar, bazarda bir satıcının və çoxlu sayda alıcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəət əldə etməyə imkan verən və marjinal xərclərdən çox yüksək olan inhisar qiyməti ilə xarakterizə edilir. Bundan əlavə inhisarlar qiymətə təsir edəcək qədər böyük bazar gücünə malikdirlər.
Məhz bu səbəbdən Azərbaycan Respublikası kimi demokratik və kapitalist iqtisadi sisteminin hökmran olduğu bir ölkədə bu halın mümkün olacağını ehtimal belə etmirəm. Bəzi məhdudiyyətlərin tətbiqi mümkündür. Bu da daxili bazarı qorumaq və ölkə ərazisindəki sahibkarlıq subyektlərinin risklərinin və zərərinin qarşısını almaq üçün nəzərdə tutula bilər".
İqtisadçı Toğrul Vəliyev:

"Trendyolla bağlı söhbət təklif deyildi. Kiçik bir qeyd idi. Müvafiq qurumun işçiləri qeydə istinad etmişdi. Təəssüflər olsun ki, KİV araşdırma etmədən xəbər verir. Reallıq isə belə deyil. Burada bir neçə məsələni qeyd etmək lazımdır. Birincisi Trendyolla ayaqlaşma məsələsi tam başqa mövzudur. Trendyol elə bir platformadır ki, satıcı və alıcını yaxınlaşdırır. Bütün dünyada belə platformada məhsul daha ucuz olur. Çünki, onlarda xərclər aşağı, imkanlar genişdir. Türkiyə, Rusiya, ABŞ və bir çox yerlərdə bu platformalar mövcuddur. Azərbaycan kiçik ölkə olduğu üçün lazımsızdır. Hər şey Bakıdadır. Əhalinin bütün ölkə üzrə yayıldığı yerlərdə bu təcrübə mövcuddur.
İndi ciddi problemlər yaradır. Çünki, rüsumsuzdur. Satıcı məhsulu alır, rüsumunu ödəyir, sonra satır. Şəxsi istifadə üçün isə rüsum ödəmədən gəlir Azərbaycana. Əlbəttə, bu, yerli mağazalarla rəqabət yaradır. Mağazalar öz mənfəətlərində maksimallaşdırmağa çalışırlar. Çünki, Azərbaycanda çalışırlar. Müvafiq şikayətlər pandemiyadan əvvəl var idi. O zamandan Amazon, Alibaba və.s kimi yerlərdən insanlar sifariş verirdi. Amma yenə də xaricdən məhsul alan insanların sayı o qədər də çox deyil. Bu say milyonlarla deyil. Saya nəzər yetirsək, böyük deyil. Ona görə də ciddi təsirlərdən söhbət gedə bilməz. Sadəcə rəqibdir. Təəssüflər olsun ki, bizdə artan bazar iqtisadiyyatı olmasına baxmayaraq, rəqabəti daha çox inzibati üsullarla etməyi sevirlər. Əlbəttə, bunun üçün də tez-tez müvafiq qurumlara məktub göndərirlər. Bunu digər bazarlarda da müşahidə edirik. Böyük ehtimal gələcəkdə tənzimlənmə işləri aparılacaq."
İqtisadçı Ruslan Atakişiyev:

"Elm və texnikanın inkişafı nəticəsində gördüyümüz hallar normaldır. Qlobal dünyanın tərkib hissəsiyik. Dünyada güclü istehsalla məşğul olan ölkələr maraqlı olurlar ki, alıcılar onların məhsullarını asan yolla, birbaşa əldə etsinlər. Azərbaycanda istehsal nisbətən zəifdir. Ona görə də bizdə maraqlıdırlar ki, məhsul mağazada satılsın. Çünki, gömrük və.s yollarla ölkəyə daxilolma da artır. Alıcı nöqteyi-nəzərindən baxsaq, istəyərdik ki, məhsulu uyğun qiymətə alaq. Ancaq dövlət və satıcıların burada marağı var. Bu, maraq vergi verilməsi, iqtisadiyyatın inkişaf etməsidir. Qlobal dünyaya baxdıqda görürük ki, texnologiya, robot əməyi sayəsində onsuz da bir çox peşə sıradan çıxacaq. Səyyar mağazaların da funksiyası zamanla keçmişdə qalacaq. Buna dördüncü sənaye inqilabı deyirik. Ölkədə istehsala üstünlük veriləcək. Yanaşmalar dəyişməldir ki, biz gələcəkdə sərhədsiz iqtisadiyyat sisteminə uyğunlaşaq".
Əfsanə Səlimi