lV sənaye inqilabı işığında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müdafiə sənayesinin yeri və rolu
17 Fevral 2023 18:09 İqtisadiyyatAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamı dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərinin miqyasının genişliyini göstərir, müasir Azərbaycan Respublikası dövlətçiliyinin bugünkü tərəqqisində, qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu daha da artırır.
Dövlət rəhbəri cəmiyyətin həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.
Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilimizin dövlət qayğısı ilə əhatə olunması, tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilmə ənənələrinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib sivilizasiyaların qovşağında yerləşən tolerant məkan kimi geniş şöhrət qazanması ölkə başçısının mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Azərbaycanın hərbi qüdrətinin gücləndirilməsinə təkan verən mühüm strateji sahə olan müdafiə sənayesinin təməli məhz o illərdə qoyulmuşdur. Bu, ölkəmiz üçün mühüm hadisə idi. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əksəriyyəti hələ Ümummilli liderin 1969-1982-ci illərdə respublikaya rəhbərliyi zamanı yaradılmışdır.
1979-cu ildə Bakı Aqreqat İstehsalat Birliyində, hazırda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "İqlim" Elmi-İstehsalat Müəssisəsində seçiciləri ilə görüşü zamanı ölkə başçısı Azərbaycanda hərbi sənaye müəssisələrin yaradılmasının vacibliyindən danışmış, bu müəssisələrin respublikanın gələcək inkişafında böyük rol oynayacağını bildirmişdir.
Onun 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı"ndan sonra müdafiə sənayesinin inkişafında yeni mərhələyə start verilmişdir.
Dövlətimizin rəhbəri bəyan etmişdir: "Azərbaycanda çox güclü hərbi sənaye kompleksi yaradılmalıdır və yaradılacaqdır!"
Bunun nəticəsi kimi, Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır.
Ötən 20 ildə dövlət başçısının rəhbərliyi ilə respublikamızda digər sahələrlə yanaşı, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Müstəqil Azərbaycan Silahlı Qüvvələrinin, Milli Ordunun və digər güc strukturlarının atıcı silahlara, döyüş sursatlarına, müxtəlf növ müdafiə təyinatlı məmulatlara olan tələbatının əsas hissəsinin ödənilməsi təmin edilmişdir. Görülmüş işlər nəticəsində hazırda beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer tutur.
Dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində müstəqil və müasir Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa nail oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Vətən müharibəsində parlaq qələbə çalan Azərbaycan işğalçılara öz istehsalı olan hərbi texnika və avadanlıqların gücünü də məharətlə göstərdi. Düşmən Azərbaycan zabitinin və əsgərinin yenilməzliyi ilə yanaşı, ölkəmizin silah sənayesinin qüdrətini də yaxından hiss etdi.
Azərbaycan Ordusu aviasiya, artilleriya, minaatan, o cümlədən idarəolunan raketlərlə Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdi. Xüsusən Pilotsuz Uçuş Aparatlarının köməyi ilə hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq düşməni darmadağın etdi. Şanlı Ordumuzun istifadə etdiyi silah, döyüş sürsatı, hərbi texnika və digər növ müdafə təyinatlı məmulatların xeyli hissəsi yerli istehsal hesabına təmin olunmuşdur. Müharibə dövründə nazirliyin müəssisələrində istehsal olunan məmulatlardan müxtəlif təyinatlı Pilotsuz Uçuş Aparatlarını, atıcı silahları, qumbaraatanları, artilleriya silahlarını, döyüş sursatlarını, əl qumbaralarını, fərqli çeşidli mina və pirotexniki vasitələri, çoxlu sayda mühəndis texnikasını misal göstərmək olar. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, nazirliyin müəssisələrində istehsal edilən yeddi növ yeni Pilotsuz Uçuş Aparatları müharibə dövründə özünü yüksək səviyyədə doğrultdu.
44 gün davam etmiş Vətən müharibəsində Silahlı Qüvvələrimiz xarici ölkələrin istehsalı olan bir çox müasir silah sistemlərini ilk dəfə döyüşdə tətbiq etməklə adını dünya hərb tarixinə yazdı. Döyüş əməliyyatlarında idarəolunan raketlər və Pilotsuz Uçuş Aparatlarından koordinasiyalı şəkildə uğurla istifadə edildi. "Spike", "Baryer", "Umtas" tipli tank əleyhinə idarəolunan raketlərin müxtəlif modifikasiyaları düşmənin zirehli tank texnikasına və möhkəmləndirilmiş müdafiə mövqelərinə qarşı uğurla tətbiq olundu.
44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu da öz töhfəsini vermişdir. Artilleriya atəşinin idarə edilməsi üçün mobil telefon bazasında hazırlanmış artilleriya ballistik hesablayıcı Dövlət Sərhəd Xidmətinin artilleriya bölmələrində (Zəngilan istiqamətində) istifadə edilmişdir. Ballistik hesablayıcı ilkin olaraq 2016-cı ilin aprel döyüşlərində sınaqdan keçirilmişdir.
Elmi-Tədqiqat İnstitutunun 7 əməkdaşı 44 günlük Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş, "Vətən uğrunda", "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Bu gün tam əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində tətbiq edilən taktika öz bəhrəsini verdi. Vətən müharibəsi illər ərzində formalaşan Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi idi. Bundan sonra ölkəmizə qarşı edilən bütün təhdidlərə lazımi zamanda cavabvermə qabiliyyətinə malik hərbi gücümüz hər kəsin barışmalı olduğu reallıqdır.
Qarabağın işğaldan azad edilmiş torpaqlarında Azərbaycan bayrağı dalğalanır. Ali Baş Komandan Ulu Öndərin istəyini, arzusunu, bütün azərbaycanlıların amalını reallaşdırdı və bunu iftixarla hər kəsə bəyan etdi: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şəhidlərin, Ulu Öndərin ruhu şaddır".
Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin və hərbi qüdrətinin durmadan artırılması, Silahlı Qüvvələrin yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah və döyüş texnikası ilə təmin olunması, maddi-texniki təminatın daha gücləndirilməsi istiqamətində dövlətimizin qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi sosial-iqtisadi inkişafın milli prioritetlərindəndir.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilmişdir. Milli Prioritetlər əhəmiyyətli dövlət konsepsiyasıdır və bu konsepsiyanın reallaşması bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur. Təsdiqlənən sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulmuşdur:
1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat.
2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət.
3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı.
4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış.
5. Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.
Hazırda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" kontekstinə uyğun olaraq, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Erməni vəhşilikləri nəticəsində dağıdılmış şəhər və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Əminik ki, işğaldan azad edilmiş ərazilərə edilən rəsmi səfərlər, o cümlədən iş adamlarının planlı və sistemli şəkildə gördükləri işlər sayəsində Qarabağ dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. Unutmayaq ki, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!", demiş müdriklər.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qeyd olunur ki, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla ölkəmizi texnoloji ixrac məkanına çevirmək üçün perspektivlər yaradılmalıdır. Elmtutumlu və gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafının təmin edilməsi də bu məqsədə xidmət edir.
Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi böyük uğurlar inkişafın Azərbaycan modelindən danışmağa imkan verir. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji istiqaməti milli iqtisadiyyatın dünya iqtisadi sisteminə səmərəli şəkildə inteqrasiyasıdır. Burada prioritet sahələr üzrə iqtisadi siyasətin həyata keçirilmə taktikasının fərqləndirici xüsusiyyəti göstərilən istiqamətlərin hər biri üzrə fəaliyyətin paralel şəkildə əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Belə olan halda qeyri-standart, lakin sosial-iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan cəsarətli qərarların qəbul edilməsi olduqca vacibdir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi son müsahibəsi zamanı silah ixracatı ilə bağlı söyləmişdir ki, Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda bu, ixracyönümlü sənaye olacaqdır. Biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik.
Müdafiə Sənayesi Nazirliyi yeni silahların yaradılması istiqamətində geniş tədqiqatlar aparır, xarici ölkələrin şirkətləri ilə müştərək iş birliklərinə və yeni layihələrə imza atır. Müdafiə Nazirliyi və digər güc qurumlarının dəvəti ilə respublikamızda səfərdə olan xarici nümayəndə heyətlərinin mütəmadi olaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə ziyarətləri təşkil edilir. Bu zaman nümayəndə heyətinə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlarla tanış olmaq və istehsal prosesini yaxından izləmək fürsəti yaradılır.
Respublikamızın istehsalı olan müdafiə təyinatlı məmulatlar Azərbaycan brendi kimi beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. ADEX-2022 beynəlxalq müdafiə sərgisində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal etdiyi 179 adda məhsul nümayiş olundu. Sərgi çərçivəsində keçirilən tədbirdəki çıxışında cənab nazir Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin müdafiə qüdrətinin artırılması məqsədi ilə yaratdığı Müdafiə Sənayesi Nazirliyinin uğurlu inkişafı onun müdafiə sənayesi sahəsində həyata keçirdiyi davamlı siyasətin məntiqi nəticəsidir.
Bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir arada Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatların sərgilərdə nümayiş etdirilməsi Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün qürurvericidir. Bu qürurun mənbəyi isə Ümummilli lider Heydər Əliyevdir.
"ADEX-2022" 4-cü beynəlxalq müdafiə sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əlverişli platformaya çevrilmişdir. Bu sərgi Elmi-Tədqiqat İnstitutu üçün çox məhsuldar olmuşdur.
Elmi-Tədqiqat İnstitutu ilə bir neçə xarici şirkətlər: hərbi təyinatlı məmulatların yaradılması çərçivəsində ərazilərin minalardan təmizlənməsində texniki həllər, sərhəd nəzarət sistemləri, idarəolunan aviasiya bombalarının idarəetmə və naviqasiya sistemləri və pilotsuz uçuş aparatlarını əhatə edən layihələr çərçivəsində Pakistan Respublikasının "GİDS" Qlobal Sənaye və Müdafiə Həlləri Şirkəti arasında, Türkiyə Cümhuriyyətinin "Havelsan" və "Simsoft" şirkətləri arasında, 2022-ci ilin dekabr ayında isə "Zorlu" şirkətlər qrupunun əsas qolları olan "Ayesaş" və "Lentatek" şirkətləri arasında qarşılıqlı fəaliyyətlə bağlı Əməkdaşlıq Memorandumu imzalanmışdır. Bu şirkətlər türk müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olub müdafiə, aerokosmik, kompüter texnologiyaları, elektron və elektromexaniki sistemlərin istehsalı və tədarükü sahəsi üzrə təkmilləşmişdir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" kontekstindən baxıldıqda Elmi-Tədqiqat İnstitutunun elmi fəaliyyətinin əsasını raket texnologiyalarının, avtomatlaşdırılmış idarəetmə sistemlərinin, radolokasiya, radioelektron kəşfiyyat və mübarizə vasitələrinin, intellektual döyüş vasitələrinin, yeni "yaşıl" enerji mənbələrinin, mühəndis texnikası vasitələrinin yaradılması təşkil edir. Bizə yaradılacaq imkanlar daxilində qeyd edilən istiqamətləri əhatə edən mövzuların elmi-texniki səviyyəsinin genişləndirilməsi və müdafiə təyinatlı məmulatların yaradılması qarşımızda duran əsas məsələdir. İlkin mərhələdə daxili və xarici ölkə müəssisələri ilə kooperasiyada, sonradan müstəqil olaraq elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yerinə yetirərək onların nəticələrinin silahlanmaya qəbul edilməsinə nail olmaqdır.
Hazırda Elmi-Tədqiqat İnstitutu ilə "Aselsan" şirkəti arasında lazer güdümlü qəlpəli fuqaslı aviasiya bombasının müştərək hazırlanması, həmçinin iş prinsiplərinin qarşılıqlı uyğunlaşdırılması məqsədi ilə tərtib edilmiş "Yol Xəritəsi"nə uyğun işlər davam etdirilir.
Müdafiə Sənayesi Nazirliyinin "Milli Prioritetlər"in icrasını təmin etmək məqsədi ilə hazırladığı 2030-cu ilə qədər Strateji İnkişaf Konsepsiyasına uyğun olaraq, bilik iqtisadiyyatını formalaşdırmaq, elmtutumlu texnologiyaların, müdafiə təyinatlı məmulatların yaradılmasını sürətləndirmək üçün innovativ fəaliyyətin genişləndirilməsi Elmi-Tədqiqat İnstitutunun prioritet istiqamətidir. Elmi infrastruktur yerli və qlobal xüsusiyyətlər nəzərə alınmaqla təkmilləşdirilməli, maddi-texniki baza müasirləşdirilməli və informasiya təminatı sistemlərinin elektron formaya keçirilməsi təmin olunmalı, mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdirilməlidir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qeyd edildiyi kimi, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.
Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin edilməlidir. Nəticəyönümlü elmi tədqiqatların təşviqi üçün rəqabətədavamlı maliyyələşdirmə mexanizmləri formalaşdırılmalıdır.
Bu baxımdan müdafiə sənayesinin davamlı inkişafı üçün müasir biliklərə və bacarıqlara malik kadr potensialının yaradılması Müdafiə Sənayesi Nazirliyinin qarşısına qoyduğu başlıca vəzifələrdəndir. Son illər nazirlik tərəfindən istehsalın inkişafı və kadr hazırlığı tandeminə diqqət daha da artırılmış, dövlətimizin başçısı cənab İlham Əliyevin "Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha yüksək dərəcədə müəyyən edəcəkdir. Ona görə elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır" kimi tövsiyələri daim rəhbər tutulur.
Müdafiə sənayesi sahəsində peşəkar mütəxəssislərin formalaşdırılması, müasir silah növlərinin layihələndirilməsi və yaradılması üzrə layihə-axtarış, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin perspektiv istiqamətlər üzrə aparılması, elmi-tədqiqat işlərinin və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Elmi-Tədqiqat İnstitutu respublikamızın ali təhsil ocaqları olan Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu və Neft-Kimya Prosesləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu ilə əməkdaşlığa dair Memorandum imzalamışdır. Burada əsas məqsəd təhsillə elmi tədqiqatların inteqrasiyasıdır. Tədris və tədqiqatlar çox zaman eyni resurslardan, imkanlardan və kadrlardan istifadə etdiyi üçün bir-birini tamamlayır və onların inteqrasiyası vacibdir. Elm və təhsil vahid sosial institut kimi birgə inkişaf etdirilməli, biri digərinin inkişafına təkan verməlidir.
Elmi-Tədqiqat İnstitutunda ixtisaslı kadrların hazırlanması istiqamətində də işlər aparılır. İnstitutun fəaliyyət istiqamətinə uyğun olaraq, müasir sahələr üzrə təşkil edilmiş kurslarda gənc mütəxəssislərin hazırlıq səviyyəsini daha da yüksəltmək üçün aparıcı mütəxəssislər, tərtib edilmiş proqram üzrə praktiki məşğələlər aparır. Təhsil müddətində əldə edilmiş nəzəri biliklər laboratoriyalarda praktiki olaraq möhkəmləndirilir.
Nəzəri biliklərlə istehsalat təcrübəsinin qarşılıqlı vəhdəti olmadan müdafiə sənayesi üzrə ixtisaslı kadrların hazırlanmasında çətinliklər yaranır. Tələbələrin nəzəri biliklərlə yanaşı, onların dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün istehsalat təcrübələri imkanları da genişləndirilməlidir. Bu da son nəticədə rəqabətli insan kapitalının, rəqabətədavamlı mütəxəssislərin hazırlanmasına təkan verər.
Necə ki, deyilmişdir: "Nəzəriyyəsiz təcrübə kor, təcrübəsiz nəzəriyyə səmərəsiz və qeyri məhsuldardır".
Böyük qürur hissi ilə demək istəyirəm ki, informasiya bolluğu (verilənlər), onların emalı ilə əldə edilən səmərəli bilik və təcrübə, onların üzərində həyata keçirilən müdrik dövlət siyasəti sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyin dayanıqlığı təmin edilur, güclü iqtisadi imkanların yaradılması üçün çağdaş layihələr görülür, günün tələblərinə cavab verən modern ordu quruculuğunda böyük irəliləyişlərə nail olunmaqdadır. O cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hərbi təyinatlı məhsulların istehsalı uğurla aparılır və bu sahədə böyük nailiyyətlər qazanılmışdır.
Nəticədə bu gün dünyada cərəyan edən proseslərə, regional siyasi-iqtisadi və hərbi maraqlar spektrinin bütün məqsəd və hədəflərinə dərindən bələd olan, müstəqil Azərbaycanı mürəkkəb geosiyasi burulğanlardan məharətlə qurtarmağı bacaran, respublikanı qorumaq üçün onun hərtərəfli müasir və qüdrətli müdafiə potensialının formalaşdırılmasında xüsusi xidmətləri olan Ulu Öndərin uzaqgörən sözləri ilə yekun olaraq deyə bilərik: "Azərbaycan silahlı qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordudur."
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert