Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir -Təhlil
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir
2 Mart 2020 13:20 İqtisadiyyatAzərbaycanın malik olduğu zəngin enerji ehtiyatları, bu resurslardan səmərəli istifadə etməklə onun Avropaya, dünyaya nəqlinin həyata keçirilməsi regional və beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlilərinin də reallaşmasına imkan yaradır. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, mühüm əhəmiyyət kəsb edən enerji layihələrinin birbaşa iştirakçısı və təşəbbüskarı olan Azərbaycan eyni tendensiyanı regional və beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin reallaşması prosesində nümayiş etdirir. Əgər 1994-cü ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində regionun mühüm enerji layihəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr gerçəklışdisə, sonrakı illərdə bu prosesin davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ideyası meydana gəldi və uğurla reallaşdı. Eyni zamanda Şimal-Cənub Nəqliyyat Dəhlizi, "Böyük İpək" yolu kimi layihələr də məhz enerji sahəsində qurulan qarşılıqlı faydalı əməkdaşlıqdan irəli gələrək reallaşan nəqliyyat infrastrukturları idi. İndi Azərbaycan təkcə enerji mənbələrinin zənginliyi, bu resursların Avropaya nəqlini həyata keçirən əsas ölkələrdən biri kimi deyil, eyni zamanda mühüm nəqliyyat qovşağında yerləşən Cənubi Qafqazın əsas fiquru kimi tanınır. Avropa ilə Asiyanı birləşdirən, eyni zamanda Çinə qədər uzanıb gedən, Orta Asiyanı da öz əhatə dairəsinə alan nəqliyyat dəhlizlərinin birbaşa Azərbaycandan keçməsi regionda Bakıya olan marağı, onun faydalı əməkdaşlıq etmək istəklərini genişləndirir. Elə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə olan maraq da bunu sübut edir. Əgər layihə ilkin mırhələdə gündəmə gələrkən ilk olaraq Azərbaycan, Türkiyə və Gürcüstan bu layihədə yer alırdısa, sonradan digər ölkə və dövlətlər də sözügedən dəmir yolu xəttinin gələcək perspektivlərini aydın şəkildə görərək ona qoşulmaq niyyətlərini ortaya qoydular, bu istiqamətdə konkret addımlar atdılar. Adını qeyd etdiyimiz dəmir yolu xəttinin Azərbaycan hissəsinin istifadəyə verilməsi mərasimi zamanı Orta Asiya regionuna daxil olan bir neçə ölkənin rəsmi şəkildə həmin mərasimdə təmsil olunması bunun əyani sübutu idi. Eyni zamanda Avropanın bir sıra ölkəsi də Bakı-Tbilisi-Qars dəmir yoliu xəttinin perspektivinə inanaraq bu layihədə yer almağa maraq göstərir. Bütün bunlar bir daha qeyd etmək yerinə düşər ki, Azərbaycanın mühüm nəqliyyat-tranzit ölkəsi olduğunu təsdiqləyir və onun regional, həmçinin qlobal əhəmiyyətini artırır. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti Cəınab İlham Əliyev də həftə sonu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında çıxışı zamanı bu məqama xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. "Bu gün biz artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi barədə danışırıq. Həmçinin demək istərdim ki, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" Azərbaycanın yeganə böyük sərvəti deyil. Baxmayaraq ki, onlar həqiqətən də böyük sərvətdir. Çünki Azərbaycanın və BP-nin müqavilənin müddətinin 2024-ci ildən 2050-ci ilə qədər uzadılması ilə bağlı müqaviləni imzalaması faktı onu göstərir ki, "Azəri-Çıraq-Günəşli"nin potensialı həqiqətən də böyükdür. Əgər əvvəllər yatağın neft potensialını 500 milyon ton ehtimal edirdiksə, hazırda bu, 1 milyard tondan qat-qat çoxdur. Əminəm, yeni texnologiyalar imkan verəcək ki, biz daha çox neft hasil edə bilək".
Bütün bu nailiyyətlər və əldə edilən uğurlar heç şübhəsiz ki, ölkədə həyata keçirilən uğurlu siyasətlə əlaqədardır. Artıq uzun illərdir ki, həyata keçirilən bu uğurlu siyasət nəticəsində Azərbaycan mühüm nəqliyyat dəhlizi kimi tanınmaqla yanaşı, eyni zamanda öz siyasəti ilə işğalçı ölkə olan Ermənistanı da bu layihələrdən kənarda qoya bilib. Bakı-Tbiliisi-Ceyhandan başlayaraq indiyə qədər regionda həyata keçirilən və beynəlxalq əhəmiyyət kəsb edən heç bir layihədə işğalçı ölkə yer ala bilməyib, onlardan kənarda qalıb. Həyata keçirilən hər bir layihə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artırmaqla yanaşı, eyni zamanda işğalçı ölkəni də tamamilə küncə sıxır, onu dünyadan təcrid edir. Yaranmış bu vəziyyət eyni zamanda Ermənistanın regiondakı nüfuzunu, mövqeyini tamamilə heçə endirir.
Məhəmməd
Olaylar.az