Fermerlərin subsidiyalara əlçatanlığı təmin ediləcək
Fermerlərin subsidiyalara əlçatanlığı təmin ediləcək
8 İyul 2019 13:02 İqtisadiyyatVüqar Bayramov: "Dövlət başçısının fərmanı aqrar sahədə subsidiya verilməsi mexanizminin təkmilləşdirilməsinə xidmət edir"
Məlum olduğu kimi bir müddət öncə prezident İlham Əliyev tərəfindən "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Fərman imzalanıb. Fərmanla "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası" təsdiqlənib.Qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etmək, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla "Subsidiya" informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərini beş ay müddətində təsdiq etmək, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının nəticələri ilə bağlı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat vermək tapşırılıb. Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aidiyyəti dövlət qurumları ilə birlikdə "Subsidiya" informasiya sisteminin aşağıdakı məlumatlarla təmin olunması məqsədilə müvafiq informasiya sistemlərinin "Elektron Hökumət" informasiya sistemi vasitəsilə "Elektron kənd təsərrüfatı" informasiya sisteminə inteqrasiyasını Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq təmin edəcək. Maraqlıdır, sözügedən fərman ölkədə kənd təsərrüfatı sahəsinin inkişafına necə təsir göstərəcək? Mütəxəssislər hesab edirlər ki, fərman əsasında hazırlanmış qaydaya əsasən, subsidiyaların verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, zaman itkisinin qarşısını alacaq. Əvvəlki qaydalarda fermerlər il ərzində subsidiyaların alınması ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edirdilər. Yeni qaydaya əsasən, fermerlər mobil telefonlar, planşetlər və masaüstü kompyuterlər vasitəsilə şəffaf və səmərəli idarəetməni və innovasiyanın tətbiqini özündə ehtiva edən vahid bir sistemdə - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaratdıqları şəxsi kabinetlərinə daxil olacaq və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcəklər. Bu sistemdə qeydiyyatdan keçməyən fermerlər isə subsidiya ala bilməyəcəklər. Yeri gəlmişkən, hazırda ölkədə fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. İndiyədək 300 mindən çox fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları bu bazaya daxil edib. Bu ilin sonunadək fermerlərin EKTİS-də qeydiyyatı prosesi tam yekunlaşdırılacaq. Əsasən 2020-ci il yanvarın 1-dən verilməsi nəzərdə tutulan subsidiyalar bir qədər fərqli mexanizmlə hesablanacaq. Belə ki, fermerlərə sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə əkin subsidiyası və bitkiçilik məhsulunun hər tonuna görə məhsul subsidiyası veriləcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, Prezident İlham Əliyevin imzaladığı "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Fərman aqrar sektorun inkişafı baxımından yeni mərhələ kimi qiymətləndirilir. Sənəd subsidiyanın verilməsi mexanizminin təkmilləşdirilməsi, eyni zamanda, fermerlərin subsidiyalara əlçatanlığının təmin olunmasına xidmət edəcək. V.Bayramov bildirib ki, sənədə əsasən, subsidiya informasiya sistemi formalaşdırılacaq: "Nəzərə alsaq ki, əvvəlki qaydalarda fermerlər il ərzində subsidiyanın alınması ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edirdilər. Bu da təbii ki, daha çox prosedur deməkdir. Bəzi hallarda fermerlərin subsidiyalara əlçatanlığının təmin edilməsində çətinliklər olurdu. Yeni mexanizm birmənalı şəkildə imkan verəcək ki, fermerlər subsidiyanın alınması üçün elektron müraciət etsinlər. Bu da fermerlərin daha qısa zamanda subsidiya almasına imkan verəcək. Belə ki, fermerlərin müraciətləri agentlik tərəfindən baxılaraq subsidiyanın verilməsi ilə bağlı qərar qəbul ediləcək. Növbəti ildə isə fermerin müraciətində dəyişiklik olmayacaqsa, onun yenidən müraciət etməsinə ehtiyac qalmayacaq. Məlumatlar elektronlaşdırılacaq, "Elektron hökumət" portalına inteqrasiya olunacaq. Bu da fermerin yenidən müraciətinə zəmin yaratmayacaq".
Onun bildirdiyinə görə, digər vacib məqamlardan biri aqrar sektorda istehsalın təşviq edilməsi, istehsalın regionlar və məhsullar üzrə təşviqinə nail olunmasından ibarətdir: "Fərmana əsasən, əkin və məhsul əmsalları tətbiq olunacaq, bu da baza qiymətinə vurularaq əkinçilik və məhsul istehsalına görə veriləcək subsidiyanın məbləği müəyyənləşdiriləcək. Bu zaman regionlar və məhsul istehsalı əsas amil götürüləcək. Məqsəd bir sıra istehsal üzrə ixtisaslaşmış regionlarda məhsul istehsalına daha çox subsidiyanın verilməsinin həyata keçirilməsidir. Bu da təbii ki, həmin regionlarda ənənəvi və ixtisaslaşmış məhsul istehsalının genişləndirilməsinə imkan verəcək. Bu, həm də məhsul istehsalının daxili bazara və ixrac imkanlarına uyğun olaraq təşviq edilməsinə şərait yaradacaq. Çünki əvvəllər bəzi hallarda bir sıra məhsullar üzrə daha çox məhsul istehsal olunurdu, həmin məhsulların satılmasında problem yaranırdı, qiymət isə kəskin enirdi ki, bu da fermerlərin gəlirliliyinə mənfi təsir göstərirdi. Eyni zamanda, bəzi məhsullar az istehsal olunurdu, həmin məhsulların qiyməti yüksək olurdu. Subsidiyaların verilməsi imkan yaradacaq ki, disbalansın aradan qaldırılmasına nail olunsun. Bu, məhsul istehsalının həm növ, həm də regionlar üzrə təşviqinə imkan verəcək".
Ekspert deyib ki, monitorinq mexanizmləri də kifayət qədər gücləndiriləcək. Bu, subsidiyanın verilməsində şəffaflığın artırılması baxımından vacibdir. Bu da nəticə etibarilə fermerlərin subsidiyaların verilməsində daha şəffaf və monitorinq oluna bilən mexanizmin tətbiqi deməkdir. Yeni monitorinq mexanizmlərinin tətbiqi zamanı məlumatın uzlaşdırılması həyata keçiriləcək, prosesdə şəffaflığın təmin edilməsinə nail olunacaq. Fərman, həm də fermerlərin kooperasiyalar formasında fəaliyyət göstərməsini də təşviq edir. Belə ki, 50 hektardan artıq sahəyə malik olan fermerlər 10 faiz çox subsidiya alacaqlar. Bu da fermerlərin kooperativlər formasında fəaliyyət göstərməsini təşviq edən məqamlardan biridir, eyni zamanda, xərcin azaldılması və məhsul istehsalının genişləndirilməsi baxımından vacibdir.
Alim