“Dövlətin hər zaman güzəştə gedəcəyini düşünmək düzgün deyil”

Mikayıl Cabbarov: “ Dövlət orqanları fəaliyyətini dövlətin mənafeyinə uyğun qurmalı, vergi ödəyicisi də fəaliyyətini qanunlar çərçivəsində aparmalıdır”

Mikayıl Cabbarov: " Dövlət orqanları fəaliyyətini dövlətin mənafeyinə uyğun qurmalı, vergi ödəyicisi də fəaliyyətini qanunlar çərçivəsində aparmalıdır"

Ölkədə vergidən yayınma hallarının qarşısının alınması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilməkdədir. Xüsusən, aksiz markalı malların istehsalı və satışı zamanı baş verən vergidənyayınma hallarının aşkarlanması ilə bağlı görülən işlər öz bəhrəsini verməkdədir. Hazırda  bu istiqamətdəki fəaliyyət aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə davam etdirilməkdədir. Vergilər nazirir Mikayıl Cabbarov bildirib ki, alkoqollu içkilərlə bağlı İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi  yaxından əməkdaşlıq edir, sahibkarlarla mütəmadi görüşlər təşkil olunur: "Gələcəkdə yalnız nəzarət tədbirləri deyil, sistemli tədbirlərin də həyata keçirilməsi istiqamətində addımlar atılır. Dünyada sınanılmış və özünü sübut etmiş texnologiyalarla - təqib və izləmə sistemləri vasitəsilə aksizli malların istehsaldan və ya idxaldan son istehlakçıya qədər bütün hərəkətlərini izləyə bilən sistemin təkmilləşdirilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə işlər həyata keçirilir". Vergilər naziri bildirib ki, 2018-ci il keçid ili olduğuna görə, bu kimi hallara dövlət tərəfindən kifayət qədər humanizm nümayiş etdirilib. Cəzaların əksəriyyəti baş verən pozuntuların aradan qaldırılması və maliyyə sanksiyalarının ödənilməsi ilə məhdudlaşıb. Xarakter etibarilə kütləvi təşkil edilmiş və ciddi cinayət əlaməti olan hallar istisna olmaqla, qalan bütün hallarda müvafiq səlahiyyətlər çərçivəsində güzəştli addımlar atılıb. Mikayıl Cabbarov Vergilər Nazirliyində yeni formalaşdırılan apelyasiya sistemindən də danışıb. Qeyd edib ki, heç bir fəaliyyət qüsursuz deyil və vergi orqanının qərarları ilə razılaşmayanların olması hər zaman mümkündür: "Ona görə də biz Vergilər Nazirliyinin apelyasiya sisteminin fəaliyyətinə çox böyük önəm veririk. Sahibkarın və vergi ödəyicisinin şikayətinə baxılarkən məsələyə "əsas məqsəd yalnız vergi toplamaq deyil, qanunu düzgün tətbiq etməkdir" fəlsəfəsi ilə yanaşılmalıdır. Bu, bir qədər mürəkkəb görünə bilər, ancaq burada çətin bir məsələ yoxdur. Ona görə də vergi siyasətinə yalnız "bu ay, bu rüb, bu il ərzində dövlət büdcəsinə nə qədər vəsait toplamışıq" - düşüncəsi ilə yanaşa bilmərik. Biz hər zaman düşünməliyik ki, həyata keçirdiyimiz siyasət və onun üsulları iqtisadiyyata dəstək verir, yoxsa yox? Biznes mühitinin yaxşılaşdırılması hər bir dövlət üçün vacibdir. Ona görə də biz apelyasiya şikayətlərinə baxılması fəaliyyətini xüsusi nəzarətdə saxlayırıq". Vergilər naziri qeyd edib ki, yeni vergi mədəniyyətindən, "kölgədən çıxış"dan danışarkən, heç kim bu yolun birtərəfli olduğunu düşünməməlidir: "Dövlətin hər zaman güzəştə gedəcəyini düşünmək düzgün deyil. Dövlət vəziyyətin sabitləşməsi və sivilləşməsi istiqamətində daim öz işini görməlidir. Vergi inzibatçısı vergi ödənişini təmin etməli, dövlət orqanları fəaliyyətini dövlətin mənafeyinə uyğun qurmalı, vergi ödəyicisi də fəaliyyətini qanunlar çərçivəsində aparmalı və haqqını tələb etməlidir". Rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsinin vacibliyinə də toxunan nazir qeyd edib ki, əsas məqsəd nağdsız hesablaşmalar sistemini gücləndirməkdir. Ölkə Prezidentinin rəqəmsal ticarətin coğrafiyasının genişləndirilməsi ilə bağlı çox önəmli bir sənəd imzaladığını bildirən M.Cabbarov bunun "kölgə iqtisadiyyatı" ilə mübarizəyə hesablanmış əhəmiyyətli addım olduğunu vurğulayıb. Nağdsız ödənişlərin stimullaşdırılması üçün dövlət tərəfindən təşviqin verilməsi barədə danışan nazir vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı verilmiş təkliflər arasında belə bir mexanizmin olduğunu vurğulayıb. Belə ki, pərakəndə ticarət sahəsində nağdsız ödənişlər edən vətəndaşlar üçün vergi güzəştləri nəzərdə tutulur. Məlumat verilib ki, 2019-cu ildən başlayaraq onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək. Bu yenilik nəticəsində pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin həmin anda onlayn sistemdə əks etdirilməsi və yüklənməsi aparılacaq ki, bu da nəticə etibarilə hər hansı pozuntuların, dövr müəyyənləşdirilməsi təklif edilir. Dövlət bu məsələdə çox böyük güzəştə gedir. Faktiki olaraq, qeyri-neft sektorunun inkişafı və ona dəstək üçün ötən illər ərzində edilən güzəştlərə əlavə olaraq belə bir vacib addımın da atılması nəzərdə tutulur. Vergilər naziri bildirib ki, əməkhaqqı ilə bağlı olan iki ödəniş növü var: fiziki şəxslərin gəlir vergisi və sosial sığorta ödənişləri. Bu ödənişlərin vahid inzibatçılığının həyata keçirilməsi təklif edilir. Bu da öz növbəsində işəgötürənlər üçün həmin prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət bu islahata getməklə öz gəlirlərinin müəyyən hissəsini itirir. Lakin bu islahatın həyata keçirilməsi ilə "kölgə iqtisadiyyatı"nın həcminin azalması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın xüsusilə qeyri-neft sektorunun özəl bölməsində daha da canlanması və sürətləndirilməsi, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsi gözlənilir: "Bu, çox əhəmiyyətli, köklü bir dəyişiklikdir və faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edəcək. İqtisadi cəlbediciliyini təmin etmək məqsədilə bu güzəştin uzunmüddətli tətbiq edilməsi nəzərdə tutulur. Hazırda verilmiş təkliflərə görə, güzəştin 7 il müddətinə tətbiqi planlaşdırılır. Əslində, bu, dövlət başçısı tərəfindən bu sahədə çalışan vətəndaşlara və iş adamlarına çox böyük güzəştdir. Belə bir ciddi güzəştin təqdim edilməsi ən yüksək siyasi səviyyədə qərar tələb edən bir layihədir. Məhz buna görə də inanırıq ki, Azərbaycan sahibkarları və vətəndaşları bu güzəşti düzgün qiymətləndirərək, dövlətin təklifinə adekvat olaraq vergidən yayınmamaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq, işləyən vətəndaşın hüququnu təmin etmək, ödənilən əməkhaqqını olduğu kimi göstərmək kimi addımlarla cavab verəcəklər". Nazir vergi qanunvericiliyində mühüm dəyişikliklərdən biri kimi, gələn ildən Bakıda fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün bu verginin dərəcəsinin aşağı salınmasına dair təklifi də diqqətə çatdırıb. Bildirib ki, sadələşdirilmiş vergi haqqında danışanda iki məqam qeyd edilməlidir. Birincisi və ən əsası sadələşdirilmiş verginin ödəyiciləri olan kiçik sahibkarlardır. Bu, illik dövriyyəsi 200 min manatı aşmayan çox sayda vergi ödəyicisini əhatə edir. Həmin kateqoriya üçün əhəmiyyətli vergi güzəşti tətbiq edilməsi - vergi dərəcəsinin 4 faizdən 2 faizə qədər endirilməsi təklif edilib. Faktiki olaraq, belə vergi ödəyiciləri üçün vergi yükü iki dəfə azaldılmış olur. İkinci kateqoriya sadələşdirilmiş verginin ödəyiciləri bir sıra fəaliyyət növlərini əhatə edir. Bunlar topdansatış fəaliyyəti ilə məşğul olan, tikinti sektorunda fəaliyyət göstərən və digər sahibkarlıq subyektləridir. Dövlət belə kateqoriya sahibkarlara da müxtəlif iqtisadi və fiskal səbəblərə görə sadələşdirilmiş vergi ödəyiciləri ola bilmək üçün seçim imkanı verib. Bu sahədə müəyyən mənfi hallar müşahidə edilirdi. Bir sıra hallarda kiçik biznes nümayəndəsi olmayan, yəni dövriyyələri 200 min manatı aşan bəzi vergi ödəyiciləri dövlətin tətbiq etdiyi güzəştlər sistemindən, asan biznesə başlama üsullarından suiistifadə edərək dövriyyələrini azaltmaq, bizneslərini məqsədli şəkildə bir neçə yerə parçalayaraq qeydiyyatdan keçirməklə bu güzəştlərə vergidən yayınma vasitəsi kimi baxırdılar. Bundan ən çox əziyyət çəkən məhz kiçik sahibkarlar idi. Çünki orta və iri sahibkarlardan fərqli olaraq, kiçik sahibkarların xərclərinin strukturu fərqlidir, gəliri azdır. Kiçik sahibkar öz dükanında satacağı malı və məhsulu böyük həcmdə ala bilmir. Deməli, müvafiq olaraq məhsulu daha yüksək qiymətə almış olur. Nəqliyyat xərcləri daha çoxdur və nəticədə aldığı malı daha yüksək qiymətə satmağa məcburdur. Beləliklə, kiçik sahibkar rəqabətə davam gətirməyə çətinlik çəkir. Dövlət bütün bunları nəzərə alaraq, onun vergi güzəşti yolu ilə dəstəklənməsinə qərar verib. Lakin baş verən sui-istifadə halları göstərir ki, onlar üçün nəzərdə tutulmadığı halda, kiçik sahibkar olmayan bir çoxları da bu güzəştlərdən faydalanırlar. Təbii ki, bu hal yolverilməzdir, bərabər və ədalətli vergitutma prinsiplərini pozan bir vəziyyətdir. Məhz bu səbəbdən, dəyişikliklər paketində sadələşdirilmiş vergi fəaliyyətlərinə də yenidən nəzər salınıb və bu sahə üzrə fəaliyyət növlərinin siyahısı müəyyənləşdirilib. Vergilər naziri bildirib ki, dövlət kiçik sahibkarlığın dəstəklənməsində maraqlıdır. Bu siyasət davam etdirilir. Dövlət başçısı tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb və bir sıra təşviqedici mexanizmlər formalaşdırılıb. M.Cabbarov kənd təsərrüfatı sahəsinə verilən vergi güzəştinin müddətinin daha 5 il müddətinə uzadılmasının təklif edildiyini də bildirib. Bu zaman vergi güzəştləri ilə bağlı məsələlərə toxunan nazir qeyd edib ki, bir çox hallarda bu və ya digər sahəyə, yaxud fəaliyyət növünə verilən güzəşt sahibkarlar tərəfindən vergi uçotuna zərurət olmaması kimi başa düşülür. Bəzi sahibkarlar hesab edir ki, vergi güzəşti varsa, uçot aparılmamalı, qanunvericiliyin digər tələblərinə əməl edilməməlidir. Bu isə sonda mənfi halların yaranmasına gətirib çıxarır. Məsələn, kənd təsərrüfatı istehsalçısına dövlət tərəfindən güzəşt təqdim edilir. Lakin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) ödəyici işçi ilə əmək müqaviləsi bağlamadığı və ya onun uçotunu aparmadığı halda pozuntu baş verir. Yaxud o, istehsal həcminin və satışının uçotunu aparmayanda müvafiq ticarət şəbəkəsinin vergidən yayınması üçün şərait yaratmış olur. Bu səbəbdən həm inzibatçılıqda, həm qanunvericilikdə, həm də ictimai şüurda belə bir yanaşmanı formalaşdırmalıyıq ki, dövlət bu güzəştləri üçüncü şəxslərin vergidən yayınması üçün təqdim etmir. Güzəşt konkret sahədə çalışan sahibkarların fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi məqsədi daşıyır. Nazir həmçinin bildirib ki, vergi qanunvericiliyinə dəyişikliklər paketi təsdiq edildikdən sonra Vergilər Nazirliyinin saytında və kütləvi informasiya vasitələrində ciddi kommunikasiya proqramı həyata keçiriləcək. Hazırda qanunvericilik layihəsi Milli Məclisdədir və aidiyyəti komitələrdə müzakirə olunur. Dəyişikliklər paketi hazırlanarkən onun ayrı-ayrı müddəalarının biznes subyektləri, sahibkarlıq assosiasiyaları və bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlarla birlikdə müzakirəsi aparılıb. M.Cabbarov vergi orqanları tərəfindən qanunlar çərçivəsində fəaliyyət göstərən ödəyicilərin daim dəstəklənəcəyini, səhvə yol verən vergi ödəyicilərinə nöqsanların aradan qaldırılması üçün kömək göstəriləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, nazirlik vergi öhdəliklərindən şüurlu şəkildə yayınan vergi ödəyicilərinə münasibətdə dövlətin və qanunun verdiyi bütün hüquq və səlahiyyətlərdən istifadə etməklə, adekvat addımlar atacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31