Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənir

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı bunu bir daha təsdiq edir

Azərbaycanda həyata keçirilən uğurlu və məqsədyönlü siyasət ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, onun beynəlxalq aləmdəki mövqelərini də möhkəmləndirir. Təsadüfi deyil ki, artıq əksər beynəlxalq təşkilat və qurumların müntəzəm olaraq yaydıqları hesabatlarda Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə ön sıralarda qərarlaşır. Xüsusilə, iqtisadi sahədə ölkəmizin qazandığı nailiyyətlər beynəlxalq maliyyə qurumları və bu sahədə araşdırma aparıb hesabatlar yayan təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, təqdir olunur.

Bu günlərdə Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatından da bunu aydın şəkildə görmək mümkündür. Məlumat üçün qeyd edək ki, hesabat tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Hər bir ölkə üçün xüsusi dəyərləndirmə aparan Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanla bağlı bir neçə məqam diqqət çəkir.  Xüsusilə onu qeyd etmək yerinə düşər ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilib. Ölkəmiz ilk hesabatda Türkiyə, Serbiya, Gürcüstan, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. İnfrastruktur, təhsil və bacarıqlar və biznesin dinamikliyi kimi üç indikator üzrə Azərbaycan yeni hesabatda mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Hesabatda hər üç indikator üzrə ölkədə həyata keçirilən tədbirlər və görülən işlərə nəzər yetirdikdə sözügedən sənədin tam obyektiv şəkildə hazırlandığını söyləyə bilərik.

Götürək infrastrukturun təşkili indikatoru üzrə görülən işləri. Bu bir reallıqdır ki, Azərbaycan 15 ildən artıq nəhəng tikinti meydançasını xatırladır. İstər paytaxtda, istərsə də regionlarda infrastrukturun daha yüksək səviyyədə təşkil edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, uğurlu işlər icra edilir. Yeni yollar və körpülərin çəkilməsi, hətta ucqar dağ kəndlərinin yollarının asfaltlaşdırılması, əhalinin kommunal problemlərinin həlli istiqamətində yeni-yeni layihələrin reallaşdırılması fonunda bunları aydın görmək mümkündür. İnfrastruktur sahəsində görülən işlərdə Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələri də xüsusi qeyd etmək lazımdır. Elə Şimal-Cənub Nəqliyyat Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri də məhz infrastruktur layihələrinin tərkib hissələrindən biridir. Ona görə də tam əminliklə deyə bilərik ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında infrastruktur indikatoru üzrə Azərbaycanın ön sıralarda qərarlaşması normaldır, əsaslıdır.

Yaxud təhsil indikatoru üzrə də Azərbaycanın ön sıralarda qərarlaşması da əsaslıdır. Bu bir danılmaz faktdır ki, son 10-15 il ərzində Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi, yeniu məktəb binalarının tikilməsi və ya bərpa olunması istiqamətində çox ciddi addımlar atılıb, işlər görülüb. Təkcə dövlət zətti ilə deyil, eyni zamanda qeyri-dövlət xətti ilə də ölkənin paytaxtı və regionlarında yeni məktəb binaları inşa olunub. Təkcə Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri qeyd etmək kifayətdir. Məlumat üçün qeyd edək ki. təkcə 2017-ci ildə ölkənin 40 rayonunda təqribən 5000 nəfər şagirdi əhatə edən 100 modul tipli məktəb inşa edilib. Modul tipli məktəblər az məsrəflə başa gəlir və qısa müddət ərzində istənilən ərazidə quraşdırılır. 2018-2019-cu tədris ili üçün isə Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur. Bütün bunlar dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğının göstəricisidir ki, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında da heç şübhəsiz ki, bu amillər də nəzərə alınıb.

Və, digər bir istiqamət ondan ibarətdir ki, Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib. Həqiqətən də dövlətin və dövlət başçısının həyata keçirdiyi, yürütdüyü siyasətin ana xəttində insan amili, sosial bərabərliyin təmin olunması dayanır. Dövlət başçısı hər zaman çıxışlarında, fikirlərində bir məqamı xüsusi qeyd edib ki, Azərbaycanda hər kəs eyni hüquqa malikdir, heç kim digərindən üstün statusa, hüquqa malik deyil. Bu da öz-özlüyündə ölkədə sosial bərabərliyin təmin olunmasının başlıca göstəricilərindən biridir.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31