“Dünya İqtisadi Forumunun hesabatı müsbət imicimizin formalaşması deməkdir” - Deputat
17 Oktyabr 2018 15:15 İqtisadiyyat"Dünya İqtisadi Forumunda Azərbaycanın öncül yerlərdən birini tutması ölkəmizin böyük uğuru, müsbət imicinin formalaşması deməkdir".
Bunu millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Azərbaycanın iqtisadi inkişafını dəyərləndirən deputatın sözlərinə görə, dünyanın bir çox beynəlxalq təşkilatları, xüsusən iqtisadi qurumları və forumları müxtəlif ölkələrin iqtisadi inkişafına, sosial tərəqqisinə həsr olunmuş ciddi hesabatlar təqdim edirlər. Beynəlxalq qurumların diqqətində olan ölkələrdən biri də Azərbaycandır:
"Azərbaycan dünyanın üzləşdiyi neft böhranından və dollar krizisindən çox az itkilərlə çıxdı və yenidən inkişaf yoluna qədəm qoydu. Bilirsiz ki, Azərbaycanda 9 istiqamət üzrə inkişaf planını hazırlanıb. Qısa zaman ərzində qeyri-neft sektorunun, aqrar sahənin, sənaye bazarının, logistika mərkəzlərinin, Şimal-Cənub və Şərq-Qərb dəmir yollarının, gəmiqayırma zavodlarının və bir sıra mühüm iqtisadi sahələrdə ciddi dəyişikliklər baş verib. Son günlər Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı da iş gedir. Aqrar sektorun inkişafı ixrac potensialının həcmini artırır, paralel olaraq turizm də inkişaf edir. Xüsusən, yollar sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. İldə min kilometrlərlə avtomobil yolunun salınması da bunun göstəricisidir. Yəni bütün sahələr üzrə Azərbaycanın tərəqqisi sürətlənir. Əlbəttə, bu cür inkişaf tempi dünyanın, beynəlxalq təşkilatların gözündən yayına bilməz".
T.Kərimlinin sözlərinə görə, Azərbaycan sabit inkişafa qədəm qoyub:
"Ölkəmiz çoxsaylı dövlətlər kimi geriyə deyil, irəliyə doğru addımlayır, üstün mövqelərə sahib olur. Demək olar ki, bütün makroiqtisadi göstəricilərin hamısı üzrə qabaqcıl yeri tutmuşuq. Şübhəsiz ki, bütün uğurlarımız cənab Prezident İlham Əliyevin mükəmməl idarəçiliyinin nəticəsidir. Dövlət başçısı böyük siyasi təcrübə keçmiş bir lider kimi 15 ildir Azərbaycanı məharətlə idarə edir və dövlətimizin əvəzsiz inkişafına nail olur. Çox güman ki, ən mühüm iqtisadi islahatlar hələ qabaqdadır. Həmin islahatlardan sonra reytinqlərdəki göstəricilərimiz bir qədər də yuxarılara qalxacaq. Azərbaycan özünə görə çox güclü iqtisadi və hərbi potensiala sahib bir ölkəyə çevrilməkdədir. Siyasi sabitliyimiz möhkəmdir. İşğalçı Ermənistandan savayı bütün qonşu ölkələrlə sıx əməkdaşlıq edirik, normal münasibətlər qururuq".
sherg.az