Qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib
16 Oktyabr 2018 17:17 İqtisadiyyatHasilat səviyyəsinin yüksəlməsi fonunda qaz anbarlarında bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilib. "OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, şirkət 2018-ci ilin üçüncü rübündə qazma işlərin həcmini artırmaqla, neft hasilatını sabitləşdirməyə, təbii qaz hasilatını isə önəmli dərəcədə artırmağa nail olub. Rüb ərzində SOCAR üzrə hasilat 1,9 milyon ton neft1 və 1,67 milyard kubmetr qaz2 təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,5% və 11% nisbətində çox olub. Ümumiyyətlə, 2018-ci ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft3 və 22 milyard kubmetr təbii qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8%, qaz hasilatında isə 4,5% artıma nail olunduğunu göstərir.
Rüb ərzində SOCAR tərəfindən 42 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 43% çoxdur. SOCAR üzrə hasilatın sabitləşməsi üçün qazma həcminin artırılması ilə yanaşı köhnə quyular da bərpa olunur, daha əvvəl istismardan çıxarılmış quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər aparılmaqla həmin quyularda hasilat bərpa olunur.