Dünya neft bazarında nələr baş verir və bu durumda biz nə etməliyik?

Fikrət Yusifov: "İlin sonuna qədər neftin qiymətlərinin 100 dollara qədər artacağı barəsindəki proqnozların da reallığını qəbul etmək olar"

Dünya bazarlarında neftin qiymətində maraqlı tendensiya müşahidə edilməkdədir. Birləşmiş Ştatların maksimum səviyyədə neft qiymətlərinin artmasının qarşısının alınmasına yönəlik cəhdləri bu dəfə öz müsbət nəticəsini verə bilmir. Həm neft ixrac edən ölkələrin qiymət artımına maraqlı görünməsi, həm də İranın Hörmüz boğazındakı hərəkətliliyi dünya bazarlarında neftin qiymətinin artmasına öz müsbət təsirini göstərib. Bu arada Birləşmiş Ştatların uzun illər rezerv kimi yığıb saxladığı neft məhsullarını da satışa çıxarması prosesin qarşısını almağa imkan vermədi. Artıq hər ötən gün dünya bazarlarında neftin qiymətinin artımı müşahidə edilir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan neftinin də qiyməti artır və və bu artım hər ötən gün hiss edilir. Bəs görəsən bu proses nə zamana qədər davam edəcək və neftin qiymətinin qalxması davamlı xarakter daşıyacaqmı?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri. Iqtisad elmləri doktoru Fikrət Yusifov deyib ki, dünya bazarlarında neftin qiymətlərində 2014-cü ilin ortalarından başlayan kəskin azalmalar 2016-cı ilin yanvar ayında özünün pik həddinə - bir barel üçün 32,1 dollara çatdı. Onun sözlərinə görə, bundan sonra qiymətlərdə müxtəlif zaman kəsiyində müəyyən oynamalar olsa da o, əsasən yüksələn xətlə artaraq bu günkü səviyyəyə - yəni bir barel üçün 85,6 dollara çatdı: "Qiymətlərdə son aylar ərzində baş verən davamlı yüksəlişə mütəxəssislər müxtəlif izahlar versələr də, artım bilavasitə dünya siyasi müstəvisində baş verən prosseslərlə bağlıdır. İlin sonuna qədər neftin qiymətlərinin 100 dollara qədər artacağı barəsinəki proqnozların da reallığını qəbul etmək olar. Çünki noyabr ayının 4-dən etibarən Birləşmiş Ştatların İran neftinin satışına qoyduğu embarqo qüvvəyə minəcək. İranın dünya bazarlarına çıxardığı neftin həcmi sanksiyalar götürüldükdən sonra 2,5 milyon barel səviyyəsinə qədər artmışdı".

Bəs sanksiyaların yenidən tətbiqindən sonra nə baş verəcək?  Fikrət Yusifov qeyd edir ki, İran artıq bu sanksiyaların bəyan edildiyi vaxtdan neftini kimlərə, hansı yollarla və hansı şərtlərlə satmaq istiqamətində araşdırmlar aparmaqla məşğuldur: "Lakin bu işlər nə qədər səmərəli olacaq?  İran embarqoya qədər bazara çıxardığı 2,5 milyon barel neftin hansı hissəsini gizli sövdələşmələr yolu ilə sata biləcək? Bəlli məsələdir ki, bu yolla satılan neftin qiyməti dünya bazarlarında satılan neftin qiymətlərindən bir xeyli aşağı olacaq. Deməli İran qadağalar qüvvəyə mindikdən sonra embarqoya qədərki həcmdə neft sata bilsə belə, bunun böyük bir hissəsini gizli yollarla edəcəyindən qiymətlərin aşağı olması hesabına itkilərə məruz qalacaq. Digər tərəfdən, onun embarqonun tətbiqindən sonra neft satışı həcmi kəskin azalacaq. Bu isə İran iqtisadiyyatına növbəti ciddi zərbə, dünya bazarlarında neftin qiymətlərinin yüksəlişinə isə bir təkan olacaqdır". 

Bəs bu durumda bir neft ölkəsi olaraq biz nə etməliyik?. İqtisadçı deyir ki, ilk növbədə neft pulları hesabına valyuta ehtiyatlarımızı maksimum artırmalı və bu hesaba əldə edilən gəlirin bir hissəsini bilavasitə yerlərdə kiçik və orta istehsal və emal müəssisələrini yaradılması üçün biznes layihələrin çox güzəştli şərtlərlə kreditləşdirilməsinə yönəltməliyik: "Bu gün dövlət xətti ilə biznes layihələrin maliyyələşdirilməsi üçün ayrılan vəsairin həcmini neftin qiymətlərinin kəskin artmasından daxil olan gəlirlər hesabına 10 dəfəyə qədər də artırmaq mümkündür. Bunu vəsaitlərin bilavasitə Dövlət Neft Fondunun büdcəsindən Sahibkarlığın İnkişafı Fonduna ayırmaq yolu ilə də etmək olar. Bizim neftin qiymətlərinə güvəncimiz yoxdur. Ölkə prezidenti bunu dəfələrlə bəyan edib. Bu gün başlanılan iqtisadi islahatlar yaxın zamanlarda ölkə iqtisadiyyatının qeyri-neft sektorunda inqilabi bir dönüşü hədəfləyib. Bu dönüşə nail olmağın ən düzgün yolu da banklarımızın iqtisadiyyatdan üz çevirdiyi bir dönəmdə neftin satışından əldə olunan əlavə gəlirlərin bir hissəsinin biznes mühitin qaldırılması istiqamətində xərclənməsi ola bilər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31