“Elektron Kənd Təsərrüfatı” İnformasiya sistemi aqrar sektorda şəffaflığı təmin edəcək
3 Oktyabr 2018 14:19 İqtisadiyyatNail İsmayılov: "Əsas qayəmiz dövlət qulluqçusu-fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır"
Azərbaycanda aqrar sahədə həyata keçirilən islahatlar müsbət nəticəsini verməkdədir. Azərbaycan Respublikası Prezidentinin "Aqrar sahədə idarəetmənin təkmilləş- dirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da bu məqsədə xidmət edir. Fərmana əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin (EKTİS) yaradılması təmin edilməlidir. Fərmanın icrası məqsədilə Avropa İttifaqının (Aİ) texniki yardımı ilə "E-kənd təsərrüfatına dəstək" layihəsi çərçivəsində Nazirliyin və digər aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla "Elektron kənd təsərrüfatı" informasiya sistemi"nin strategiya sənədi, "İnteqrasiya olunmuş nəzarət sisteminin" (IACS) prinsiplərinə əsaslanan "Subsidiya və siyasətə dair informasiya sistemi", aeroşəkillər və peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrınin tərtib edilməsi, informasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması üçün zəruri olan informasiya və kommunikasiya texnologiyaları infrastrukturu üzrə texniki tələblər və spesifikasiyalara dair sənədlər toplusu hazırlanıb. Eyni zamanda, EKTİS-nin "Proqram təminatlarının yaradılması, tətbiqi və lisenziyalaşdırma (standart proqram təminatı lisenziyalarının təmin edilməsi)", "İKT infrastrukturunun (Mərkəzi məlumat bazası, serverlər və kompüter avadanlıqları, şəbəkə və rabitə sistemləri) yaradılması və inkişaf etdirilməsi", "Ölkənin müvafiq ərazilərinin yeni ortofoto xəritələrinin yaradılması və istifadəsi (baza məkan məlumatları)", "Torpaq sahələrinin, bitki örtüyünün və kənd təsərrüfatı resurslarının vahid coğrafi məlumatlar bazasının yaradılması" komponentləri üzrə layihələrin icrası başa çatdırılmış, "E-kənd təsərrüfatına dəstək" layihəsi çərçivəsində məsləhətçi xidmətlərin fəaliyyəti təmin edilib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin əsas funksiyalarına aqrar sahədə informasiya texnologiyalarından istifadənin genişləndirilməsi, elektronlaşma sahəsində təhlillərin aparılması, aqrar sahədə biznes proseslərin elektron və rəqəmsal müstəviyə keçirilməsi, elektron sistemlərin yaradılması və inkişaf etdirilməsi, yeni yanaşmaların tətbiqi və təşviqi, elektron sistemlər vasitəsilə məlumatların toplanması və analizlərin aparılması, elektron xidmətlərin formalaşdırılması və təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, sahənin strateji planlaşdırılması və innovativ inkişaf etdirilməsi daxildir. Eyni zamanda Aqrar Tədqiqatlar Mərkəzinin elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin fəaliyyətinin əsas prisnipləri aqrar sahədə biznes proseslərin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron sistemin kənd təsərrüfatında tətbiq olunması prosesində fermerə lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin edilməsi və xidmətin alınmasını təmin etməkdir.
Onun sözlərinə görə, "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması 2015-ci ildən prioritet vəzifə olaraq nazirliyin fəaliyyətinin ana xəttinin təşkil edir: "Bütün bu fəaliyyət prinsiplərimizin əsas qayəsi dövlət qulluqçusu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Bu məqsədlə Bakıda və respublikanın bütün rayonlarında yeni inşa edilmiş DAİM-lər ən müasir avadanlıqlarla təchiz edilmiş, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuşdur. Nazirliyin İnformasiya Texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir, habelə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin əsas komponentləri yaradılır. Məlumatların təhlili, toplanması, təmizlənməsi, saxlanılması və vahid verilənlər bazası yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı fəaliyyətimizi çevik bir modelə çevirir". Departament rəhbəri bildirib ki, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiq edilməsi kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına, ölkəmizdə aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir. Elektron mühitə əsaslanan idarəetmənin tətbiqi isə bütövlükdə kənd təsərrüfatının inkişafına öz töhvəsini verəcəkdir.
Nurlan