Əmlak idarəçiliyindəki yenilikləri vətəndaş cəmiyyəti institutları müzakirə edib

Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində 2 oktyabr tarixində "Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar" mövzusunda ictimai dialoq keçirilib. "Olaylar" xəbər verir ki, vətəndaş cəmiyyəti institutlarının təşkil etdiyi tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirdiyi yeniliklər diqqət mərkəzində olub. İctimai dialoqda 30-dan çox ictimai birliklərin nümayəndələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, xarici və beynəlxalq təşkilatların üzvləri, o cümlədən GİZ-in, Asiya İnkişaf Bankının, Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri, ekspertlər iştirak ediblər. İctimai dialoqda çıxış edən Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarının fəaliyyətində iştirakının təmin edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, tədbirdə vətəndaşların daha çox maraq göstərdiyi daşınmaz əmlakın qeydiyyatı sahəsi, bu sferada tətbiq edilən yeniliklər ictimai təşkilatların müzakirə obyektidir. Təqdirə layiqdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sahədə vətəndaş məmnunluğunun təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində yeni metodlar tətbiq edir, müasir dövrün tələblərinə uyğun idarəetməni həyata keçirir. Müsbət haldır ki, artıq xidməti vətəndaşın ünvanına çatdıran sosial layihələr reallaşdırılır, komitə geniş elektronlaşdırmaya yer verir. Çıxarışların elektron formata keçirilməsi, qeydiyyat sənədlərinin verilmə müddətlərinin azaldılması, vətəndaşlar üçün yaradılan rahat şəraitdən xəbər verir. Görülən işlər haqqında yaxından tanış olmaq, ətraflı informasiya almaq Qeyri Hökumət Təşkilatlarını olduqca maraqlandırır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31