Çayçılığın inkişafı ölkənin iqtisadi potensialını gücləndirəcək

Bu sahə əhalinin rifah halının yüksəlməsinə şərait yaradacaq

Azərbaycanda bitkiçiliyin ənənəvi və geniş yayılmış sahələrindən biri də çayçılıqdır. Vaxtilə bu sahədə şan-şöhrət qazanan ölkəmizdə çayçılığın tənəzzülə uğraması indi özünü daha qabarıq göstərir. Çayçılığın əvvəlki şöhrətinin geri qaytarılması üçün ilk növbədə, yeni plantasiyalar salınmalı, məhsullar yerli xam mal əsasında istehsal və ixrac olunmalıdır. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışan Prezident İlham Əliyev deyib: "Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil".

Məlumat üçün qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycan xaricdən 6126,7 ton yaşıl və qara çay alıb. Bu, 2017-ci ilin eyni dövründəkindən 13% çoxdur. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Məlumatda qeyd olunur ki, çayın təxminən 10% -i pərakəndə satış üçün paketlərlə gəlib, qalanı (5534 ton) isə emal fabriklərindən alınıb. Çay idxalı həcmi 23 milyon 894 min ABŞ dolları təşkil edib ki, bu da 2017-ci ilin yanvar-iyun ayına nisbətən 12.4% çoxdur. Bu fakt deməyə əsas verir ki, hələ də pambıqçılığın inkişafı ilə bağlı diqqətdən kənarda qalan vacib məsələlər var ki, onların həyata keçirilməsinə ehtiyac duyulur. Xatırladaq ki, Azərbaycan çayı dünyada məşhurdur, qiyməti də ucuz deyil. Bu məhsul növündən əslində xeyli gəlir əldə edə bilərik. Keçən əsrin 70-ci və 80-ci illərində ölkəmizdə çayçılıq yaxşı inkişaf etmişdi. Hətta keçmiş SSRİ-nin tələbatının 10 %-ə yaxın hissəsini biz təmin edə bilirdik. Bu sahədə böyük sayda məşğulluq var idi. Zavod və fabriklər fəaliyyət göstərirdi. Sovet Birliyinin dağılması ilə ən böyük zərbələrdən biri çayçılığa dəydı. İndi öz tələbatımızı ödəməkdə belə çətinlik var. Çünki pul yoxdur, maraq təmin edilmir, bazarlara çıxış asan deyil. Bu sahəyə dövlət diqqəti lazımdır. Fərdi şəkildə çayçılıqla məşğul olub, ölkənin kənd təsərrüfatı sektorunda sözügedən sahənin çəkisini keçmişdəki səviyyəyə çatdırmaq mümkün deyil. Ona görə də idxal artır. Çünki xarici analoq məhsulların qablaşdırılması vəziyyəti, qiymətləri yaxşıdır. Bizim çay təkrar edirəm ki, daha keyfiyyətlidir, odur ki, baha başa gəlir".

Məlumat üçün qeyd edək ki, hazırda Çin çay istehsalında 36,2 faizlik göstərici ilə dünyada liderdir. Bu bitkinin əkininə dünya ölkələrində böyük maraq var. 2005-2014-cü illərdə dünyada çayın əkin sahəsinin 803 min 602 hektar, istehsalın isə 1 milyon 711 min 510 ton artması bunu təsdiqləyir.Azərbaycanda Lənkəran iqtisadi rayonu çay istehsalının 91 faizini təşkil edir. Ötən illərdə bu sahənin tənəzzülü özünü çay plantasiyalarının sayının azalmasında, eləcə də istehsalın aşağı düşməsində də göstərib. Belə ki, Azərbaycanda çay plantasiyaları 1911 hektar azalıb. Bu illər ərzində ən pis göstərici Lənkəran iqtisadi bölgəsində qeydə alınıb: əkin sahəsində 66,8 faiz, istehsalda isə 23,5 faiz azalma. Azərbaycanda çayçılığın şöhrətini geri qaytarmaq üçün çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Çayçılığın stimullaşdırılması ilə bağlı tədbirlər çay əkini sahələrinin artırılmasına, əhalinin quru çaya olan tələbatının böyük bir hissəsinin yerli istehsal hesabına ödənilməsinə, yüksəkkeyfiyyətli çayın ixracına, yeni iş yerlərinin açılmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişaf etdirilməsi üçün "Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı"nın layihəsi işlənib hazırlanıb.

Mütəxəssislərin qənaətinə görə, sözgedən proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq."Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi respublikamızda çayçılığın ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, regionların aqrar sənaye potensialının artırılmasına, rəqabətin qorunmasına, daxili tələbatın ödənilməsinə, idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi iqtisadi potensialını gücləndirəcək.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, cay bitkisinin "Azərbaycan-2", "Azərbaycan-4" sortları cənub bölgəsində becərilir: "Bir alma, və yaxud çay sortunu ənənəvi üsulla yaratmaq 20-25 ilə başa gəlir. Çox hallarda sortun müəllifi öz məhsulunun barını görə bilmir. Yeni sortlar yaradılıbsa, bu bizim alimlərimizin fədakarlığıdır: "Azərbaycanda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsası 1926-cı ildə qoyulub, 2015-ci ildən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlanır. İnstitutumuzun elmi fəaliyyətinin əsas məqsədi tumlu, çəyirdəkli, qərzəkli, subtropik bitkilər və çayçılıq sahələrinin inkişafını daha mükəmməl elmi əsaslarla işləyib təmin etmək, bu bitkilərin yüksək məhsuldar, tez bara düşən, ətraf mühitin mənfi amilləri kompleksinə davamlı, çayın yüksək zoğvermə xüsusiyyətinə malik yeni məhsuldar sortlarını yaratmaq, onların genefondunu zənginləşdirməkdən ibarətdir. İnstitut alimləri tərəfindən meyvə bitkiləri və çayın ümumilikdə 220-dən çox yeni sortları yaradılaraq Dövlət Sort Sınağına təqdim olunub, onlardan 78-i artıq rayonlaşdırılıb. Burada əsasən alma sortları üstünlük təşkil edir".

Onun sözlərinə görə,  2014-cü ildən elmi şuranın qərarı ilə institutda tinglik şöbəsi yaranıb. Hal-hazırda 20-dək peşəkar əməkdaşımız tingçilik sahəsində fəaliyyət göstərir: "Azərbaycanda ilk dəfə olaraq müasir ting istehsalı texnologiyası işlənir və bu texnologiya tingçilik təsərrüfatlarında istifadə olunur. Məsələn, əvvəllər tinglər adi qaydada torpağa əkilirdisə, yeni texnologiyaya əsasən, calaqaltılar xüsusi hazırlanmış torpaq tirələri üzərində əkilir və becərmədə damla suvarma tətbiq olunur. Bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə tələbatı ödəməyə imkan verəcək. Müasir üsullarla tingçiliyin inkişafı bağçılıqla məşğul olan yerli fermer və sahibkarların xərclərini azaltmaqla, onlara əlavə vəsait qazandıracaq".

İnstitut direktoru onu da qeyd edib ki, Azərbaycanda ənənəvi meyvə sortlarının qorunub saxlanması istiqamətində də işlər aparılır: "Hal-hazırda institutda biotexnologiya laboratoriyası qurulub başa çatmaq üzrədir. Məqsədimiz  ata-baba sortlarımızın bərpası və qoruyub saxlayıb çoxaldılması, həmçinin az əkin materialından,  çətin kökləndirilən bitkiləri yetişdirməkdir. Bundan əlavə institutda torpaq, bitki və su analizi laboratoriyası yaradılıb. Zaqatala rayonunun dayaq məntəqəsində 2 hektar sahədə qərzəkli meyvə bitkilərinin tingliyi yaradılıb. Azərbaycanda ilk dəfə fındıq bitkisinin müasir tingləri  yetişdirilir. İtaliyadan 2 sort gətirmişik, hazırda onların ölkəmizin coğrafi-iqlim şəraitinə necə adaptasiya olunması öyrənilir. Son 3 ildə institutun dayaq məntəqələrinin 52.7 hektar sahəsində intensiv bağlar salınıb. Burada gilas, gavalı, alma, nar, xurma,  fındıq və armud yetişdirilir. Göyçay nar bağinda əsasən "Balamürsəl", "Gülövşə" və "Qırmızı qabıq" sortları becərilir. Göyçay dayaq məntəqəsində daha 20 hektar sahədə 2019-cu il üçün yeni nar bağının salınmasını planlaşdırırıq. Abşeron təcrübə stansiyasında isə quru subtropik bitkilərin tingliyi yaradılıb. 3 hektar sahədə badam, püstə, zeytun, innab, nar, hətta tut becərilir. İnstitutumuz müqavilə əsasında İspaniyadan olan mütəxəssislərlə birgə badam, şaftalı və ərik tingləri yetişdirir. Digər bağlanmış müqaviləyə əsasən, İspaniyanın 17 nektarin sortu, İngiltərənin 5 çiyələk, 4 moruq-böyürtkən sortları institut tərəfindən sınaqdan çıxarılır".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31