100 il əvvəl qurulan dövlətimiz indi kosmosa qədər yüksəlib
1 Oktyabr 2018 13:10 İqtisadiyyatƏkrəm Həsənov: "Bu gün kənd təsərrüfatından tutmuş, mobil rabitəyə, hava proqnozlarından tutmuş, internetə və televiziya yayımlarına qədər iqtisadiyyatın bütün sahələrində kosmik peyklərin dəstəyinə ehtiyac var"
Ötən həftənin ən yadda qalan hadisələrindən biri Azərbaycanın telekommunikasiya sahəsində daha bir uğura imza atması oldu. Söhbət Azərbaycanın sayca üçüncü peykinin orbitə çıxarılmasından gedir. Məlumat üçün qeyd edək ki, Azərbaycanın üçüncü peyki olan "Azerspace-2" telekommunikasiya peyki sentyabrın 26-da Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Peyk Fransanın "Arianespace" şirkətinə məxsus "Ariane 5″ daşıyıcı raketi ilə orbitə buraxılıb və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrılıb. "Azerspace-2" peyki ABŞ-ın "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. "Azerspace-2" peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
Yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən "Azərkosmos" ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq. "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
Yeni peyk "Azərkosmos"un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos"a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, "Azerspace-2" şirkətimizin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.
"Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "Intelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
Etiraf etmək lazımdır ki, Azərbaycanın sayca üçüncü peykinin orbitə çıxarılması təkcə ölkəmizdə deyil eləcə də beynəlxalq aləmdə diqqətlə izlənilir, müşahidə olunurdu. Çünki qısa müddət ərzində sayca üçüncü peykin orbitə çıxarılması sıradan bir hadisə deyildi. Bu Azərbaycanın gücünün, qüdrətinin göstəricisi olmaqla yanaşı, onun dünyanın aparıcı dövlətləri ilə bir sırada qərarlaşdığının əyani sübutu idi. Eyni zamanda üçüncü peykin orbitə çıxarılması Azərbaycanla beynəlxalq səviyyədə telekommunikasiya sahəsində əməkdaşlığa daha da marağın artacağı reallığını ortaya qoyurdu. Təsadüfi deyil ki, bütün bunlar nəzərə alınmaqla Azərbaycanın sayca üçüncü peykinin orbitə çıxarılması birmənalı olaraq müsbət qarşılanır. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir. Onun sözlərinə görə, üçüncü peyki orbitə çıxarmaqla Azərbaycan dünyaya nümayiş etdirdi ki, birinci və ikinci peykləri kosmosa buraxmağımız sadəcə "Kosmik klub"a üzv olmaq üçün deyildi: "Göstərdik ki, ölkəmizin bu istiqamətdə niyyətləri ciddidir və biz Kosmosda öz yerimizi tutmaqda iddialıyıq. Bu gün kənd təsərrüfatından tutmuş, mobil rabitəyə, hava proqnozlarından tutmuş, internetə və televiziya yayımlarına qədər iqtisadiyyatın bütün sahələrində kosmik peyklərin dəstəyinə ehtiyac var. Sözün tam mənasında müstəqil iqtisadi inkişafın yolu, ümumiyyətlə, gələcəyə gedən bütün yollar kosmosdan keçir. Bir ucu Kosmosda olmayan iqtisadiyyat heç vaxt güclü iqtisadiyyat ola bilməz. Bu 3 peyk o deməkdir ki, Azərbaycanda kosmik sənaye var, bu isə artıq çox böyük fərqdir. Bu fərq bizi dünyanın əksər dövlətlərindən xeyli irəli çıxarır. Üstəlik, nəzərə almalıyıq ki, peyklərimizi idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir, onların da əksəriyyəti gənclərdir. Bu, ölkənin gələcək elmi-texnoloji inkişafına böyük bir təkandır". Əkrəm Həsənov deyib ki, müasir dünyada ən dəyərli resursun informasiya olması sirr deyil: "Üç peykimizdən ikisi bizim heç kimdən asılı olmadan, tam müstəqil şəkildə dünya rabitə məkanına çıxışımızı, həmçinin, öz televiziya verilişlərimizi (yəni informasiyamızı!) dünyaya yaymağımızı təmin edir. Bu, ölkənin informasiya təhlükəsizliyinin sözün hər iki mənasında yüksəyə qaldırılması deməkdir. Üç peykimizdən ikisi informasiya, biri isə həm də hərbi təhlükəsizliyimizin təmin edilməsində böyük rol oynayır. Obrazlı desək, AzerSky bizim kosmosdan düşməni izləyən gözümüzdür. Bu, yeri gələndə ölkəmizə elə bir hərbi üstünlük təmin etməyə qadirdir ki, heç nə ilə müqayisə edilə bilməz. Məhz bu cəhətdən baxanda, peykləri bizim öz mütəxəssislərimizin idarə etməs çox önəmli məqamdır". Əkrəm Həsənov onu da qeyd edib ki, "Azərspace 2" peykimizin orbitə çıxarılmasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilməsi çox simvolik addım idi: "Bu, o demək idi ki, 100 il əvvəl qurulan dövlətimiz indi Kosmosa qədər yüksəlib. Yüz il əvvəl ucalan bayrağımız indi Kosmosda planetin ətrafına fırlanır". Əkrəm Həsənov bildirib ki, bu hər bir azərbaycanlı üçün qürur mənbəyidir və xalqımızın hər bir nümayəndəsi bundan fərəh duymalıdır. Çünki Azərbaycan qısa müddət ərzində qeyd edilən uğurlara nail olub.
Süleyman