"Azerspace-2” peyki beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərəcək" - AÇIQLAMA
28 Sentyabr 2018 14:32 İqtisadiyyat"Azerspace-2" peykinin orbitə buraxılması Azərbaycanın imici baxımından, peyk ailəsində öz yerini möhkəmlətməsi baxımından əhəmiyyətlidir. Peyk həmçinin milli kosmik infrastrukturun inkişafı baxımından digər sahələrin, bu sahə ilə əlaqəli kadrların hazırlanması, elmin və innovasiyaların inkişafına, beynəlxalq əməkdaşlığın güclənməsinə ciddi təsir göstərəcək". Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Yeni telekommunikasiya peykinin orbitə buraxılmasının ölkəmizdə kosmik sənayenin inkişafı və dünyada mövqelərini möhkəmləndirməsi baxımından vacibliyini qeyd edən O. Gündüz söyləyib ki, Azərbaycan indiyə qədər orbitə çıxardığı peyklər vasitəsilə rabitə xidmətləri təklif edir, eləcə də böyük şirkətlərə, müxtəlif qurumlara, o cümlədən beynəlxalq təşkilatlara yerin səthi, araşdırmalar, geodeziya ilə bağlı müxtəlif əhəmiyyətli informasiyaları sata bilir, bu istiqamətdə əməkdaşlıq qura bilir.
Onun sözlərinə görə, orbitə çıxarılan peyklər qeyri-neft sektorunun inkişafı baxımından da mühümdür: "Hesab edirəm ki, gələcəkdə elmi və biznes yönümlü, yerin səthinin öyrənilməsi, eləcə də kəşfiyyat yönümlü peyklər istiqamətində işlər aparılacaq".
Xatırladaq ki, Azərbaycanın üçüncü peyki olan "Azerspace-2" telekommunikasiya peyki sentyabrın 26-da Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.
sia