Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını aradan qaldırır
Ölkəmiz orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir
28 Sentyabr 2018 13:52 İqtisadiyyatÖlkəmiz orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir
Azərbaycan hər ötən gün öz inkişaf və tərəqqisi ilə dünyanın diqqətini daha çox özünə cəlb edir, ona olan beynəlxalq səviyyəli marağı artırır. Tək bir deyil, müxtəlif, ayrı-ayrı sahələr üzrə əldə edilən nailiyyətlər, yeni uğurlara atılan imzalar Azərbaycanı nəinki Cənubi Qafqazın lider dövlətinə çevririb, eyni zamanda dünyanın aparıcı ölkələri sırasında yerini və mövqelərini möhkəmləndirib. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə əldə edilən uğurlara son illərdə daha biri əlavə edilib ki, o da telekoççunikasiya sahəsində qazanılan nailiyyətdir. Artıq bir neçə ildir ki, Azərbaycan bu sahədə də dünyanın aparıcı ölkələri ilə eyni sırada qərarlaşıb. Elə bu günlərdə sayca üçüncü peykimizin orbitə çıxarılması da bunun təsdiqi idi. Məlumat üçün qeyd edək ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Azərbaycan xalqına təbrik ünvanladı. Bunu əlamətdar hadisə kimi xarakterizə edən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müasir tariximizin önəmli layihələrindən biri olan "Azerspace-1" peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu "kosmik klub"a üzv seçildi. Onun sözlərinə görə, bu məqamda xatırlatmaq yerinə düşər ki, respublikamızda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma konstruktor bürosu" yaradılıb və burada kosmik tədqiqatların aparılmasına başlanılıb. Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayeyə də təsirsiz ötüşmədi, bu sahədə ixtisaslaşan kadrların ölkədən axınına, əldə olunan bilik və təcrübənin itirilməsinə gətirib çıxardı". Azər Verdiyev deyib ki, lakin 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda xaos və anarxiya aradan qaldırıldı, xarici və daxili düşmənlərin ölkəmizi parçalamaq, müstəqil dövlətimizi məhv etmək planları puça çıxarıldı, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, aparıcı dövlətlər tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması reallaşdı. İqtisadiyyatın dirçəldilməsinə başlanıldı. Elm sahəsinə diqqət və qayğı artırıldı. Azərbaycan Milli Elmlər Akademiyasının ləğvinin qarşısı alındı: "Dahi öndərimizin müdrik siyasətini son 15 ildə uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələrlə yanaşı, kosmik sənayenin yaradılmasına və inkişafına, informasiya texnologiyalarının yüksəlməsinə xüsusi önəm verib. Üçüncü peykimizin uğurla orbitə buraxılması, Azərbaycanın regional kosmik sənaye mərkəzinə çevrilməsi bunun parlaq ifadəsidir". İctimai Birlik sədri deyib ki, tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir: "Bu sahəyə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Çünki informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Bununla Azərbaycan, həm də telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını aradan qaldırır. Onu da bildirim ki, kosmik sənayedə əldə edilən nailiyyətlər ölkəmizin qeyri-neft sənayesinin davamlı inkişafına da böyük töhfə verəcək. Azərbaycan Prezidenti bu uğur münasibəti ilə xalqa ünvanladığı təbrikdə qeyd etdiyi kimi, qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilən respublikamız qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir, ölkəmiz dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Yeri gəlmişkən, bu gün respublikamızda müsbət göstəriciləri ilə diqqət çəkən "Azərkosmos" ASC-nin fəaliyyəti barədə də qısaca danışmaq istərdim. Adıçəkilən ASC qlobal peyk xidmətləri bazarı fonunda regional peyk operatorudur. Lakin peyk xidmətləri bazarında fəaliyyət göstərdiyi ötən müddət ərzində əlverişli mövqe qazana bilib. ASC-nin fəaliyyəti Strateji İnkişaf Planı əsasında qurulub, burada korporativ idarəetmənin ən son yenilikləri tətbiq edilib. Bütün bunların nəticəsi olaraq, "Azerkosmos" kommersiya fəaliyyətinə başladığı dövrdən ötən müddətdə peyklərin istismarından böyük həcmdə gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilib. "Azerkosmos" ASC-nin cari ilin birinci yarısında xidmət ixracını həyata keçirdiyi ölkələr sırasında Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan əsas yer alıb".
Azər Verdiyev deyib ki, "Azərkosmos" ASC fəaliyyət göstərdiyi dövrdə xarici iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirib, kosmik sahədə Azərbaycan və ABŞ arasında sıx əlaqələr yaradılıb. "Azerspace-1" və "Azerspace-2" peyklərinin ABŞ-ın kosmik sahədə aparıcı şirkətləri olan "Orbital Sciences Corporation" və "Space Systems/Loral" (SSL ) tərəfindən yüksək etibarlı platformalar əsasında istehsal olunması bunun bariz ifadəsidir.
Məhəmməd