AMEA ilə KTN arasında niyyət sazişi imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalama mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə KTN ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. KTN ilə birgə innovativ layihələrin icra olunacağını vurğulayan AMEA rəhbəri qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat institutlarında istehsalat-təcrübə imkanlarından yararlanmaq üçün geniş şərait yaradılacaq. Bundan başqa, AMEA və KTN-nin təcrübə sahələrində birgə nümunəvi təsərrüfatların yaradılması imkanları da araşdırılacaq.

Sonra çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər dövlət başçısının Azərbaycanda qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahədə həyata keçirilən islahatların ilkin təhlili göstərir ki, bu sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşmasına zərurət var. Kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin rəqabət qabiliyyətinin yüksəldilməsinin vacib olduğunu deyən nazir vurğulayıb ki, bunun üçün ümumi hədəfə doğru əməkdaşlıq olduqca vacibdir. İnam Kərimov bu səbəbdən imzalayacaq əməkdaşlıq haqqında Niyyət Sazişinə böyük əhəmiyyət verdiyini qeyd edib.

Sonda AMEA ilə KTN arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması, aqrar elmin təşkili və birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsi, yerli və beynəlxalq qrant müsabiqalərinin təşkili də nəzərdə tutulur. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və kənd təsərrüfatı naziri İnam Kərimov imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31