Valyutadəyişmə məntəqələrinin fəaliyyəti niyə bərpa olunmur?

2016-ci ilin əvvəllərində qapadılan valyuta dəyişmə məntəqələrinin fəaliyyətə başlanması ilə bağlı qanunverici aktın qəbul edilməsindən 1 il və eləcə də bu məntəqələrin işləmə mexanizmlərinin müəyyənləşdirilməsindən yarım ildən çox zaman keçməsinə baxmayaraq hələ də valyuta satışı ilə yalnız banklar məşğul olur. Maraqlıdır, belə vəziyyətin yaranmasına səbəb nədir? İqtisadçı ekspert Vüqar Bayramov deyib ki,  2016-cı ildə qeyd etdildiyi kimi, bütün valyuta dəyişmə məntəqələrinin bağlanması düzgün addım deyildi. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, bu məntəqələrin o zaman bağlanması 6 min iş yerinin qapanmasına səbəb oldu. İkincisi, valyuta dəyişmə məntəqələrinin yenidən formalaşmamasının əsas səbəbi bu obyektlərin yaradılması üçün tələb olunan depozitin məbləğinin kifayət qədər böyük olmasıdır: "Belə ki, valyuta dəyişmə məntəqəsi yaratmaq üçün girova ehtiyac var. Lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 000 manat və 50 000 dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta dəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Əvvəllər də qeyd etdiyimiz kimi, belə yüksək deposit rəqəminin necə hesablandığı aydın deyil".

Onun bildirdiyinə görə, valyuta dəyişmə məntəqəsinin açılması üçün 500 manat da dövlət rüsumu tələb olunur: "Halbuki, bu prosesə kiçik və orta sahibkarlar cəlb edilməlidir və onların da belə böyük məbləğdə vəsaiti passivləşdirməsi yəni, istifadə edə bilməməsi anlaşılan deyil. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti üçün təklif edilən yerlər də sahibkarlar üçün heç də münasib olmadı. Mövcud qaydalar çərçivəsində tələblər kifayət qədər ağır olduğu üçün sahibkarlar tərəfindən bəzi hallarda belə yerlərin tapılması ilə bağlı çətinliklər yaranır. Bu da təbii ki, valyutadəyişmə məntəqələrinin açılmasını uzadır. Təbii ki, məntəqələrin açılmasını gecikdirən digər əhəmiyyətli məqam valyuta bazarında aktivliyin aşağı olmasıdır. Bütövlükdə valyuta bazarında əvvəlki dövrdən fərqli olaraq məzənnənin demək olar ki, dəyişməməsidir. Bu hal isə valyutadəyişməsi ilə məşğul olanlar üçün rentabelliyi azaldıb. Lakin bütün hallarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına ehtiyac var. Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir. Eyni zamanda məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar.Valyuta dəyişmə məntəqələrinin fəaliyyətə başlaması üçün nələrin edilməsinə ehtiyac var? Əvvəlla, valyuta dəyişmə məntəqəsinin yaradılması üçün yalnız dövlət rüsumunun tələb olunması və depozit məbləğinin ləğv edilməsi məqsədə uyğundur. Depozitin tamamən ləğv edilməsinə ehiyac var. İkincisi, valyuta dəyişmə məntəqələrinin formalaşması nexanizmlərinin yumşaldılmasına və xüsusən də yer, sahə və digər texniki kriteriyalar üzrə daha yüngül şərtlərin tətbiqinə ehtiyac var. Üçüncüsü, xarici valyutanın alqı-satqısının daha da liberlaşması vacibdir".

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda bir sıra bankların bağlanması sözügedən məsələnin gerçəkləşməsində əhəmiyytli dərəcədə rol oynamışdı. Bu günlərdə isə Azərbaycanda bəzi bankların bağlanmasının səbəbləri açıqlanıb. Məlum olub ki, dünya bazarlarında 2014-cü ildən neftin qiymətinin kəskin azalması nəticəsində makroiqtisadi şəraitin dəyişməsi, işgüzar aktivliyin zəifləməsi bankların kredit portfelinin keyfiyyətini pisləşdirib və itkilərə səbəb olub. Eyni zamanda, banklarımızın xarici bazarlara çıxış imkanları pisləşib, daxili yığım mənbələri isə daralıb. Bir tərəfdən, aktivlərin dəyər itirməsi, xarici valyutadakı kredit və depozitlərin qaytarılmasında yaranmış çətinliklər, digər tərəfdənsə, banklara və milli valyutaya inamın azalması bir sıra bankların sektoru tərk etməsinə səbəb olub, digərlərinin isə iqtisadi fəallığını zəiflədib.  Həm depozitlərin, həm də kreditlərin dinamikasında geriləmə baş verib. Ümumi iqtisadi fəallığın səngiməsi bank sektoruna təsirsiz ötüşməyib, problemli (qaytarılma vaxtı keçmiş) kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi 2014-cü ilin sonundakı 5,3%-dən 2017-ci ilin ortalarında 14,1%-ə qalxıb. Banklar əməliyyat xərclərini azaltmaq məcburiyyəti ilə üzləşiblər. 2017-ci ildə həm bank filiallarının, həm də bankomatların sayında azalma qeydə alınıb. Bank sektorunda çalışanların sayında da azalma baş verib.

"2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda qeyd edilir ki, yaranmış vəziyyətdə sektorun maliyyə dayanıqlığı bərpa olunmalıdır. Bu zaman bankların kapitalizasiyası, likvidlik və problemli aktivlərin həlli məsələsi  diqqət mərkəzində saxlanılmalıdır. Onu da qeyd edək ki, "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə bankların sağlamlaşdırılması və rentabelliyinin yüksəlməsi üçün kompleks tədbirlər nəzərdə tutulub.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31