Bəzi şəxslər vergi orqanlarında uçota durmadan fəaliyyət göstərirlər

Bu, dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına səbəb olur

Bu, dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına səbəb olur

Dünyada uçot-qeydiyyat sistemində baş verən mütərəqqi yeniliklərin öyrənilməsi və ölkəmizin milli vergi sistemində tətbiq edilməsi əsas prioritetlərdəndir. Uçot-qeydiyyat məlumat bazasının aktuallığının təmin olunması istiqamətində vergi ödəyicilərinin də üzərinə müəyyən vəzifələr düşür. Vergi orqanına təqdim etdikləri ərizə məlumatlarında hər hansı dəyişiklik olarsa, bu barədə vergi ödəyiciləri qeydiyyatda olduqları vergi orqanına məlumat verməlidirlər. Xüsusilə aidiyyəti məlumatların departamentdaxili dövriyyəsi vergi nəzarətinin təkmilləşdirilməsinə şərait yaradır. Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin funksional tabeliyindəki strukturlar tərəfindən həm sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və uçotu prosesi təşkil olunur, həm də uçot-baza məlumatlarının təhlili aparılır. Bəs uçot-qeydiyyat sistemindəki dəyişikliklər sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə məlumat bazalarının dürüstləşdirilməsinə necə təsir göstərir? Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib ki, bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot-baza məlumatlarının dürüstləşdirilməsi ilə bağlıdır. Hər şey vergi ödəyicilərinin düzgün uçot məlumatlarından başlayır: "Təsadüfi deyil ki, bir sıra hallarda vergi ödəyicilərinin uçot-baza məlumatları ilə faktiki uçot məlumatları arasında olan kənarlaşmalar vergidən yayınma risklərinin müəyyən edilməsində və vergi nəzarəti tədbirlərinin düzgün seçilməsində öz mənfi təsirini göstərir. Əsas məqsəd uçot-məlumat bazasında şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında əlverişli mühitin formalaşdırılmasına yönəldilməsidir. Hazırda departamentin fəaliyyətinin əsas istiqamətlərindən biri uçot-qeydiyyat sisteminə təhlil əsaslı nəzarətin həyata keçirilməsidir. Vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), NKA-ların, bank hesablarının və POS-terminalların uçota alınması, vergitutma bazasının genişləndirilməsi, uçot bazasının təkmilləşdirilməsi və baza məlumatları ilə vergi ödəyicilərinin faktiki vəziyyəti arasında olan kənarlaşmalar aşkar edildikdə müvafiq tədbirlərin görülməsi, baza məlumatlarının aktuallığının təmin edilməsi istiqamətində Vergi Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq vergi nəzarəti aparılır. Uçot-qeydiyyat məlumat bazalarında olan uyğunsuzluqların (risklərin)  müəyyən edilməsi iki formada: müəyyən edilmiş risk meyarlarına uyğun fərdi qaydada təhlillər aparılmaqla və Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə elektron qaydada avtomatik olaraq müəyyən edilməklə həyata keçirilir. Artıq bir sıra istiqamətlərdə təhlillər aparılıb, uçotdan yayınan şəxslər müəyyənləşdirilib və qanunvericiliyə müvafiq işlərin görülməsi üçün vergi orqanlarına təqdim edilib. Təhlillər nəticəsində müəyyən olunub ki, 2016-2018-ci illərdə lisenziya əldə etmiş bir sıra təsərrüfat subyektləri vergi orqanlarında uçotdan yayınıb. Uçotda olan təsərrüfat obyektlərini icarəyə verən bəzi vergi ödəyicilərinin də uçot məlumatlarında uyğunsuzluqlar aşkarlanıb. Dövriyyənin düzgün göstərilməməsi, vergidən yayınma və ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyinin yaranmaması naminə bir neçə kommersiya hüquqi şəxs təsis edilməsi faktları da aşkarlanıb. Belə faktlar üzrə aparılan təhlillərin nəticələri müvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyinin aidiyyəti strukturlarına təqdim olunub". Onun bildirdiyinə görə, təhlillər göstərir ki, eyni fiziki şəxslər dəfələrlə vergi orqanlarına müraciət edərək fəaliyyətlərinin dayandırılması müddətlərini uzadaraq özlərini passiv saxlayırlar. Bu isə ərazilər üzrə vergi ödəyicilərinin faktiki sayının müəyyən olunmasında, təhlillərin aparılmasında çətinliklər yaradır: "Problemin aradan qaldırılmasına nail olmaq məqsədilə beynəlxalq təcrübə öyrənilərək fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır. Bundan başqa, NKA-nın vergi orqanlarında qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosedurlarının təkmilləşdirilməsi sahəsində də işlər aparılır. Son zamanlar bir şəxsin bir neçə hüquqi şəxsin təsisçisi və rəhbəri olaraq qeydiyyatdan keçməsi hallarına rast gəlinir ki, bu da bəzi fırıldaqçılara vergidən yayınmaq üçün "münbit" şərait yaradır. Belələri insanları iş yeri, əməkhaqqı və gəlir mənbəyi ilə şirnikləndirməklə onların elektron imzasından istifadə edərək yeni hüquqi şəxslər yaradır və fırıldaqçı əməllərinin əhatə dairəsini genişləndirir. Vəziyyətdən çıxış kimi, bu sahədə qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində işlər görülür". O, bildirib ki, son dövrlər vergi sistemində həyata keçirilən islahatlar vergilərin yığılmasından könüllü ödəməyə keçidin sürətləndirilməsini, vergi yoxlamalarının səmərəliliyinin artırılmasını, sahibkarlar tərəfindən aparılan əməliyyatların tam həcmdə və düzgün bəyan olunması yolu ilə şəffaflığın təmin edilməsini, düzgün uçot sisteminin formalaşdırılmasını tələb edir: "Bu istiqamətdə müəyyən müsbət nəticələr əldə olunsa da, hələ də bəzi şəxslər vergi orqanlarında uçota durmadan, vergi ödəmədən fəaliyyət göstərirlər. Bu isə ciddi qanun pozuntusu olmaqla yanaşı, ədalətli rəqabət mühitinin pozulmasına, dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına səbəb olur. Aparılan təhlillər göstərir ki, belə hallara böyük həcmli dövriyyələrə malik satış yerlərində, inşaat materialları bazarlarında daha çox rast gəlinir. Bununla əlaqədar vergilər nazirinin müvafiq əmri ilə "İnşaat materialları bazarlarında vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidən yayınma hallarının qarşısının alınması ilə bağlı Tədbirlər Planı", "İnşaat materialları bazarlarında vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğulolma və vergidən yayınma hallarının qarşısının alınması üzrə işlərin təşkilini əks etdirən Proseslər Xəritəsi" təsdiq edilib. Qeyd olunan sənədlərə uyğun olaraq müvafiq işlər həyata keçirilir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31