"Azerspace 2”nin orbitə buraxılması Azərbaycanın növbəti uğurudur" - MÖVQE
27 Sentyabr 2018 11:47 İqtisadiyyat"Artıq Azərbaycanın 3 peyki olan "Azerspace 2"nin orbitə buraxılması çox sevindirici haldır. Bunu dövlətimizin növbəti uğuru kimi qiymətləndirə bilərik".
Bu fikirləri "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Azərbaycanın artıq kosmik dövlətə çevrildiyini deyən baş redaktor söyləyib ki, hər bir ölkə bu imkanlara malik deyil: "Orbitdə peyk saxlamaq yalnız güclü dövlətlərə xas olan xüsusiyyətdir. Azərbaycanın da artıq güclü dövlət sırasına qatıldığını nəzərə yetirdikdə, ölkəmizin orbitə peyk buraxması onun iqtisadi gücünün növbəti göstəricisidir".
Azərbaycanın əldə etdiyi uğurlarının konkret nəticələrə söykəndiyini deyən baş redaktor söyləyib ki, ölkəmizin orbitə buraxdığı 2 peyk artıq kommersiya baxımından da özünü doğruldub: "Azərbaycanın peykləri onlara qoyulan vəsaitin artıqlamasını çıxararaq, artıq ölkəyə gəlir verməyə başlayıblar. Eyni zamanda üçüncü peykimizin imkanlarının 50 faizə qədər orbitə buraxılmamışdan əvvəl satılıb. Bu baxımdan deyə bilərik ki, orbitə buraxılan peyklər kommersiya baxımından Azərbaycana gəlir gətirmək əzmindədir".
İ.Quliyev qeyd edib ki, orbitə buraxılan peyklərin informasiya təhlükəsizliyi baxımından da böyük əhəmiyyət kəsb etməsi böyük dövlətlərin marağındadır: "Bilirsiniz ki, müasir dövrdə informasiya təhlükəsizliyi çox ciddi faktora çevrilib. Dövlətlər özlərinin milli təhlükəsizliyini qorumaq üçün ilk növbədə informasiya təhlükəsizliyinin təmininə üstünlük verirlər. Bu baxımdan Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb".
Baş redaktor əlavə edib ki, peyklər müşahidələrin aparılması baxımında da ölkəyə üstünlük verir: "Bildiyiniz kimi peyklər dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müharibə şəraitində olan bir ölkə olduğunu nəzərə alsaq, bu baxımdan orbitdə peykimizin olması bizə əlavə üstünlüklər verir. Ümumilikdə götürsək, Azərbaycanın növbəti peykinin orbitə buraxılması təqdirdirə layiq addımdır. Hesab edirəm ki, yaxın gələcəkdə "Azərkosmos"un imkanları daha da genişlənməli, ölkəyə valyuta gətirən biznes şəbəkəsinə çevrilməlidir. Biz imkanlarımızdan mümkün qədər daha çox faydalanmalıyıq".
sia