"Yeni peykin orbitə buraxılması ölkəmizin qeyri-neft sektorunun inkişaf etmiş sahəsini daha da mükəmməlləşdirdiyini sübut edir" - Deputat
26 Sentyabr 2018 16:15 İqtisadiyyat"Azərspace-2 peykinin orbitə buraxılması Azərbaycanın iqtisadi və siyasi nüfuzu üçün böyük nailiyyətdir".
Bu sözləri Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki platformasında "Azerspace-2" peykinin orbitə buraxılması barədə danışarkən millət vəkili Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycan kosmik ölkələr sırasına daxildir və dünyada az sayda ölkələr bu statusa malikdir:
"Azərbaycan artıq 3-cü peykini buraxır. Yaxın gələcəkdə elmin ən böyük nailiyyətinə malik olan bu sahəyə tələbat daha çox artacaq. Yeni peykin orbitə buraxılması iqtisadiyyatımıza da müsbət bəhrəsini verəcək. Eyni zamanda bu hadisə bizim müdafiə qüdrətimizi artıracaq".
Millət vəkili deyib ki, "Azərspace-2" peykinin orbitə buraxılması ölkəmizin qeyri-neft sektorunun inkişaf etmiş sahəsini daha da mükəmməlləşdirdiyini sübut edir: "Bu da ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyanın ən yüksək mərhələsidir. Mərkəzi Asiya və digər ölkələr bu peyk vasitəsilə fizika xidmətlərindən istifadə edir. Bu isə sırf valyuta ilə aparılan əməliyyatlardır və ölkəyə valyuta gətirən ən perpektiv sahələrdən biridir".
sherg.az