Hansı halda torpaq üzərində mülkiyyət hüququ tanına bilər?

Texniki pasport torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas sayıla bilərmi?

Texniki pasport torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas sayıla bilərmi?

Tikintisində qanunsuzluğa yol verilən ev və obyektlərin sökülməsi yenidən gündəmdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə də torpaqlardan düzgün istifadə, qanunsuz tikintilərin qarşısının alınmasının vacibliyini vurğulayıb və bununla əlaqədar ciddi tədbirlərin görülməsi barədə aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib.  Bu tapşırıqların icrası ilə əlaqədar müvafiq qurumlar  tərəfindən kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır. Monitorinqlər zamanı bir sıra hallarda mühafizə zolaqlarında, magistral yollarda, yaşıllıq zonalarında, o cümlədən, qaz, neft, su, elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlardan qeyri-qanuni istifadə olunmaqla, özbaşına tikinti işlərinin aparılması faktlarına rast gəlinir. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, təkcə may ayında aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib. Ümumilikdə isə respublika üzrə kommunikasiya xətləri və mühafizə zolaqlarında yerləşən torpaqların istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib. Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, inşa edilən fərdi evlərin mütləq çoxluğunun yerləşdiyi torpaq sahəsinin texniki pasportu belə yoxdur. Məhz bu səbədən sözügedən evlərin özəlləşdirilməsi müşkül məsələyə çevrilib. Bəs, texniki pasport torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsas sayıla bilərmi? Hüquqşünas Alim Hüseynli bildirib ki, texniki pasport aşağıdakı 2 halda torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi üçün əsas sayılır: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Bu sənəd də Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.4-cü bəndində öz əksini tapmışdır.

Onun sözlərinə görə, hazırda satışa çıxarılan həyət evlərinin böyük əksəriyyətinin mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Odur ki, b cür evlər alındıqda bir sıra  problemlər meydana çıxır: "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması həmin hüququn dövlət tərəfindən tanınması və təsdiq edilməsi deməkdir. Buna əsasən məlum olur ki, çıxarışı və ya qeydiyyat vəsiqəsi olmayan şəxsin mülkiyyət hüququ dövlət tərəfindən tanınmamış və təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yəni, bir şəxs ona məxsus olan əmlakı satmaq istəyirsə, onun üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmalıdır. Buna əsasən, çıxarışı və ya qeydiyyat vəsiqəsi olmayan şəxsin həmin evi satması qanunvericiliyin tələblərinə uyğun deyildir".

O,bildirib ki, ölkədə yaşayış evlərinə çıxarışın verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı yeni qanun qəbul olunub. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.1-ci maddəsi yeni redaksiyada verilib: "Yeniliyə görə, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olduqda yaşayış evinə çıxarışın verilməsi mümkün hesab olunur. Bu o deməkdir ki, icarədə və ya istifadədə olan torpaq sahəsində 2013-cü il yanvarın 1-dək inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə çıxarışın alınması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: Həmin torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı.

Xüsusi mülkiyyətdə olan torpaq sahəsində 2013-cü il yanvarın 1-dək inşa edilmiş, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə çıxarışın alınması prosesi də sadələşdirilmişdir. Belə ki, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə çıxarışın alınması üçün yalnız 1 sənəd - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmalıdır. Yəni, evə dair hər hansı sənədə ehtiyac yoxdur. Amma burada diqqət yetiriləsi bir məqam vardır. Torpaq sahəsinin məqsədli təyinatı yaşayış evinin tikintisi üçün nəzərdə tutulmalıdır. Başqa sözlə, yuxarıda qeyd edilən dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda və ya sənaye təyinatlı torpaqlarda tikilən yaşayış evlərinə şamil edilmir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31