Azərbaycanlı sahibkarlar İsveçrəyə gedəcək

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb. ASK-dən "OLAYLAR"-a bildirilib ki, görüşdə gələn ilin yanvar ayının sonunda İsveçrədə keçiriləçək Dünya İqtisadi Forumdan əvvəl və ya sonra Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçirilməsi məsələsi müzakirə edilib. Bu iclasda hər iki ölkənin rəsmiləri, həmçinin İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərinin iştirakı gözlənilir. ASK-nın fəaliyyəti haqqında geniş məlumat verən ASK prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.

Bildirib ki, Azərbaycanda investisiya yatırmaq üçün çox gözəl imkanlar var. İsveçrəli sahibkarları bu imkandan istifadə edə bilərlər. İsveçrəli məhsullar xüsusən saatları, süd məhsulları, şokoladları, dərmanları hər zaman öz keyfiyyəti ilə seçildiyi üçün bizdə çox məşhurdur. ASK sədri deyib ki, gələn ilin yanvarında azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə qeyd edilən iclasda iştirak edəcəyik.

Səfir bildirib ki, hazırda Azərbaycanda İsveçrənin "Holcim", "Novartis Pharma Services AG", "Roche" və digər şirkətləri fəaliyyət göstərir, iki ölkə arasında iqtisadi əməkdalığın gücləndirilməsi nəticəsində gələcəkdə bu şirkətlərin sayının artacağına ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31