Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25 Sentyabr 2018 13:53 İqtisadiyyatDövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır."Olaylar" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük İslahatları və Modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib. O, bildirib ki, bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır. Komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara "Gömrük-Biznes", "Gömrük-Hökumət", "Gömrük-Gömrük" daxildir. Sədr müavini gömrüyün fəaliyyətində dördüncü bir istiqamətin isə "Gömrük-Media" olmasını istədiyini qeyd edib. İqbal Babayev elektron ticarət nəticəsində yığılan rüsumların məbləğini də açıqlayıb. Deyib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.
O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığılıb. İ.Babayevin sözlərinə görə, artıma səbəb bu istiqamətdə aparılan ardıcıl islahatlardır: "Hazırda komitə 3 istiqamətdə islahatlar aparır. Əsas məqsəd rüşvət və korrupsiyanın qarşısını almaqdır. İslahatlar beynəlxalq standartlara uyğun həyata keçirilir".