ABA Rəyasət Heyətinin iclasında nələr müzakirə edilib?

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib."Olaylar" xəbər verir ki, iclas zamanı bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə banklar tərəfindən ABA-ya ünvanlanmış təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılıb. İclasda eyni zamanda ABA-nın yeni vitse-prezidenti seçilmişdir. Belə ki, ABA-nın vitse-prezidenti Xalid Əhədovu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov əvəz edib. İclasda ABA-nın nəzdində yeni yaradılmış "Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu"nun sədri təyin edilib. Ekspert Qrupunun yaradılmasında məqsəd risklərin idarə edilməsi sahəsində yeni çağırışlar və qabaqcıl təcrübələrin öyrənilməsi, bu təcrübələrin yerli bank sisteminə tətbiqi imkanlarının araşdırılıması, tənzimləyici və nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, risklərin idarə edilməsinə dair müxtəlif normativ sənədlərin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanmasıdır. Ekspert Qrupuna sədr "Azərbaycan Beynəlxalq Bankı" ASC-də İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov təyin edilib. Həmçinin iclas zamanı yeni yaradılmış digər Qrupun- "Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu"nun yaradılması və qrup sədri təyin olunub. Ekspert Qrupuna "Bank VTB (Azərbaycan)" ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov sədr təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31