Məcburi köçkünlərə torpaq ayrılması qaydaları dəyişdirilir

Məcburi köçkünlərə torpaq sahələrinin ayrılması, kredit verilməsi və texniki yardımlar göstərilməsi ilə bağlı qaydalara dəyişiklik edilir.

"Olaylar"ın məlumatına görə, bununla bağlı "Torpaq bazarı haqqında" qanunun 6-cı maddəsinə dəyişiklik təklif olunur. Dəyişikliyə görə, məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı sahələrin verilməsi "Torpaq icarəsi haqqında" qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Məlumat üçün bildirək ki, "Torpaq icarəsi haqqında" qanunun 10-1-ci maddəsində (Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri) aşağıdakılar qeyd edilib: Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra - ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31