Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, qida, kənd təsərrüfatı, sənaye, tikinti və maliyyə sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş  adamı və şirkət təmsilçiləri iştirak edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, iclasda çıxış edən Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Səməd Qurbanov qeyd edib ki, 2016-cı ildə yaradılan Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Bununla belə, mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək. Sonra  Azərbaycan-Rusiya İşguzar Şurasının  rəsmi internet saytı və loqosunun  təqdimatı keçirilib.Tədbirdə iş adamlarının çıxışları dinlənib, Şuranın fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31