“Azəriqaz” İB-nin xidmətləri Səyyar ASAN xidmətdə
19 Sentyabr 2018 11:29 İqtisadiyyat14 avqust 2018-ci il tarixindən etibarən Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Sabunçu rayonu Zabrat qəsəbəsində səyyar formada xidmətlər həyata keçirilir. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsi ilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin edilir. (Zabrat qəsəbəsində İcra nümayəndəliyi binasının yanında xidmətin müddəti 29.09.2018 tarixədək davam edəcək) 02.10.2018 tarixdən isə Ramana qəsəbəsində xidmət göstəriləcək.
İstehlakçılar bu layihə çərçivəsində itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.
Əsas hədəflərdən biri də regionlarda açılacaq "ASAN Kommunal" Mərkəzlərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış "Səyyar ASAN" avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılacaq.
Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd "Azəriqaz" İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.