Çin məhsullarına 10 faizlik gömrük vergisi nə vəd edir?

Vüqar Bayramov: "ABŞ-ın yeni gömrük vergi siyasəti 2020-ci ildə yeni qlobal böhrana səbəb ola bilər"

ABŞ ilə Çin arasındakı danışıqlar yenidən gərgin mərhələyə qədəm qoyub. Belə ki, Tramp Administrasiyası gələn il 200 milyard dollarlıq Çin məhsullarına 10 faizlik gömrük vergisi tətbiq etmək niyyətindədir. Bunun dünya bazarı, o cümlədən Azərbaycan üçün təsiri nədən ibarətdir? İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, ABŞ-ın Çin məhsullarına tətbiq edəcəyi vergi Asiyanın aparıcı iqtisadiyyatı üçün 0.7 faizlik mənfi təsir deməkdir: "Rəsmi Pekin cavab addımları haqda düşünür. Bununla belə, reallıq bundan ibarətdir ki, Tramp adiminstrasiyasının yeni gömrük vergi siyasəti 2020-ci ildə yeni qlobal böhrana səbəb ola bilər. Belə ki, Ağ Ev Çin ilə yanaşı həmçinin öz müttəfiqləri olan Kanada və Avropa Birliyinə də yeni vergilər tətbiq edir. İldə 162.2 milyard dollarlıq neft idxal edən Çin qlobal neft tələbinin 18.6 faizini formalaşdırır. Bu isə o deməkdir ki, Çin iqtisadiyyatının zəifləməsi neftə olan tələbin də azalmasına gətirib çıxaracaq. Qlobal ticarət müharibəsinin digər tərəfində olan ABŞ isə 139.1 milyard dollarlıq neft idxalı ilə bazara çıxarılan ümumi "qara qızıl"ın 15.9 faizini alır. Qlobal böhranın baş verəcəyi halda yenidən neftə tələb azalacaq və bu da 2020-ci ildə "qara qızıl"ın qiymətində enişlə müşahidə ediləcək. Digər tərəfdən, şist neft hasilatındakı artım fonunda OPEK + neft hasilatının gündəlik 1 milyon barel artırılması ilə bağlı bu yaykı qərarının davamı olaraq yenidən hasilatın çoxaltmağı düşünür. Bunlar isə neft bazarı üçün qiymət baxımından yaxşı nə isə vəd etmir. Bu arada Rusiya Mərkəzi Bankının sədri də neftin 1 barelinin qiymətinin yaxın 2 ildə 55 dollaradək azalacağı ilə bağlı proqnozunu bölüşüb. Qlobal ticarət müharibləri və neft hasilatının artırılması fonunda yeni "neft şokunun" yaranması riskləri güclənməkdədir".

Ekspert qeyd edib ki, son vaxtlar Azərbaycan banklarının əmanət və kredit faizləri arasındakı fərq son aylar daha daha dərinləşməkdədir: "Belə ki, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif edirlər. Bəzi banklarda hətta avro depozitləri dividendsiz qəbul olunur. Manat əmanətləri də cəlbediciliyi itirməkdədir. İllik əmanətlər 7 faiz gəlir gətirir. Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldiblər. Mərkəzi Bank Azərbaycan üzrə orta kredit faizinin 11.9 faiz olduğunu açıqlamasına rəğmən sistem əhəmiyyətli banklarda apardığımız statistik monitorinqlər göstərir ki, gündəlik tələbat kreditləri üzrə faizlər orta hesabla 29 faizdən az deyil. Bu isə o deməkdir ki, bank vətəndaşdan 7 faizlə aldığı manatı digər vətəndaşımıza 4 dəfə baha faizlə kredit formasında təklif edir. Xarici valyutalar üzrə isə daha yüksək fərq müşahidə edilməkdədir". Onun bildirdiyinə görə, Mərkəzi Bankın rəsmi statistikasına əsasən bu ilin iyul ayında banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki aya nisbətən 8 milyard 109 milyon manatdan 8 milyard 49 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, depozit portfelində aylıq 60 milyon manat azalma qeydə alınıb. Kredit qoyluşlarının 12 milyard 170 milyon manat olduğunu nəzərə alsaq fiziki şəxslər üzrə əmanət portfeli ümumi kreditləşmənin 66 faizindən çoxunu təşkil edir. Belə olan halda isə, əmanət faizləri ilə kredit faizləri arasındakı bu uçrumu izah etmək çox çətindir: "Əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlara da marağın azalmasına gətirib çıxaran səbəblərdəndir. Bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də bu heç də yüksək kredit faizləri üçün əsas ola bilməz. Kreditlərin yüksək faizi bankların risklərini sığortalamır, əksinə onlar üçün yeni risklər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir. Belə ki, Mərkəzi Bankın statistikasına görə, bu ilin may ayında 1 milyard 710 milyon manat olan problemli kreditlərin həcmi iyunda 1 milyard 745 milyon manata, iyulda 1 milyard 782 milyon manatadək yüksəlib. Deməli, uzun müddət davam edən yüksək bank faizləri fonunda problemli kreditlərin də həcmində artımlar müşahidə edilir. Qeyd edək ki, problemli kreditlərin artımı yalnız xarici valyuta deyil, həmçinin manat kreditlərin də də müşahidə edilir.Göründüyü kimi, kredit faizlərinin tənizmlənməsi üçün liberal iqtisadi qanunlar çərçivəsində həm Mərkəzi Bank, həm da Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən prosesə müdaxilə edilməsi vacibdir. Bank sektorunda rəqabətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsinə ehtiyac var".

V.Bayramov onu da qeyd edib ki, Türkiyə Mərkəzi Bankı uçot stavkasının 24 faizədək yüksəldilməsi ilə bağlı qərar qəbul edib. Bu son 15 ildə ən yüksək uçot stavkasıdır: "Türkiyədə uçot stvakası 2009-2017-ci illər arası hətta bir rəqəmli səviyyədə qorunub saxlanılıb. Mərkəzi Bankın qərarından sonra lirə az da olsa dəyər qazana bilib. Belə ki, dünən 1 dollar almaq üçün 6.4 lirə ödəmək lazım idisə hazırda bu göstərici 6.1-dək dəyişib. Amma uçot stavkasının kəskin atımı lirəini qısa müddətli dövrdə qoruya bilər, orta və uzun müddətli dövrdə Türkiyə pulunu xilas etmək üçün isə həm iqtisadi, həm xarici siyasətdə dəyişikliklərin edilməsi vacibdir. Tütkiyə ötən ili 67.7 milyard dollarlıq xarici ticarət defisiti ilə başa vurub. Aydındır ki, "İphone" telefonlarında sındırmaqla bu defisit qapamaq mümkün deyil. Bunun üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində islahatların genişləndirilməsi ilə yanaşı, həmçinin Qərb və xüsusən də ABŞ ilə münasibətləri normallaşdırılması çox vacibdir. Əks halda uçot stavkasının artırılması Türkiyənin valyuta bazarında sadəcə nisbi sakitlik yaradacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31